ABŞ tarixinin Azərbaycan izi –Rixard Zorgeyə minnətdar olmalıdırlar II Dünya Müharibəsinin sirləri
Böyük Vətən Müharibəsinin başlanmasının 60 illiyi ərəfəsində bu müharibənin ən müəmmalı məqamlarından birinə dair maraqlı faktları bölüşməyə qərara gəldik.
1941-cil ilin noyabr ayı idi. Almanların “Tufan” əməliyyatı son mərhələsinə daxil olmuşdu. Almanlar artıq Kremlin cəmi 23 kilometrliyində idilər. Ölkənin durumu çox acınacaqlı idi. SSRİ xarici işlər naziri olmuş Molotovun xatirələrinə əsasən, Stalinə təklif olunmuşdu ki, o təcili Moskvanı tərk edib Kuybışevə köçsün və bundan sonra Kremlin mühafizə polkunu da Moskvanın müdafiəsinə göndərsinlər: “Yoldaş Stalin, Moskvadakı mühafizə polkunu nə vaxt göndərə bilərik?” sualına Stalinin cavabı belə oldu: “Lazım gəlsə, mən özüm həmin polku döyüşə qaldıracam”.
Belə bir vəziyyətdə, daha dəqiq desək, 29 noyabr tarixində SSRİ kəşfiyyatı Stalinə Yaponiyadan Almaniyaya 27 noyabr tarixində göndərilən son dərəcə əhəmiyyətli teleqramın deşifrəsini təqdim edir. Teleqram bir daha təsdiq edir ki, yaponlar SSRi-yə 1942-ci ilin əvvəllərinədək hücum etməyəcəklər və bunun yerinə ABŞ-a qarşı hücuma hazırlayırlar. Bu məlumatlar hələ 1941-ci ilin yay aylarında dünya tarixinin ən tanınmış kəşfiyyatçısı hesab olunan “Ramzay”ın 18 oktyabr tarixində həbs olunanadək göndərdiyi məlumatları təsdiq edirdi. Son dəfə o, bu məlumatı Yaponiya imperatorunun 6 sentyabr 1941-ci ildə keçirildiyi məxfi iclasındakı fikirlərinə istinadən vermişdi. Bu məlumatlar SSRİ-yə imkan verdi ki, Şərq hərbi bölmələrindən ümumilikdə 26 diviziya və 1000-ə yaxın tank təcili olaraq Qərb cəbhəsinə daşısın. Nəticədə - 5 dekabr 1941-ci ildə SSRİ atıq Moskva ətrafında genişmiqyaslı əks hücuma keçərək İkinci Dünya Müharibəsinin aqibətini dəyişmiş oldu.

“Əslində, mən özümü azərbaycanlı da saya bilərəm. Bircə bəla var – Azərbaycan dilində bir söz belə bilmirəm”. Bu sözləri Moskvada olarkən öz dostları ilə söhbətdə ən tanınmış həmyerlilərimizdən olan və SSRİ kəşfiyyatında “Ramzay” ləqəbi ilə tanınan Rixard Zorge demişdi. Və bu, həqiqətən də bu cürdür. Belə ki, vətəndaşlıq iki prinsip əsasında əldə olunur və o prinsiplərdən biri Jus soli (lat. “torpaq haqqı”) — yəni doğum yeri üzrə vətəndaşlığın əldə olunmasıdır və 4 oktyabr 1895-ci ildə Sabunçuda anadan olan Zorge tamhüquqlu Azərbaycan vətəndaşıdır. Amma qayıdaq mövzuya...
Mərkəzdən Zorgeyə verilən əsas tapşırıq belə idi ki, nəyin bahasına olursa-olsun, Yaponiyanın SSRİ-yə mümkün hücumunun qarşısı alınsın, əks təqdirdə, SSRİ heç bir halda iki cəbhədə müharibə aparmaq iqtidarında deyil. Bundan əlavə, Qərb cəbhəsində ehtiyat qüvvələrinin cəlb olunmasına qaçılmaz ehtiyac var idi, bu qüvvələri isə yalnız “şərq” istiqamətindən” gətirilə bilərdi. Zorge də öz həyatı bahasına bunu etdi – yapon həbsxanasında keçirdiyi üç ildən sonra 7 noyabr (İnqilab bayramı günü) 1944-cü ildə edam olundu.
Mərkəzdən gələn tapşırığın əhəmiyyətini idealist və son nəfəsinə qədər kommunist ideologiyasına sadiq olan Zorge çox gözəl bilirdi. Və o, məhz həmin dərəcədə ideoloq olduğuna görə Stalin yaponların Zorgeni SSRİ də həbsdə olan yaponlara dəyişməyə razılıq verməmişdi. Zorge yaponların SSRİ-yə hücumunun qarşısının yalnız bir yolla alına bildiyini başa düşürdü. Bu da Yaponiya ilə ABŞ arasında müharibənin başlaması idi. Və Zorge bütün fəaliyyətlərini bu istiqamətə yönəltdi.
Zorgenin mərkəzə göndərdiyi məlumatlar son dərəcə narahatedici idi və hələ 1941-ci ilin əvvəllərində onun əldə etdiyi məlumatlar təsdiq edirdi ki, Almaniya SSRİ-yə böyük ehtimalla həmin ildə hücum edəcək və Yaponiya da bu hücuma Şərqdən qoşulacaq.
Zorgenin məruzələrini nəzərə alaraq SSRİ xarici kəşfiyyat xidmətinin yüksək rütbəli əməkdaşı olan İshak Abdulla oğlu Əhmərov Xarici Kəşfiyyat rəisi olan Pavel Fitinə xüsusi əməliyyat keçirməyi təklif edir. Əməliyyatın əsas məqsədi SSRİ kəşfiyyatının Yaponiya və ABŞ-da olan “agentləri” vasitəsi ilə ABŞ və Yaponiya arasında müharibə başlamaqla SSRİ üzərindən “Şərq” istiqamətindən olan təhlükənin qarşısının alınması olur.

İshak Əhmərov milliyətcə tatar olduğu üçün türk dilini mükəmməl öyrənərək türk tələbəsi kimi ABŞ-a hələ 1935-ci ildən göndərilir və SSRİ-nin ABŞ-dakı rezidentura şəbəkəsinin rəhbəri kimi fəaliyyətə başlayır. Artıq 1941-ci ilə qədər o ABŞ-ın ən yüksək dairələrində SSRİ tərəfindən əməkdaşlığa cəlb olunan şəxslər şəbəkəsi yaratmışdı. Həmin şəbəkənin ən nüfuzlu nümayəndəsi isə ABŞ-ın maliyyə nazirinin müavini olmuş Hari Dekster Uayt idi (Harry Dexter White). Məxfi yazışma və sənədlərdə Uayt müxtəlif ləqəblərlə tanınırdı. Əvvəllər “xəzinədar”, sonralar isə “hüquqşünas” ləqəbi ilə. Bu mənbənin soyadının ingiliscə “Uayt” yəni “Ağ” olduğunun nəzərə alaraq, Əhmərov təklif edir ki, əməliyyata “Qar” adı verilsin. Bu günə qədər SSRİ-nin bu əməliyyatı uğurlarına görə ölkə kəşfiyyatının ən uğurlu məxfi əməliyyatı sayılır.
Beləliklə, Əhmərov hazırladığı əməliyyatın icrası Xarici Kəşfiyyat İdarəsinin ABŞ bölməsinin rəhbəri Vitaliy Pavlova tapşırılır. Xarici Kəşfiyyat İdarəsinin rəisi Pavel Mixayloviç Fitinin təsdiq etdiyi plana əsasən Pavlov Vaşinqtona Əhmərovun dostu kimi gəlir və Uaytla görüşməli və ona guya Uaytın dostu olan Əhmərovun ABŞ-ın uzaq şərqdəki siyasətin dair təkliflərini bildirməli olur. Həmin təkliflərin üzərindən isə hətta Stalinin özü şəxsən müəyyən düzəlişlər edir. Ümumiyyətlə, “Qar” əməliyyatı haqqında cəmi 5 nəfər bilirdi - Stalin, Beriya, Fitin, Pavlov və Əhmərov.

Bütün hazırlıqlardan sonra, 1941-ci ilin may ayında diplomatik kuryer adı altında Pavlov birinci Nyu-Yorka gəlir, sonra isə Vaşinqtona gedir. Pavlov telefon köşkündən Uayta zəng edərək ona dostu “Bil”dən (Əhmərovu ABŞ-da bu adla tanıyırdılar) salamlarını çatdırır və “Old Ebbitt Grill” restoranında görüşə dəvət edir. Görüş zamanı o guya “Bil” tərəfindən hazırlanan tezisləri Uayta təqdim edir. Uayt tezislərlə yerində tanış olaraq valeh olduğunu bildirir və bu təklifləri mütləq şəkildə ABŞ rəhbərliyinə çatdırmağa söz verir. Görüşdən dərhal sonra Pavlov Fitinə zəng edərək, əməliyyatın uğurla getdiyini məruzə edir.

Sonralar Uaytın məhz bu tezislərin əsasında hazırladığı iki xidməti məruzəsini rəhbər tutaraq ABŞ-ın dövlət Katibi Kordel Hul bütün tarixçilər tərəfindən ABŞ-Yapon müharibəsinin faktiki “tətik”i sayılan “Hul Qeydi” (“Hull Note”) adlı faktiki ultimatumu 26 noyabr 1941-ci ildə Yaponiyanın ABŞ-dakı səfiri admiral Nomuraya təqdim edir.

Və yuxarıda qeyd etdiyimiz kimi, artıq 27 noyabr tarixində, yəni “Hul Qeydini” aldıqdan dərhal sonra ABŞ-la müharibənin qaçınılmaz olduğunu başa düşən Yaponiya Almaniyaya məlumat göndərərək ən azından 1942-ci ilin əvvəllərinə qədər SSRİ-yə qarşı müharibəyə qoşulmayacağını bəyan edir. Bu məlumat Stalinin masasının üstünə qoyulan kimi, Stalin şərqdən əlavə qüvvələri cəlb etməklə Moskva ətrafında hücuma keçərək, müharibədə dönüş əldə edərək qələbəyə doğru ilk addımını atmışdı.

Qayıdaq Perl Harbor hücumuna. Burda hələ də tarixçilər üçün müəmmalı bir məqam var. Belə ki, Yapon hökuməti öz hərbi donanmasını Perl Habora hücum etmək üçüm artıq noyabrın 25 də yola salmışdılar, yəni “Hul qeydindən” bir gün əvvəl. Lakin hücum haqqında son qərar İmperator Horihito tərəfindən 1 dekabr 1941-ci ildə qəbul olunmuşdu.
Bu hücum nəticəsində 2401 nəfə amerikalı qətlə yetirilmişdi və bu hücum indiyədək ABŞ tarixində ən dəhşətli məğlubiyyət kimi qəbul olunur. Ən maraqlısı odur ki, Zorge və SSRİ hakimiyyəti Teodor Ruzvelti müxtəlif yollarla hazırlanan hücum haqqında məlumatlandırmışdı. Elə qayıdaq Yaponiyanın Almaniyaya 26 noyabr tarixində göndərdiyi sənədə. Həmin sənəd SSRİ tərəfindən ABŞ-a təqdim olunmuşdu və bildirilmişdi ki, çox güman, Yaponiya ABŞ-a hücuma hazırlaşır.
Bu və digər məlumatlar Admiral Robert Teobaldın “Pelr Harborun Son Sirri: Vaşinqtonun Yaponiya hücumuna verdiyi töhfə” (The Final Secret of Pearl Harbor, The Washington contribution to the Japanese attack, by Rear Admiral Robert A. Theobald) adlı kitabında ətraflı əhatə olunur. Kitabda həmçinin qeyd olunur ki, Zorgenin etirafları ABŞ-a göndəriləndə, məhz yuxarıda qeyd olunan xəbərdarlıq hissəsi oradan çıxarılmışdı və o qənaətə gəlinir ki, Ruzvelt hücum haqqında məlumatlı idi. Ruzveltin Perl Harbora hücumun qaçılmaz olması haqqında bir çox digər mənbələr də məlumatlar var idi. Beləliklə, bu, sübut olunmuş faktdır.
Bəs belə olduğu halda ABŞ nəyə görə hər hansı bir qabaqlayıcı və yaxud digər addım atmadı? Artıq bu qərarla bağlı tarixçilər müxtəlif versiyalar irəli sürürlər.

Əsas versiya olaraq həmişəki kimi amerikalıların özlərinin “məğlubedilməz” olmaları əminliyidir. Yəni biz o qədər güclüyük ki, bizə heç kim cəsarət edib hücum edə bilməz.
Digər versiya ondan ibarətdir ki, Ruzveltə, həqiqətən də, SSRİ-dən də daxil olan məlumatlar dərhal məruzə edilirdi və tövsiyə olunurdu ki, donanmanı hərəkətə gətirərək qabaqlayıcı tədbirlər görülsün. Lakin Ruzvelt bunları SSRİ-nin təxribatı kimi qəbul edirdi və hesab edirdi ki, sovetlər ABŞ belə məlumatlarla bilərəkdən Yaponiyaya qarşı müharibəyə sürükləmək istəyirlər.
Amma daha başqa maraqlı versiyalar da var

Məsələn, 2008-ci ildə Yaponiya Hərbi Hava Qüvvələrinin Qərargah Rəisi General Toşio Tamaqami (Toshio Tamogami) “ Yaponiya həqiqətənmi təcavüzkar millət olmuşdur?” (Was Japan an Aggressor Nation?) adlı məqalə yazaraq bəyan etmişdi ki, “Ruzvelt bilərəkdən Yaponiyanı Perl Harbora hücuma sövq edib və bununla da yaponlara tələ qurub”. O, bu hücumunun məhz rəsmi olaraq 1919-cu ildə yaradılan Kominternin casusu olan Zorge tərəfindən təşkil olunduğu üçün, Ruzvelti “Kominternin küçüyü” adlandırmışdı. General hesab edir ki, ABŞ rəhbərliyi bilərəkdən faktiki olaraq yaponları Perl Harboru Vurmağa dəvət edirdi ki, “Sakit Okean müharibəsinə” start versin və bununla da Yaponiyaya müharibə elan etsin. General bu məqaləni çap etdirdiyi üçün ABŞ hökumətinin təzyiqi ilə dərhal vəzifəsindən uzaqlaşdırılmışdır.
https://www.theguardian.com/world/2008/oct/31/japan-secondworldwar
Lakin bütün bu faktlara baxmayaraq, ABŞ tarixçiləri mütəmadi olaraq Perl Harbor hücumun təşkilində SSRİ-ni və xüsusi ilə də yerlimiz Rixard Zorgenin günahlandırırlar, halbuki bütün faktlar onu göstərir ki, Zorqe müxtəlif vasitələrlə ABŞ hökumətini bu hücum haqqında məlumatlandırmışdı. Məlumatlandırmada isə məqsəd yenə də eyni idi, ABŞ-la Yaponiya arasında müharibə başlatmaqla SSRİ-ni yaponların şərqdəki mümkün hücumdan qorumaq. Lakin həm Zorgenin həm də ümumilikdə SSRİ-nin istəyi o idi ki, müharibəni birinci ABŞ başlasın və Yaponiyanın hərbi gücünü sarsıtsın. Belə ki, həmin dövrdə SSRİ-yə güclü müttəfiq lazım idi.
O da qeyd olunmalıdır ki, Perl Harborla bağlı bir çox sənədlərin üzərində hələ də “məxfi” sənəd statusu qalmaqdadır və həmin sənədlərin nə vaxt işıqlandırılacağını heç kim bilmir. Bu fakt da onu göstərir ki, ABŞ hökuməti, əslində, nə baş verdiyini gizlətmək istəyir, özünün siyasətinin iflasa uğradığını qəbul etmək istəmir. Belə ki, məlum olsa ki, demokrat olan Ruzveltin yalnız özünün şəxsi iddialarını təmin etməkdən ötrü 3 minə yaxın şəxsin Perl Harborda faktiki qurban verdiyi üzə çıxması ABŞ-ın mövcud siyasi sisteminə bərpa olunmaz zərbə vurmuş olar.
Bir sözlə, ABŞ hakimiyyəti ikinci dünya müharibəsi zamanı çox ciddi boşluqlara yol verib və indi özündə günah axtarmaq əvəzinə, digərlərini günahkar sayırlar. Bu da isə artıq öyrəşdiyimiz amerikasayağı yanaşmadır...

Yekunda isə son dərəcə maraqlı məlumatı xatırlatmaq istərdik. Bəzi mənbələr “Baharın 17 anı” filmindən yaxşı tanıdığımız Üçüncü Reyxin Kəşfiyyat İdarəsinin Rəisi olmuş Valter Şellenbergin “Labirint” adlı kitabına istinadən belə bir məlumat yaymışdılar ki, Şellenberqin etirafına görə, Zorqe sağ imiş və SSRi-yə qayıdaraq burda başqa ad altında yaşayırmış. Lakin həqiqətdə “Labirint” əsərində belə bir məlumat yoxdur və Şellenberq həmin kitabda Zorgenin fəaliyyətini yüksək qiymətləndirərək onun, həqiqətən də, 1944-cü ildə yaponlar tərəfindən qətlə yetirildiyini qeyd edir...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB