Müasir Azərbaycanın təməli Heydər Əliyev siyasi kursu əsasında qoyulub - DEPUTAT MÖVQE BİLDİRDİ

“15 iyun Azərbaycan tarixində müstəsna yeri olan bir gündür. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı milli dövlətçiliyimizi xilas etməklə yanaşı, xalqımızın üz-üzə qaldığıl böyük bir fəlakətin qarşısını aldı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, Heydər Əliyevin tarixi missiyasının mahiyyətini başa düşmək üçün 1993-cü ildə Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyətin bütün parametrlərini düzgün təhlil edib qiymətləndirmək, onun mümkün nəticələrini, yarada biləcəyi fəsadları proqnozlaşdırmaq olduqca mühüm əhəmiyyətə malikdir: “Azərbaycanda 1993-cü ildə dövlətin bir institut olaraq mövcudluğundan danışmaq mümkün deyildi. Müxtəlif qüvvələrin fərqli təsəvvürlərə, siyasi baxışlara əsaslanan təsir alətləri mövcud idi. AXC-Müsavat cütlüyünün olduqca zəif olan, məhdud təfəkkürə əsaslanan hakimiyyət və dövlət anlayışı ölkədəki real situasiyanı nəinki idarə etməyə, hətta anlamağa belə imkan vermirdi. Digər tərəfdən, Azərbaycan yenicə müstəqillik qazanmışdı, xarici siyasətin konkret prinsipləri, strateji istiqamətləri müəyyən olunmamışdı. Hakimiyyətdə olan qüvvələr bunu da etməyə qadir deyildi. Ermənistanın davam edən işğalçılıq siyasəti, daxili siyasi qarşıdurmalar, vətəndaş müharibəsi təhlükəsi, sosial-iqtisadi böhran – bütün bunlar vəziyyəti mürəkkəbləşdirən amillər kimi çıxış edirdi. Şübhəsiz ki, hakimiyyət və dövlət haqqında aydın təsəvvürləri olmayan, idarəetməni yalnız zorakılıq və güc tətbiqi kimi qavrayan AXC-Müsavat cütlüyü kimi siyasi qüvvənin belə bir çətin böhranı aradan qaldırması mümkünsüz idi. Ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müxtəlif ziddiyyətli proseslərin sürətlə cərəyan etdiyi bir zamanda baş verdi”.

Ramin Məmmədov bildirib ki, Ümummilli Lider hakimiyyətə gəldikdən sonra dövlət idarəetmə aparatını formalaşdırmaqla yanaşı, həm də daha öncəki hakimiyyətlərdən miras qalmış problemləri həll etməli oldu. Bununla yanaşı, Azərbaycanın konkret strateji hədəfləri ehtiva edən xarici siyasət kursu müəyyənləşdirildi, Ermənistanın işğalçılıq siyasətinin dayandırılması istiqamətində ardıcıl addımlar atıldı. “Əhalinin sosial müdafiəsini təmin edən mexanizmlərin formalaşdırılması, yeni dövrün reallıqlarına uyğun iqtisadi münasibətlər sisteminin qurulması, siyasi həyatda sağlam rəqabət mühitinin yaradılması, silahlı müxalifətçilik ənənlərinə son qoyulması, davamlı ictimai-siyasi sabitliyin bərqərar edilməsi nəticə etibarilə Azərbaycanın son dərəcə çətin şərtlərdə milli dövlətçiliyini qoruyub saxlamasına imkan yaratdı. Ulu öndər Heydər Əliyevin ən böyük tarixi missiyası məhz milli dövlətçiliyi xilas etmək, müstəqil Azərbaycanı adıcıl inkişaf yoluna çıxarmaqdan ibarət idi. Böyük Öndərimiz bu missiyanı uğurla yerinə yetirməklə yanaşı, güclü iqtisadiyyata, qüdrətli orduya, beynəlxalq münasibətlər sistemində nüfuza malik dövlətin formalaşmasına nail oldu.”

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev qısa vaxt ərzində Azərbaycan dövlətinin xarici ölkələr və beynəlxalq təşkilatlarla sabit, davamlı və qarşılıqlı faydalı münasibətlərinin qurulmasına nail oldu. Hakimiyyətin bütün qolları arasında münasibətləri tənzimləyən qanunvericilik bazası formalaşdırıldı: “Təsadüfi deyil ki, bu gün tarixçilər, nüfuzlu siyasi ekspertlər, beyin mərkəzləri Heydər Əliyevin Azərbaycan tarixindəki rolunun müstəsna olduğunu xüsusi olaraq vurğulayırlar. Məsələ burasındadır ki, Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlişi nəinki ölkəmizin və xalqımızın, eyni zamanda, bütün regionun həyatında önəmli dəyişikliyə səbəb oldu. Məhz Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatları yalnız ölkəmizin deyil, bütün regionun təhlükəsizlik faktoruna çevrildi. Cənubi Qafqazda sülh və sabitlik bölgədəki proseslərin iştirakçısı olan qlobal və regional güclərin ortaq maraq dairəsi kimi qavranılmağa başladı. 1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə imzalanan “Əsrin Müqaviləsi” böyük güclərin iqtisadi maraqlarını təmin etmıklə yanaşı, regionda iqtisadi mənafelərə əsaslanan yeni təhlükəsizlik formatının meydana çıxmasına səbəb oldu”.

Ramin Məmmədov qeyd edib ki, müasir Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər, qazandığı beynəlxalq nüfuz məhz Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində reallığa çevrilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...