Ermənistanda "köhnə qvardiya" sarsıdıcı bir məğlubiyyətlə qarşılaşdı və bu adamlar bunu həzm etmək məcburiyyəti qarşısındadırlar. Robert Koçaryan və Serj Sarkisyan 20 iyun tarixində keçirilən növbədənkənar parlament seçkilərində rüsvayçı məğlubiyyətlə üzləşdilər ki, bu, yəni seçkilərdə aşağı nəticə göstərmələri xalqın onlara münasibətinin təzahürü və isbatıdır. Keçmiş prezidentlərin hər ikisi onlara “rədd” cavabı verildiyinin fərqindədirlər və üzləri olsaydı bundan sonra adam içinə də çıxa bilməzdilər, amma utanmazlardan, həyası, abırı olmayanlardan bunu gözləməyə dəyməz.
Ermənistanda dünən keçirilən səsvermənin nəticəsi əslində Nikol Paşinyanın gözlədiyi, daha doğrusu istədiyi kimi oldu və seçicilərin əksəriyyəti Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hökuməti dəstəklədi. Beləliklə, səslər hesablandıqdan sonra, “Vətəndaş müqaviləsi” - 71, “Ermənistan” bloku - 29 və “Mənim şərəfim var” bloku - 7 yer olmaqla, Milli Məclisin yeni çağırışındakı mandatların paylanacağı nisbət məlum olur. Bu isə Nikol Paşinyanın eyni ilə 2018-ci ildə olduğu kimi, yenidən hökumətini istədiyi kimi qura biləcəyini göstərir.
Ən maraqlı məqam ondan ibarətdir ki, son günlərə qədər erməni cəmiyyəti hay-küy salırdı ki, guya Ermənistan seçicisi Nikol Paşinyanı birmənalı şəkildə rədd edəcək, seçməyəcək. Amma, bunun əksi müşahidə edildi. Paşinyanın əvəzinə "köhnə qvardiya", yəni, Koçaryana və Sarkisyana rədd cavabı verildi, köhnə rejimlərə artıq heç yer olmadığı bir növ bəyan edildi. Təkcə erməni cəmiyyəti üçün deyil, elə hamı üçün maraqlıdır ki, görəsən, Koçaryan, Sarkisyan və Vanetsyanın şəxsində müxalifət, digər tərəflər “Vətəndaş müqaviləsi” ilə müqayisədə niyə bu qədər əhəmiyyətsiz oldu? “Vətəndaş müqaviləsi” ilə müqayisədə səslərin sayı niyə belə kəskin aşağıdır və görəsən bu səslə, bu elektoratla meydanlarda səs küy salırdılar? Təsəvvür edəndə ki, “Çiçəklənən Ermənistan”, “Respublika”, “Maariflənmiş Ermənistan” və ANC 5%-lik baryeri qəti şəkildə aşmağı bacarmayıb və yeni parlamentə girə bilməyib, həqiqətən də suallar ortaya çıxır ki, bu səslə, bu dəstəklə meydanlarda dolaşırdılar bunlar? Bir növ, heç nəyi, heç bir gücü olmamasına baxmayaraq, ağzına çullu dovşan sığışmayan tipik erməni obrazı canlanır göz önündə.
Məsələ burasındadır ki, nə demələrindən, hansı pafosla qışqırmaqlarından, ittihamlarından və iddialarından asılı olmayaraq Koçaryan, Sarkisyan, Ter-Petrosyan hamının, elə erməni cəmiyyətinin özünün də əbədi olaraq rədd etdiyi köhnə hakimiyyət və köhnə nizam hesab olunurdu və seçkilər bunu bir daha təsdiqlədi. 2018-ci ilin yazında, insanların böyük bir hissəsi Nikol Paşinyana dəstək olmaq üçün küçələrə çıxıb ona inansa da, sonra inandığında yanıldığını dərk etsə də, Nikolun verdiyi vədlərin heç birinin reallaşmadığını görsələr də, yenə də köhnə hakimiyyətlərə, köhnə nizama baxanda onun üstün olduğunu qəbul etdilər.
Ermənistan tarixindəki biabırçı səhifəni silməyin mümkünsüzlüyü, bu biabırçılığın əbədi alınlarına yazıldığı tədricən erməni cəmiyyətində qəbul olunur. Təbii ki, itgiləri, minlərlə əsgər ölümü, silah-sursat, vəsait itgisi mövcud və keçmiş hakimiyyətlər haqqında düşüncələrdə müəyyən düzəlişlər etdi. Ancaq erməni vətəndaşlarının çoxu başa düşdü ki, bütün bunlarda təkcə Paşinyanın günahlandırılması düz olmaz. Müharibədəki məğlubiyyətlərinin səbəbləri daha dərindir və Paşinyan hakimiyyətə gəlməmişdən çox əvvəl buna əsas yaradılırdı. Hamısını indi sadalamağa ehtiyacv yoxdur, çünki hamı, hətta ermənilər özləri belə bu barədə kifayət qədər yaxşı bilirlər. Yalnız onu qeyd etmək yerinə düşərdi ki, 26 il ərzində ölkə yanlış yolda idisə, yalnız iki il yarım müddətdə hər şeyi düzəltmək mümkün deyildi.
Bəli, Koçaryan, Sarkisyan və Vanetsyan nəhəng inzibati, media və maliyyə qaynaqlarına sahib olaraq aqressiv bir seçki kampaniyası apardılar. Pulları, özü də yeri gəlmişkən, ölkədən və xalqdan oğurlanmış pulları və bütün hakimiyyət qollarındakı insanların köməyi ilə xalqın yaddaşını silə biləcəklərini, insanlara məhrumiyyət illərini unutduracaqlarını ümid etdilər, amma yanıldılar. Seçkilər səhv olduqlarını göstərdi və hətta bütün xalq qarşısında onları rəzil etdi.
"Köhnə qvardiya" nın sarsıdıcı bir məğlubiyyət aldığı göz qabağındadır. İndi onlar saxtakarlıq deyə qışqıra bilərlər və ancaq "saxtalaşdırmalardan" danışa bilərlər. Ancaq gərək nəzərə alsınlar ki, seçkilərdə aşağı nəticə göstərməsi xalqın onlara münasibətinin sübutudur.
Doğrudur, əlbətdə ki, Paşinyan, Ermənistandakı həyatı dərhal yaxşılaşdıracaq bir mələk və ya sehrbaz deyil. Sehrli çubuğu da yoxdur ki, dərhal hər şeyi öz nizamına salsın. Amma, erməni cəmiyyəti də etiraf etdi ki, “köynə qvardiya”ya baxanda yenə də yönə gələndir. Koçaryanın, yaxud Sarkisyanın qalib gələcəyi təqdirdə istər-istəməz baş verəcək keçmişə qayıdış Ermənistan üçün ümumiyyətlə fəlakətin başlanğıcı, fəlakətə yenidən dönüş ola bilərdi. Məhz elə buna görə də erməni cəmiyyəti Koçaryana və Sarkisyana “rədd” cavabı verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB