ABŞ-Rusiya prezidentlərinin görüşündə nələr baş verəcək? - EKSPERT ŞƏRH ETDİ
”ABŞ və Rusiya prezidentlərinin görüşündə çoxlu sayda müxtəlif istiqamətlər üzrə gözləntilər və eyni zamanda alınacaq qərarların dünyada baş verə biləcək proseslərə və onların gələcək inkişafı istiqamətinə təsirləri ilə bağlı çoxlu fikirlər mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, bu görüş ərəfəsində hər bir dövlətin prezidentinin mövqeyinin gücləndirilməsi istiqamətində atılan addımlar göstərir ki, heç bir tərəf xüsusilə də Rusiya bir sıra addımlarından geri çəkilməyəcək. Eyni zamanda Amerika tərəfinin son dövrlər sərgilədiyi müəyyən güzəşt meyilli addımlar onu göstərir ki, Rusiyanı qarşısına rəqib kimi deyil, bir sıra proseslərdə hətta addım ata biləcəkləri tərəfdaş kimi görməyə çalışacaqdır: “Hesab edirəm ki, ilk növbədə Ukrayna və digər seperatçı rejimlərdə Rusiyanın fəaliyyəti və rolu həmin seperatçı rejimlərin mövcud olmasında, mövcudluğunun qorunub saxlanılmasında Rusiyanın rolunun zəiflədilməsi ilə bağlı məsələlər müzakirə oluna bilər. Xüsusilə Ukraynada Krım məsələsi, Ukraynanın ərazi bütövlüyü və eyni zamanda iki seperatçı rejimlə bağlı məsələlər müzakirə oluna bilər. İkinci çox mühüm məsələ hesab edirəm ki, “Şimal axını 2” layihəsinin həyata keçirilməsi ilə bağlı olar. Co Bayden hakimiyyətə gəldiyi ilk dövrlərdə “Şimal axını 2” layihəsi ilə bağlı kəskin mövqe nümayiş etdirsə də sonradan müəyyən güzəştlərin edilməsi nəticəsində “Şimal axını 2” demək olar ki, yekunlaşmaq üzrədir. 95%-dən yuxarı hissəsi artıq həyata keçirilib”.
Anar Əliyev həmçinin qeyd edib ki, müzakirə ediləcək ən mühüm məsələlərdən biri məhz Qafqazda Rusiyanın Türkiyə ilə birgə fəaliyyəti, müttəfiq münasibətləri və Qafqazda Rusiyanın nüfuzunun artması ilə bağlıdır: “Çünki bildiyimiz kimi 2020-ci ilin sonlarında Vətən müharibəsinin nəticəsi olaraq və 10 noyabr bəyanatının nəticəsi olaraq bölgəyə sülhməramlı qismində Rusiya və qismən Türkiyə daxil oldu. Bu proseslərdə münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransa və Amerika kənarda qoyuldu. Müzakirə mövzularından biri də Amerikanın yenidən münasibətlərinin tənzimlənməsi və bölgəyə daxil olması məsələləri ola bilər. Hesab edirəm ki, görüş zamanı müzakirə ediləcək ən mühüm məsələ Rusiya-Çin münasibətləridir. Rusiya ilə Çin münasibətlərinin yaxınlaşması fonunda bu münasibətlərə xələl gətirmək, daha doğrusu Rusiyanın Çindən uzaqlaşmağına nail olmaqdır.
Xüsusilə nəzərə alsaq ki, Çin qısa bir müddət ərzində həm də Yaxın Şərqə iqtisadi layihələrlə, böyük iqtisadi maliyyə kapitalı ilə daxil oldu. Regionda böyük yatırımlarla yeni bir oyunçu kimi özünü göstərməyə başladı. Bu təbii ki, Amerika və müttəfiqlərinin xüsusilə Qərbi Avropa dövlətlərinin strateji maraqlarına ziddir. Eyni zamanda Rusiyada qarşıdan gələn seçkilər ərəfəsində Rusiyaya təzyiq etmək üçün Rusiyadaxili məsələlər xüsusilə də insan haqları, hüquqları və “navalni” məsələsi yenidən gündəmə gətiriləcəkdir. Rusiya-Türkiyə münasibətləri, Türkiyənin Rusiyaya yaxınlaşması, bu istiqamətdə xüsusilə Rusiyadan “S 400”lərin alınması, Yaxın Şərqdə Rusiya-Türkiyə birgə fəaliyyəti bu istiqamətdə gələcək perspektivlərin müzakirəsi gündəmə gətirilə bilər. Bu görüşün nəticəsi bir sıra regionlara ciddi və əhəmiyyətli təsir etməklə yanaşı həm də Qafqaz regionuna təsir edə bilər. Qafqazda davamlı sülh və birgə yaşayış prosesinə ciddi təsir edə bilər. Bu istiqamətdə indiyə qədər Azərbaycanın yürütdüyü düzgün xarici siyasət bundan sonra da davam etdiriləcək”.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB