Ağdamda növbəti qələbəni qazandıq ANALITIK

Beləliklə, kütləvi dağıntı və talanlara mərtuz qalan və Qafqazın Xirosiması adlandırılan Ağdamın mina xəritələri Ermənistan tərəfindən Azərbaycana təhvil verildi – nə az, nə çox – düz 97 min basdırılmış mina!

Lakin burada qeyd etmək lazımdır ki, 97 min minanın basdırıldığı xəritələrin verilməsi həm də minimum 97 min (daha da çox ola bilərdi) insanın həyatının təhlükədən xilası deməkdir. Ancaq ən əsası, bu Azərbaycanın 44 günlük müharibədən zəfərlə ayrılmasından sonra, dövlətimizin düşmən üzərində ikinci qələbəsidir – həm siyasi, həm də mina müharibəsində.

Azərbaycan ərazilərinin minalanması prosesini qondarma “DQR” rejimimi deyil, Ermənistan həyata keçirib

Buna qədər isə Ermənistan rəhbərliyi hər dəfə müxtəlif bəhanələrlə mina xəritələrinin onlarda olmadığını iddia edirdi, amma sübut olundu ki, nəinki Ağdamda, eləcə də digər azad edilmiş bölgələrimizdə basdırılmış minaların xəritələri düşməndə mövcuddur. Bu baxımdan, artıq indi Ermənistan özündən “günahsız quzu” obrazını düzəldə bilməyəcək.

Başqa tərəfdən, bu fakktın daha bir əhəmiyyəti ondadır ki, mina xəritələri məhz Ermənistandadır və əslində heç bir “DQR” adlı “quruluş” mövcud deyil. Eyni zamanda, Azərbaycan ərazilərinin minalanması prosesini də Ermənistan həyata keçirib. Bu arada onu da xatırlatmaq olar ki, Ermənistan müharibədə məğlubiyyətdən sonra əsas xətt kimi mina xəritələrini verməməklə Azərbaycana qarşı şantaj və terror siyasəti ilə davranırdı.

Qarabağ azad olunduqdan sonra minaların partlaması səbəbindən şəhid və yaralıların sayı 100 nəfəri keçib

Ancaq burada digər məqamlara da diqqət etmək yerinə düşərdi. Yəni mina xəritələri yalnız torpaqlarımızın bir hissəsini əks etdirir və Nikol Paşinyan da bunu etiraf edib. “Ermənistan Azərbaycana minalı ərazilərin yalnız böyük olmayan xəritəsini verib”, deyə o bildirib. Ölkəsinin baş naziri vəzifəsini müvəqqəti icra edən bu şəxsin görünür, 15 nəfər terrorçu-diversantın onlara təhvil verilməsindən sonra ağzı daha da sulanıb. Qarabağ azad olunduqdan sonra minaların partlaması səbəbindən şəhid və yaralıların sayı 100 nəfəri keçib. Tökülən bu qanların da hesabı terrorçu Ermənistan dövlətinin boynundadır.

Ancaq daha dəqiq desək, erməni tərəfi hələ də ümid edir ki, ərazilərimizdə hərbi cinayətlər törətmiş şəxslərin digər hissəsini də azad etdirib, sonra yerdə qalan xəritələri də Azərbaycan tərəfinə təhvil verəcək. Üstəlik, 30 il müddətində torpaqlarından, yurdlarından didərgin düşmüş vətəndaşlarımızın geri qayıtma prosesləri də maksimum gecikdiriləcək.

Əks halda Ermənistan bir ölkə olaraq bütövlükdə süqutauğrama təhlükəsindən yaxasını qurtara bilməyəcək

Amma əbəs yerə, çünki bugünlərdə bir sıra ölkələrin Azərbaycana təyin edilmiş yeni xarici səfirlərini qəbul edən Prezident İlham Əliyev qətiyyətlə vurğuladı ki, ölkəmiz Ermənistanda sülh müqaviləsi imzalamağa hazırdır, lakin erməni tərəfi yenidən zidd davranışlar sərgiləyərsə, payızda aldığı ağır zərbələrdən daha ağırlarına məruz qalacaq. Yəni əks halda Ermənistan bir ölkə olaraq bütövlükdə süqutauğrama təhlükəsindən yaxasını qurtara bilməyəcək. Bu, faktdır və reallıqdır!

İndi Ermənistan daha yalan danışmaq və inadkarlıq etmək imkanlarını itirdikcə, mövcud gerçəklikləri dərindən anlamağa başlayıb. O, buna məcbur olub – Azərbaycanın Ağdamda qazandığı nöbvəti qətiyyətli qələbsindən sonra...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə