Putinlə Baydenin danışıqları 4,5 SAAT DAVAM ETDİ

Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında dar və geniş tərkibdə aparılan danışıqlar fasilə də daxil olmaqla ümumilikdə 4,5 saat davam edib. SİA xəbər verir ki, bu barədə RİA Novosti Agentliyi məlumat yayıb.

Məlumata görə iki liderin görüşü Cenevrədəki Villa La Qranj-da baş tutub. Qeyd olunur ki, sammitdən əvvəl Putin İsveçrə Prezidenti Qi Parmelen ilə qısa bir söhbət edib, daha sonra üç ölkənin liderləri birgə şəkil çəkdiriblər.

Agentliyin məlumatına əsasən Putin və Bayden arasında dar formatda danışıqlar Moskva vaxtı ilə təxminən 14.30-da başlayıb, sonra fasilə elan edilib və daha sonra nümayəndə heyətləri üzvlərinin iştirakı ilə danışıqlar yenə başlayıb, söhbət Moskva vaxtı ilə təxminən 18.05-də bitib.

Plana əsasən, prezidentlər daha sonra öz mətbuat konfranslarını keçirəcək və zirvə burada bitəcək.
Rusiya nümayəndə heyətinin tərkibinə Prezidentin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Qerasimov və xarici işlər nazirinin müavini Sergey Ryabkov daxil olub. Prezident administrasiyası rəhbərinin müavini Dmitri Kozak və prezidentin Suriya üzrə xüsusi elçisi Aleksandr Lavrentyev də dəvət olunub.

Xatırladaq ki, iki ölkə liderlərinin Cenevrədəki Villa La Qranj-daki görüşü, Putinin 2018-ci ildə Baydendən əvvəlki sələfi Respublikaçı Donald Trump ilə Helsinki-də etdiyi danışıqlardan sonra ilk Rusiya-Amerika sammiyi olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə