"Ermənilərin çirkin niyyətlərinin qarşısı alınacaq" - QURUM RƏSMİSİ - MÜSAHİBƏ

"Ermənilərin çirkin niyyətlərinin qarşısı alınacaq" - QURUM RƏSMİSİ - MÜSAHİBƏ

SİA Mənəvi Dəyərlərin Təbliğatı Fondunun icraçı direktoru Mehman İsmayılovun müsahibəsini təqdim edir:

- Ermənilərin işğaldan azad edilmiş ərazilərimizdəki törətdiyi vandal hərəkətlər, tarixi, mədəni abidələrimizə qarşı, ümumiyyətlə qəbirlərimizə qarşı belə təhqiramiz vəhşiliklərin şahidi oluruq. Bu yaxınlarda bizlərə aid olan qəbirlərin içindən səngər qazdıqlarının da şahidi olduq. Bu məsələ ilə bağlı fikirlərinizi öyrənmək istəyirdim.

- Ermənilərin bu vandallığı dövlətimiz tərəfindən torpaqlarımız işğaldan azad edilməmişdən qabaq dilə gətirilirdi. Bu, beynəlxalq səviyyədə müxtəlif beynəlxalq qurumlara çatdırılırdı. Bu vandallıq son 30 ilin vandallığı deyil. Ermənilər bilirsiniz ki, əsrin əvvəllərində də Azərbaycana qarşı bu cür mənfur hərəkətlərə yol veriblər. Ümumi ortaq bəşəri dəyərlər var ki, dünyanın, bütün xalqların birgə qəbul etdiyi, mənimsədiyi dəyərlərdir. Mənimsədiyi dəyərlərin heç birinə məhəl qoymadan o dövrlərdən bu cür siyasəti bizə yeritmişlər. Amma torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilməsi bizə onların bu vandallığı əyani şəkildə dünya ictimaiyyətinə çatdırmaq imkanı qazandırdı. Yəni biz həmin ərazilərə hansı ki, səfərlər təşkil olunanda, istənilən işğaldan azad olunan şəhər və rayonlarımıza getdikdə oradakı tarixi, dini, mədəni abidələrin çox bərbad vəziyyətə salındığını görürük, qəbirlərin məzarların çox dağıdıldığını görürük. Biz bunu əvvəllər dilə gətirəndə dünya ictimaiyyəti bunu görmürdü. Amma indi isə bizim əlimizdə əyani şəkildə sübutlarımız var. Biz artıq bunları beynəlxalq təşkilatlara göstərə bilirik.

- Dəfələrlə biz onların bu vəhşiliklərinin şahidi olmuşuq. Onların vəhşilikləri ta qədimdən bu günə qədər gəlib çıxıb. Bundan sonra bu vəhşiliklərin davam etməsi nədən xəbər verir. Nəyə görə məhz bəzi beynəlxalq təşkilatlar bu məsələyə bir növ ikili standartlarla yanaşır. Erməni lobbisinin burada maraqları nədir?

- İkili standartı biz yeni-yeni Qarabağ hadisələri başlayanda da görmüşük. Uzun illərdir ki, işğal altında olarkən ikili standart davam etdi. Müharibədə zəfər çalıb öz tarixi torpaqlarımızı qaytardıqdan sonra da yenə də ikili standart davam edirdi. Həmin bu ikili standarta qarşı dövlətimiz müvafiq addımlar atır. Həqiqət elə bir şeydir ki, onu müvəqqəti gizlədə bilərsiniz. Artıq yavaş-yavaş dünya ictimaiyyəti də bunu yaxından görür. Düşünürəm ki, yaxın gələcəkdə ermənilərin bu vandallığı hansı ki, onlar lobbiyə arxalanıblar, hansı ki, onlar müxtəlif ölkələrdəki dairələrinə arxalanırlar və s. Amma 44 günlük müharibə onu göstərdi ki, Azərbaycan xalqının, Azərbaycan dövlətinin gücü nəyə qadirdir. Artıq biz hərb meydanında çaldığımız qələbəni təbii ki, bütün meydanlarda tətbiq edə biləcəyik.

- Biz mütəmadi olaraq ermənilərin terrorçu hərəkətlərinin şahidi oluruq. Bu yaxınlarda da media mənsublarının minaya düşərək həlak olmasını da biz gördük, çox təəssüfləndik. Ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdə minaların basdırılması çox təhlükəli bir hal alıb. Nəyə görə ermənilər terrorçu əməllərini davam etdirirlər? Onlar niyə Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etmirlər?

- “Uduzan pəhləvan güləşə doymaz” misalı var. Həm Azərbaycan dövlətinin iradəsi, həm də Azərbaycan xalqının bu vəhdəti bizə bu qələbəni bəxş etdi. Əgər bir yerdə iradə varsa, bir yerdə vəhdət varsa, bir yerdə birlik varsa təbii ki, bunun qarşısında heç bir güc tab gətirə bilməz. Ermənilər bundan sonra da hər nə qədər müxtəlif üsullara əl atsalar da, bütün çirkin niyyətlərini həyata keçirməyə çalışsalar da artıq bizim qələbəmiz təmin olunub. İnanıram ki, yaxın gələcəkdə onların bu cür çirkin niyyətlərinin də qarşısı alınacaq.

- Hal-hazırda "Böyük Qayıdış" planı başlayıb və hazırlıqlar gedir. İşğaldan azad olunmuş hansı ərazilərdə tarixi, mədəni, dini adibələrin bərpası işləri gedir?

- Cənab Prezidentin ilk səfər etdiyi yerlər tarixi, dini abidlər idi və ölkə başçısı bir çox çıxışlarını orada gerçəkləşdirdi. Bu həm də bir mesaj idi ki, biz quruculuq işlərinə tarixi, milli-mədəni dəyərlərimizi bərpa edərək başlayacayıq. Bununla bağlı müvafiq olaraq aidiyyatı qurumlara tapşırıqlar verilib və hal-hazırda bu istiqamətdə böyük işlər gedir.

- Qarabağın işğaldan azad olunması ilə mənəvi dəyərlərin özünə qayıtması fonunda bu konteksdən baxanda biz nələr qazandıq?

- Biz əsasən itirdiyimizi qazandıq. Çünki Qarabağ mədəniyyətimizin özünəməxsusluğu ilə seçilən bir bölgədir. Biz belə bir dəyəri itirmişdik. Bilirdik müvəqqətidir. İkincisi isə qazandıqlarımızı inkişaf etdirmək fürsəti əldə etdik. Yəni bu gün biz həmin bölgələrdəki dəyərlərimizi dünyaya çatdırmaq imkanı qazandıq. Azərbaycan mədəniyyətinin daha da irəli getməsinə şərait yaratmış olduq. Bilirsiniz ki, mədəniyyət birdən-birə ortaya çıxmır. Bu proses əsrlərlə, yüzillərlə davam edir. Mədəniyyətin bir çox elementləri var və bu elementlər bir-birini tamamlayır. Qarabağ bizdən qopandan sonra bizim mədəniyyətimiz ciddi yara almışdır. Ona görə də bizim ən böyük qazancımız ondan ibarət oldu ki, biz mədəniyyətimizi bütöv şəkildə yenidən dünyaya çatdırmaq imkanı qazandıq. İstənilən beynəlxalq qurum işğaldan azad olunmuş ərazilərimizə gəldikdə bu məsələdə, bu müharibədə Azərbaycanın nə qədər haqlı olacaqlarını görəcəklər.

- Dünyadan Azərbaycana baxdıqda ölkəmiz necə görsənir?

- Əvvəllər Azərbaycana məğlub tərəf kimi davranırdılar. Amma bu gün artıq dünya da zəfər qələbəmizdən sonra qəbul etməyə başladı ki, Azərbaycan haqlıdır. Deməzdim ki, bütün dünyada hər şey bizim lehimizə çevrilib. Amma biz torpaqlarımızı azad etməklə bir çox şeyi lehimizə dəyişdirməyi bacarmışıq. Artıq bu gün dünyada Azərbaycan ordusunun qəhrəmanlığından, Azərbaycan xalqının iradəsindən, Azərbaycanın mənəvi, mədəni dəyərlərindən danışılır. Bütün bunlar onu bizə bəxş etdi ki, Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun gücü, xalqımızın iradəsi və ümumi öz keçmişimizə daha möhkəm sarılmamığımız, varlığımızı dünyaya təqdim etdiyimiz, kimliyimizi daha açıq şəkildə dünyaya təqdim etməyimiz təbii ki, dünyanın bizə baxışını müsbət cəhətdən çox dəyişdirdi.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə