"Seçki prosesində genişmiqyaslı terror həyata keçirilir" TEMİNA VARDANYAN

Namizədlərimiz təqib olunur, qanunsuz olaraq saxlanılır, mənzillərində və qərargahlarında bir əsas olmadan axtarış aparılır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri "Mənim şərəfim var" blokunun təmsilçisi Temina Vardanyan 20 iyun tarixində keçirdiyi mətbuat konfransında söyləyib.

“Kapitulyator son iki gündə, xüsusən dünən və bu gün daha çox quduzlaşıb. Geniş miqyaslı terror əsasən namizədlərə qarşı həyata keçirilir. Bunun məqsədi birdir, o da qərargahımızın işinə mane olmaq, bizi iflic etməkdir.

İkincisi, inzibati rıçaqlar təvazökarlıqla tətbiq olunur. Üçüncüsü, bölgələrdə millət vəkilləri, qubernatorlar seçki məntəqələrinin qarşısında dayanaraq bu yolla vətəndaşları qorxutmağa, hədələməyə və təlimat verməyə çalışırlar. Xüsusilə Çambarakdakı məntəqədə kapitulyatorun yaxın köməkçisi Hayk Sarkisyan repressiyalar həyata keçirir”, deyə Vardanyan bildirib.

Temina Vardanyan qeyd edib ki, əsasən “Mənim şərəfim var” blokunun bülletenlərində qüsur var və bunda mətbəəni günahlandırmağa çalışırlar.

Xatırladaq ki, bu gün, 20 iyun tarixi Ermənistanda növbədənkənar parlament seçkiləri günüdür. Qeyd edək ki, bu zamana qədər saysız-hesabsız narazılıqlar, seçki saxtakarlıqları, qanun pozulması halları qeydə alınıb və bu barədə Ermənistana məxsus mətbuat səhifələri, eləcə də sosial şəbəkələrin erməni seqmentində kifayət qədər məlumatlar, paylaşımlar var. Erməni cəmiyyəti hələ seçki bitməmişdən belə bu seçkidinin qondarma olduğu qənaətindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə