"Xalq öz ordusuna inanır, onun gücünə güvənir" - DEPUTAT MÖVQE BİLDİRDİ

“103 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından qısa bir vaxt sonra yaradılmış Azərbaycan Milli Ordusu çətin və şərəfli yol keçib. Silahlı Qüvvələrimiz 103-cü il dönümünü böyük ruh yüksəkliyi, Vətən müharibəsində qazandığı böyük nailiyyətlərlə qarşılayır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.

Onun sözlərinə görə, Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, doğma el-obalarına sadiqdirlər: “Bu ilki bayramda bütün hərbçilərimizdə xüsusi ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hisləri daha yüksək və möhkəmdir. Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bunu İkinci Qarabağ müharibəsində daha yaxşı gördük”.

“Azərbaycan əsgəri bütün çətin şəraitdə vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirdi, Ulu Öndərimizin ideyalarına sadiq, Vətənin hər bir çağırışına hər an hazırdır. Bu gün xalq ilə ordunun sağlam və güc birliyi yaranıb. Xalq öz ordusuna inanır, onun gücünə güvənir. Şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub”.

Deputat sözlərinə belə davam edib: “Ordumuz düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi.

Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcəkdir”.

“Qəhrəman Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı azad edib, xalqımızın şərəfli qəhrəmanlıq tarixini yenidən yazdı. Xalqımız qüdrətli Azərbaycan əsgərinin millətimizə tarixi qələbə sevinci yaşadacağına bütün varlığı ilə inanırdı və o, bu müqəddəs günü səbirsizliklə gözləyirdi və bu da reallaşdı”.

“26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə hərbçiləri təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinə uğurlar arzulayıram”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə