Dmitri Kornev: “Hətta erməni ordusu kəmiyyətcə bərpa olunarsa, keyfiyyətsiz dəyişiklik ötənilki müharibənin təkrarı olacaq”
Ermənistanda seçkiöncəsi mühit qızışdıqca, Nikol Paşinyana qarşı çıxaraq onu məğlub edəcəklərini bəyan edən müxalifət liderləri də bir sıra hallarda mümkün görünməyən vədlər verir, hətta 44 günlük müharibənin vurduğu ağır və sarsıdıcı zərbələrin altından qısa müddətdə çıxacaqlarını iddia edirlər. Misal üçün, Ermənistanın keçmiş prezidenti, “Hayastan” seçki blokundan baş nazirlik postuna namizədliyini irəli sürən Robert Koçaryan bəyan edib ki, cəmi 1 il ərzində ordunu bərpa edərək sərhədlərin müdafiəsini gücləndirəcək, silahlanmada yaşanmış itkiləri isə 3 il ərzində aradan qaldıracaq. Beləliklə, revanşizim hissləri və yenidən hakimiyyətə yiyələnmək arzusu ilə alışıb-yanan Koçaryanın mümkün görünməyən iddiaları bir sıra dairələr tərəfindən də istehza ilə qarşılanır. Daha dəqiq desək, “Hayastan” blokunun lideri bənzər bəyanatları ilə revanşist elektorata hesablanmış vədlərini önə sürür.

Bu zaman sual yaranır - Qarabağdakı Vətən müharibəsinin məlum nəticələrindən sonra bu, mümkündürmü? Yüzlərlə erməni tankları, topları milyardlarla dollarlara hesablanmış digər hərbi təchizatları və texnikaları məhv olan bir ölkə 3-4 ilə necə, hansı yolla ordusunu bərpa edə bilər?
Hərbi ekspert: “Sual budur ki, zabit korpusu necə bərpa ediləcək?
SİA xəbər verir ki, bununla bağlı Rusiyanın Military Russia saytının təsisçisi, hərbi-siyasi ekspert Dmitri Kornev bir sıra maraqlı məqamlara toxunub. O, rusdilli caliber informasiya analitik mərkəzinə verdiyi müsahibəsində Koçaryanın iddialarını anlamadığını bildirib. SİTAT: “Hər şeydən əvvəl anlamaq istərdim ki, “ordunun bərpası” ifadəsi nə deməkdir? Heyətin sayını bərpa etmək? Burada hər şey kifayət qədər aydındır. Ordu həqiqi hərbi xidmət məqsədlidir, sıravi heyətin hazırlığına 1 il lazımdır, 1 il də xidmət müddətidir. Sual budur ki, zabit korpusu necə bərpa ediləcək? Əgər ehtimal olunarsa ki, ehtiyatda kifayət qədər zabit heyəti var, onda bu teoretik olaraq mümkündür.

İndi isə texnika haqqında. Əsas sual – nəyi və necə bərpa edəcəklər? Söhbət sadəcə kəmiyyət göstəricilərindən gedəcək, yoxsa keyfiyyət dəyişikliklərindən? Bəs bu qədər tanka yenidənmi ehtiyac var? Əvvəlki strukturu təkrarlamaq lazımdırmı? İki yüz, üç yaz tankı hər zaman əldə etmək olar və bu heç də kiçik məbləğləri təşkil etməyəcək. Rusiyada saxlanc bazaları var ki, orada minlərlə T-55, T-54 (ötən əsrin ortalarında buraxılmış-red.) tankları var. Mən hesab edirəm ki, hətta T-34 də var. Ancaq bunun mənası varmı?”.
Rusiyalı ekspert Ermənistanın məğlub olması, sərhədlərin demarkasiya və delimitasiyasının aparılması mühitində revanşçılıq mövzusunun nə qədər məhsuldar olub-olmaması sualını cavablandırmaqla yanaşı, bütün bunların yerinə kommunikasiyaların açılması, ölkənin ayağa qalxması məsələsinə də toxunaraq deyib ki, istənilən müharibə iqtisadiyyata və humanitar sferaya ağır zərbə vurur. Bu baxımdan, o da razıdır ki, revanşçılıq hisslərinin yerinə gücü və qüvvəni müharibədən sonrakı iqtisadiyyatın bərpasına yönəltmək lazımdır, o cümlədən, pandemiyadan sonra Azərbaycanla, digər qonşularla münasibətləri normallaşdırmaq, sülhə doğru getmək daha məqsədəuyğundur.
Kornev anti-Rusiya əhval-ruhiyyəsi haqqında: “Fransa sülhməramlılarını cəlb etmək o deməkdir ki, razılaşma prosesini yenidən qurmaq lazımdır və onun uğurlu nəticə tapa bilməyəcəyi faktdır”

Dmitri Kornev Ermənistanda beynəlxalq sülhməramlıların regiona dəvət olunması, əsasən, bu ölkəyə dostluq münasibəti olan Fransa heyətinin gətirilməsi kimi səslənən bəyanatlara da münasibətini açıqlayıb və Rusiya kontingentinin erməni tərəfinə sərf etməməsi fikirlərinə də aydınlıq gətirib. SİTAT: “2020-ci ilin payızına qədər həmin Nikol Paşinyan Rusiyaya və Rusiyanın təsirinə qarşı dəfələrlə çıxışlar edib. Görünür, belə əhval-ruhiyyə Ermənistanın siyasi sahəsində də mövcuddur və onlardan fəal istifadə edilir. Bu, publikaya oynanılan oyundur ki, ayrı-ayrı siyasi xadimlər Rusiya tərəfdarları olmadıqlarını nümayiş etdirməyə çalışırlar. Lakin Ermənistan Rusiyaya KTMT və Avrasiya İqtisadi İttifaqı vasitəsi ilə bağlıdır.
Fransa sülhməramlılarını cəlb etmək isə o deməkdir ki, razılaşma prosesini yenidən qurmaq lazımdır və onun uğurlu nəticə tapa bilməyəcəyi faktdır”.
Military Russia saytının təsisçisi: “Ermənistan tərəfində biz XX əsrin müharibəsini müşahidə etdik”
Hərbi-siyasi ekspert bir daha “erməni revanşı” mövzusuna qayıtmaqla və Azərbaycanla Ermənistanın silahlı qüvvələrinin potensiallarını fərqləndirməklə deyib ki, əgər erməni ordusu keyfiyyətcə dəyişilməzsə, revanş cəhdində biz yenidən 2020-ci ilin payızında baş verənləri müşahidə edəcəyik. SİTAT: “Ötən ilin müharibəsi göstərdi ki, Azərbaycan uzun illər silahlı qüvvələrinin inkişafı yönündə fəaliyyət göstərib, ordunu keyfiyyətcə dəyişib. Biz müxtəlif güclərin koordinasiyalı fəaliyyətini, ən müasir “ağıllı” (smart) texnika növlərinin uğurlu istifadəsini gördük. Bir situasiyada, sadəcə, PUA-lar-dan istifadə olunurdu, ancaq digər tərəfdən, pilotsuz uçan aparatlar havadan müdafiə sistemlərinin reaksiyalarını müəyyən edərək digər başqa növlü PUA-lar vasitəsi ilə məhv edirdi. Daha əvvəllər biz bu barədə oxuyurduq, bu, teoriya idi. 2020-ci ildə isə biz bunu canlı gördük.

Ermənistan tərəfində isə biz XX əsrin müharibəsini müşahidə etdik, ya da belə deyək, XX əsrin hərbi əməliyyatlarına hazırlıqlarını. Təkrar edirəm, hətta erməni ordusu kəmiyyətcə bərpa olunarsa, keyfiyyətsiz dəyişiklik ötənilki müharibənin təkrarı olacaq”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB