"Qarabağ Zəfərinin faydalarının dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək" - ƏRDOĞAN

Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydalarının dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərdən heç kim narahat olmasın. Çünki bu, fəlakətin deyil, inşanın, zülmün deyil, ədalətin, kobudluğun deyil, zərifliyin, müharibənin deyil, sülhün, qanın deyil, qəlbin Zəfəridir. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə çıxışında deyib.

“Həqiqətən bu Qələbədən sonra görülən və görüləcək işlərə baxdıqda yaratdığımız mənzərənin necə canlanacağı görünəcək. Hər şeydən əvvəl Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub. Evlərindən, yurdlarından otuz ildir ayrı düşən azərbaycanlı qardaşlarımıza evlərinə qayıtmaq yolu açılmışdır. İnşallah, sonrakı gəlişimizdə bu torpaqların insanlarının evlərinə yerləşdiyini görməyin sevincini yaşayacağıq. Onlara indidən bu müraciəti Azərbaycan parlamentindən mən də edirəm. Bir an əvvəl, İnşallah, evləriniz inşa edilir, ediləcək və oralara yerləşməyinizi biz də həsrətlə gözləyirik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

İşğalın səbəb olduğu davamlı münaqişə vəziyyətindən qaynaqlanan yorucu gərginliyin ortadan qalxdığını qeyd edən Rəcəb Tayyib Ərdoğan deyib: “İndi yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları bir tərəfdən qurulur, bir tərəfdən açılır. Bunları gözlərimlə gördüm, ona görə söyləyirəm. Bir tərəfdən infrastruktur obyektləri tikilir. Biz də, inşallah, TOKİ-mizlə bölgədə məktəb, xəstəxana və buna bənzər bir çox əsərləri inşa etməyə çalışacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə