"Ərdoğan Milli Məclisdə Azərbaycan xalqına bir daha sevgisini bildirdi" - DEPUTAT ŞƏRH ETDİ

"Ərdoğan Milli Məclisdə Azərbaycan xalqına bir daha sevgisini bildirdi" - DEPUTAT ŞƏRH ETDİ

“Ulu Öndər Heydər Əliyevin bir millət iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan və Türkiyə dövlətləri arasında qarşılıqlı etimad səmimi münasibət və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, xalqlarımızın eyni kökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni daha da doğmalaşdırıb: “Sevincli və kədərli günlərində birinin digərinin yanında olmasına zəmin yaradıb. Hal-hazırda Azərbaycan və Türkiyə münasibətləri özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Azərbaycan və Türkiyə qardaşlığı, dostluğu, strateji tərəfdaşlığı, müttəfiqliyi dünyada unikal nümunəyə çevrilib. 15 iyun 2021-ci il tarixdə Türkiyə respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər etməsi bir tərəfdən Azərbaycanın tarixi günü olan Milli Qurtuluş Günündə digər tərəfdən isə işğaldan azad olunduqdan sonra ilk dəfə xarici ölkənin rəhbərinin Şuşaya səfər etməsi sözsüz ki, tarixə qızıl hərflərlə yazıldı. Məhz bu şəhərdə Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyması üçün şərait yarandı. Artıq bundan sonra Azərbaycan və Türkiyə birliyi regionda sülhün təhlükəsizliyin qaranti kimi çıxış edəcək. Eyni zamanda düşünürəm ki, bu səfərin məhz Şuşa şəhərinə edilməsi və oradan dünyaya verilən mesajlar Şuşa şəhərində, Qarabağda görülən işlərin daha da sürətlənməsinə səbəb olacaq. Birgə aparılan quruculuq işləri bundan sonra daha geniş vüsət alacaq. Digər tərəfdən hər iki prezidentin "Cıdır düzü"ndə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan tədbirdə iştirak etməsi, həmin tədbirdə Qarabağ atlarının meydana gəlməsi, Azərbaycan musiqisinin səslənməsi əlbəttə ki, bunun özü də dünyaya böyük bir mesaj idi. Bu torpaqların əsil sahibinə qayıtması haqqında bir mesaj idi”.

Deputat həmçinin qeyd edib ki, bu səfər çərçivəsində ən yadda qalan amillərdən biri də cənab Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışı olub: “Milli məclisdə, millət vəkillərinin qarşısında çıxış edən Türkiyə prezidenti bir daha Azərbaycan xalqına sevgisini bildirdi. Bir daha Azərbaycanın qalib Sərkərdəsi Ali Baş Komandanı və Azərbaycan xalqını 44 günlük müharibədə əldə etdiyi zəfərlə təbrik etdi. Bir daha hər zaman, bu gün də, sabah da Azərbaycanın yanında olduğunu bəyan etdi. Düşünürəm ki, bu 2 günlük Şuşa səfəri, parlamentdəki çıxışı, cənab Prezidentlə apardığı danışıqlar bütün bunlar sözsüz ki, Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, eyni zamanda bu münasibətlər üçün yeni bir yol xəritəsi olacaqdır. Bu münasibətlərin ən böyük məqsədi hər iki dövlətin milli maraqlarını qorumaqla yanaşı, hər iki dövlətin regionda oynadığı rolu daha da artırmaqdır”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə