“Şuşa Bəyannaməsi” Qafqazda siyasi və iqtisadi vəziyyəti necə dəyişəcək? - ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
"Türkiyə prezidentinin Şuşa Bəyannaməsinin imzalanması mərasimində - “Bölgəmizin sülh içində yaşanan bir bölgə olması üçün Azərbaycan və Türkiyə prezidentləri ilə yanaşı, Rusiya prezidenti də hər cür fədakarlığa hazırdır” bəyanatı son dərəcə mühüm əhəmiyyətə malikdir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri, Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, həm ciddi, eyni zamanda, əhəmiyyətli informasiya sayılan bu bəyanat Rusiyanın bölgəni iqtisadi əməkdaşlıq meydanına çevirmək barədə planlarını bir daha hamıya, ilk növbədə ermənilərə xatırlatdı: “Bir daha bildirildi ki, Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlığı davam edir, heç bir qırılma, pozulma yoxdur. Başladılan proses - Cənubi Qafqaz da daxil olmaqla, böyük bir region müharibədən xilas olub və sülh mərhələsinə keçid uğurla davam edir. Aydındır ki, Ərdoğan kimi təcrübəli və müdrik dövlət xadimləri bu barədə dəfələrlə müzakirələr aparmadan, prezident Putinin mövqeyini dəqiqləşdirmədən belə bəyanat səsləndirməz. 10 noyabr bəyanatı imzalandıqdan sonra Rusiya dövlət başçısı dəfələrlə iqtisadi əməkdaşlığın genişləndirilməsi, kommunikasiyaların tezliklə açılması zərurəti barədə mövqeyini ortaya qoyub. Bununla da Rusiyanın əli ilə revanşa ümid edənləri, ilk növbədə R.Koçaryanı başa salmağa çalışıb.
Təəssüf ki, Ermənistanın ikinci prezidentinin son bəyanatları göstərir ki, onun deyilənləri “anlamaq problemi” var. Ümid edirik ki, R.Koçaryan Türkiyə prezidentinin Şuşada verdiyi bəyanatdan sonra çətin də olsa anlayacaq ki, regionda sülhün, iqtisadi əməkdaşlığın arxasında Azərbaycanla yanaşı Türkiyə və Rusiya dayanır və İranın da bu “üçlüyə” qoşulmaqdan başqa yolu yoxdur. Ermənistan öz revanş planlarında yalnızdır və “Şuşa Bəyannaməsi” imzalandıqdan sonra Azərbaycanın gücü dəfələrlə artmışdır. Bu şəraitdə “revanş” avantürasına getmək həm onun özü, həm də Ermənistan üçün fəlakətlə nəticələnə bilər. 2018-ci ildən başlayaraq həm R.Koçaryan, həm də digər siyasətçilər Ermənistanın ən istedadlı avantüristinin-N.Paşinyanın geniş spektrli təxribatlarını xeyli müşahidə etmək imkanı qazandılar. İndi isə “gözü çıxan qardaşın” düşdüyü vəziyyətdən nəticə çıxarmaq vaxtıdır. 44 günlük müharibənin gedişində və sonrakı dövrdə baş verənləri anlamaqda çətinlik çəkənlərə isə bir daha xatırlatmaq məcburiyyətindəyik: müttəfiqsiz Ermənistandan fərqli olaraq Azərbaycan sülhü, əmin-amanlığı təmin etmək istiqamətində fəaliyyətində tək deyil, onunla bərabər Türkiyə və Rusiyada bölgədə sülhün və əməkdaşlığın qarantıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə