"Ermənistanı yaxın gələcəkdə təhlükələr gözləyir" POLİTOLOQDAN MARAQLI ŞƏRH

Ermənistanda seçkiqabağı siyasi gərginlik getdikcə daha da dərinləşməkdədir. Bu sözləri SİA-ya verdiyi açıqlmasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq qeyd edib ki, siyasi qüvvələrin bir-birlərinin ünvanına ağır ittihamlar irəli sürməsi mövcud vəziyyətin xaotikliyindən xəbər verir.

“Ermənistan cəmiyyətində məyusluq və inamsızlıq ruhu hakimdir. Keçirilən rəy sorğuları onu göstərir ki, hələ də əhalinin böyük bir hissəsi heç bir siyasi qüvvəyə inanmır. Əlbəttə, bunun özü Ermənistanı yaxın gələcəkdə gözləyən təhlükələrdən xəbər verir.

Ümumiyyətlə, gedişat onu göstərir ki, Paşinyan seçkilərin nəticələrinə əsasən, təkbaşına hakimiyyət qura bilməyəcək. Böyük ehtimalla o, mandat qazanmış digər blok və partiyalarla koalisiyalı hökumət formalaşdırmağa cəhd edəcək. Rəy sorğuları onu deməyə əsas verir ki, Paşinyandan sonra ən çox reytinqi olan siyasi qüvvə Koçaryanın rəhbərlik etdiyi blokdur. Digər partiya və blokların reytinqinin çox aşağı olduğu müşahidə olunmaqdadır. Beləliklə, seçkilərin ikinci raundu elan olunmasa, Paşinyan Koçaryanla hakimiyyəti bölüşmək məcburiyyətində məcbur qala bilər. Əks halda ikinci tur elan olunacaq ki, bu da Ermənistanda böhran və xaosun daha da dərinləşməsinə gətirib çıxaracaq.

Sorğularda ortaya çıxan səs faizlərinə əsasən deyə bilərik ki, erməni cəmiyyətində siyasi qütbləşmə mövcuddur. Bir qütbdə Paşinyan, digərində isə Koçaryan dayanır. O da bir həqiqətdir ki, Paşinyanla Koçaryanın koalisiyalı hakimiyyəti dayanıqlı və uzunmüddətli ola bilməz. Bir sözlə, bu ssenari reallaşsa Ermənistanda ciddi hakimiyyət böhranının yaşanacağı qaçılmazdır.

Erməni xalqı hazırda pislərin içərisindən daha az pis olanı seçmək zərurəti qarşısındadır. Nə "demokratiya və insan haqları" şüarları ilə hakimiyyətə gələn Paşinyan, nə də bundan əvvəl ölkəni kriminal üsullarla idarə edən Koçaryan erməni xalqına nicat yolu vəd edə bilmir. Ermənilər də bunun fərqindədir. Ona görə də bütün sorğularda əhalinin böyük bir hissəsi heç bir siyasi qüvvəyə inanmadığını bildirir, ya da mövcud seçimlər qarşısında qərarsız olduğunu ifadə edir”, - deyə politoloq Ceyhun Əhmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə