Tarixi Şuşa bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətləri ən uca zirvəyə yüksələrək yeni mərhələdə

Prezident İlham Əliyev: “Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır”

Prezident Rəcəb Tayyib Ərdoğan: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik”

15 iyun2021-ci il – Tarixi Şuşa Bəyannaməsi - dünyada analoqu olmayan qardaşlığın, türk dünyasının Ulu Öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli Lider Heydər Əliyevin "Bir millət iki dövlət” ifadələri Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığının, əbədiliyinin, sübutudur. Şuşa bəyannaməsinə kimi hər iki dövlət başçıları – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya və Türkiyəyə səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.

Bu, danılmaz faktordur ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr. Ən əsas amil isə ən çətin anlarda bir-birinin yanında olmaq. Qeyd edək ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Belə ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: «Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır». Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər.

Tarixi Şuşa bəyannaməsi – Türkiyə-Azərbaycan qardaşlığının göstəricisi

2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfəri və Qarabağın ürəyi olan Şuşada tarixi bəyannaməyə imza atması bu qardaşlığın daha möhkəm olduğunun göstəricisidir. Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzaladılar.

Siyasi və tarixi əhəmiyyətə malik Şuşa bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.

Prezident İlham Əliyev: “Biz bu gün yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”

"Bu gün tarixi gündür. Türkiyə Prezidentini Qarabağ torpağında salamlayırıq. Əziz Qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var".

Bu fikri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı söyləyib. Dövlətimizin başçısı deyib: “Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”.

Prezident Rəcəb Tayyib Ərdoğan: “Şuşa bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik”

“Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında bildirib.

Şuşa Bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətini xüsusi vurğulayan Prezident Ərdoğan deyib: “Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.

Göründüyü kimi, bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.

Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.

Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu

Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Və Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanan tarixi Şuşa Bəyannaməsi bütün dünyaya bir mesaj olaraq Türkiyə-Azərbaycan, “sevinci və kədəri bir” olan, “bir millət, iki dövlət”in qardaşlıq birliyinin gücünü göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev: “Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq"

"Biz bu gün Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Azərbaycan bu səfər səbirsizliklə gözlənilirdi və böyük maraq doğurur".

Bu fikirləri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında deyib: “Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşa keçən il noyabrın 8-də işğaldan azad edildi. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan sıldırım qayaları görərkən, görür ki, bu alınmaz qala sayılan şəhəri azad etmək böyük qəhrəmanlıq, peşəkarlı, şücaət tələb edirdi".

Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının ölkələrimizin birliyini nümayiş etdirdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi başlanan ilk gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, qəti və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Bizim gücümüz Azərbaycanın gücüdür”

“Pandemiyaya baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə səylərimizi qətiyyətlə davam etdiririk. Bütün bunlardan başqa, müdafiə sənayesi sahəsində əlaqələrimizi texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiririk”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının önəmini xüsusi vurğulayan Türkiyə Prezidenti deyib: “Müdafiə sənayesi sahəsində əlaqələrimiz bundan sonra daha fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə istehsal mərkəzi olma imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür".

Bəli, bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.

Dövlət başçımızın dediyi kimi: “Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...