Nikolay Zamikula: Yerevana beynəlxalq təsirin gücləndirilməsi yeganə real variant olaraq qalır

Jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun, habelə yerli icra nümayəndəsi Arif Əliyevin Azərbaycanın Kəlbəcər bölgəsində avtomobilin minaya düşməsi nəticəsində həlak olması böyük faciədir və bu, diqqətdən kənarda qala bilməz. Media nümayəndələrinin həlak olmaları ilə nəticələnən hadisənin özü beynəlxalq ictimaiyyət tərəfindən düzgün qiymətləndirilməlidir.
SİA xəbər verir ki, bu barədə AZƏRTAC-a Milli Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Nikolay Zamikula bildirib.
Onun sözlərinə görə, son yarım il ərzində artıq onlarca Azərbaycan vətəndaşı erməni işğalından azad edilmiş ərazilərdə mina təhlükəsi üzündən xəsarət alıb: “Ərazilərin minalardan təmizləməsi işi Azərbaycan mütəxəssisləri tərəfindən fəal aparılmasına baxmayaraq, təhlükə aktual olaraq qalır. Ekspertlərin qiymətləndirmələrinə görə, bu problemin aradan qaldırılmasına xeyli vaxt və vəsait tələb olunacaq. Minalardan təmizləmə prosesini əhəmiyyətli dərəcədə sürətləndirmək olardı, əgər Ermənistan tərəfi işğal dövründə mina basdırılmış ərazilərin xəritələrini Azərbaycana versəydi. Lakin Yerevan Bakının əsaslandırılmış tələblərinə reaksiya verməyərək, indiyədək bunu etməkdən imtina edir”.
Ekspert vurğulayıb ki, yeganə real seçim yalnız Yerevana beynəlxalq təzyiqləri artırmaqdır, buna Azərbaycanın tərəfdaş dövlətlərini cəlb etmək məqsədəuyğun olardı. “Bu proses azad edilmiş ərazilərdə mina təhlükəsinin aktuallığını göstərmək məqsədi daşıyan beynəlxalq arenada fəal məlumat kampaniyası ilə müşayiət olunmalıdır. Aydın ifadə olunmuş humanitar xarakterə malik bu məsələ, bir çox ölkədə erməni təbliğatının təsiri altında yaranmış vəziyyətin stereotip qəbulunu inkar edərək, eyni zamanda münaqişə zonasındakı vəziyyətə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün əla bir səbəbdir", - deyə Nikolay Zamikula əlavə edib.
Qeyd edək ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə