Ermənistan ölmüş bir dəvədir, ondan bir dişlək pay qoparmaq istəyən erməni də az deyil. Ölmüş dəvənin sözdə sahibi bol olsa da, reallıqda bu meyiti sürüyüb bir tərəfə çıxarmaq istəyən yoxdur. Bəli, iyunun 20-də ermənilər sandıq başına toplaşıb Ermənistanı o dünyaya necə göndərəcəkləri barədə yekun rəy verəcəklər. “Xəstə”nin ölüm epikrizində nə yazılacaq, bu, hələlik məlum deyil.
…Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə sayılı günlər qalır. Keçmiş və indiki hakimiyyət təmsilçiləri bütün resurslarından, informasiya texnologiyalarından istifadə edərək rəqiblərini ram etməyə, “taxt-tacı” ələ keçirməyə çalışırlar. 26 partiya və blok ac canavar kimi Ermənistanın şəhər və kəndlərinə səpələnib. Seçki platformaları olmayan bu siyasi qruplar və onların liderləri seçicilərin səsini oğurlamaq üçün min bir dona girirlər. İlk sözləri müharibədə məğlubiyyət, ikinci cümlələri erməni xalqının düşdüyü rəzil durumdur. Amma bu vəziyyətdən çıxış yolunu göstərmək ağıllarının ucundan da keçmir. Yalnız “bizə inanın və səsinizi bizə verin” deyə çeynənmiş təklifi bir daha səsləndirirlər. Müharibədə məğlubiyyətin əsas səbəbkarı kimi Paşinyanı və onun komandasını hədəf göstərməklə qalibiyyətlərinə artıq “peçat” vurduqlarını düşünürlər.
Gəlin, vaxt itirmədən Ermənistanın bugünkü siyasi palitrasına diqqət edək. Suallar da az deyil. Qarşıdan gələn seşkilərlə bağlı partiya və blokların liderləri nə düşünür? Bu günə qədər Ermənistanın regionda yürütdüyü işğalçılıq və terror siyasəti və sonda ağır məğlubiyyət erməni xalqına dərs oldumu, yoxsa?.. Ermənilər onları 30 il “Qarabağ” buxovunda saxlayanları yenə dəstəkləyəcəkmi? Bəlkə, həmin buxovu çıxarıb atmaq istəyənlərin yanında olacaqlar? Hər halda 20 iyunda çox mətləblər açılacaq, çox suallara aydınlıq gətiriləcək.
Bəs seçkilərin favoritləri bu barədə nə düşünür?
Ermənistanın ilk prezidenti, “Erməni Milli Konqresi”ndən baş nazirliyə namizədliyi irəli sürülmüş Levon Ter-Petrosyan bildirib ki, qarşıdan gələn parlament seçkiləri qeyri-adiliyi ilə seçilir: “Ermənistanda bu gün vəziyyət partlayış həddindədir. Mənim proqnozuma görə, bu seçkilər Ermənistanın tarixində həm utancverici və həm də ən təhlükəli bir vaxta təsadüf edir. Biz acı məğlubiyyətə düçar olmuşuq. Ölkə çətin durumdadır və çıxış yolu çox deyil”.
L.Ter-Petrosyan Paşinyanın onu debata çağırmasına özünəməxsus şəkildə reaksiya verib: “Mən debatdan Paşinyana yazığım gəldiyi üçün imtina etdim”.
Amma Ermənistanın siyasi arenasında Petrosyanın bu yanaşmasına münasibət birmənalı deyil. Çünki, siyasi müstəvidə baş verənlərdən xəbəri olan hər kəsə məlumdur ki, Ermənistanın ilk prezidenti indiki baş nazir Nikol Paşinyanın öyrətməni, patriarxıdır. Levon 24 il bundan əvvəl edə bilmədiyini Nikolun əli ilə həyata keçirmək istəyir. O bilir ki, qonşularla güc dilində danışmaq ölüm hökmünü imzalamaq deməkdir. Burada siyasət işlətmək lazımdır. Onu da dərk edir ki, Koçaryandan və Sarkisyandan fərqli olaraq “Tualet siyasəti”, “Qaynana siyasəti” qısa zamanda effekt verə bilər, sonra isə...
“Qarabağ” klanının toplaşdığı “Ermənistan” blokunun lideri, ölkəsinin ikinci prezidenti Robert Koçaryan məsləkdaşları kimi çıxışlarında əsasən indiki hakimiyyəti hədəfə alır və sadə xalqı düşündürən sosial problemləri qabardır: “Ermənistanın iqtisadiyyatı dibi görünməyən uçuruma gedir. İşsizlik, yoxsullaşma son vaxtlar intensivləşən miqrasiya proseslərini bir az da təkan verib. Son 4 ayda 80 min erməni ölkəni geri dönməmək şərti ilə tərk edib. Son 25 ildə Ermənistanda bu göstərici ilk dəfədir ki, qeydə alınır. Ölkə boşalır. Bu axını durdurmasaq Ermənistan türklərə qalacaq. Ona görə də hər bir seçici 20 iyunda elə seçim etməlidir ki, indiki vəziyyət dəyişsin, ölkəni bu günə salan hakimiyyəti rədd olub getsin. Biz Ermənistanın dirçəldilməsi, insanların sosial problemlərinin həll olunacağı bu yolu bilirik. Biz bunu sübut etmişik. Əgər bizə səs versəniz hər şey yaxşı olacaq və biz güclü Ermənistanı qura bilərik”.
“Həyat, yoxsa ölüm”. Ermənistanın sayca üçüncü prezidenti, Respublika Partiyasının sədri, “Şərəfim var” blokunun lideri Serj Sarkisyan bu cümlə ilə seçicilərə səslənib və əlavə edib ki, dövləti yaşatmaq, öz varlığınızı davam etdirmək istəyirsinizsə bizim yanımızda olun: “Bu seçkilərin keçirilməsi bizim arzu və niyyətimiz deyildi. Bizi buna məcbur etdilər. Vətənin bu ağır günündə səslənən bu çağırışları qəbul etdik. Biz mövqeyimizdə qətiyik. Seçkilər adi deyil. Ölüm, qalım məsələsi həll olunur. Ya bir dövlətçiliyimizi itirəcəyik, ya da yenidən dirçəlib güclü Ermənistan quracağıq. Ola bilsin ki, bu bizə verilmiş sonuncu imkandır. Mən istəmirəm ki, mənim nəvələrim evlərində divardan Ararat (Ağrı dağı) dağının şəklinin yanında Tatev monastr kompleksinin və Sevan (Göyçə gölü) gölünün şəkillərini də assınlar. Mənə və mənim komandama “biz xəbərdarlıq etdik, biz əvvəlcədən bilirdik” demək asan görünə bilər. Çünki bunlar bu gün əhəmiyyətsiz sözlərdir. Nə itirdiyimiz 5000 əsgərimizi, nə də Qarabağı qaytara bilmərik. Kimin ağlına gələ bilərdi ki, öz canını bu torpaqlar uğrunda fəda etmiş qəhrəmanlarımız qəbirdə dinc yatmaq imkanından məhrum olacaqlar. Ermənistan satqınların ucbatından tərəfdaşlarının və müttəfiqlərinin yanında inam və etibarını itirdi. İndi Ermənistana rəhbərlik edən populistlər cəmiyyətimizi parçalamağı, bizi zəif salmağı məharətlə bacardı. Bu gün biz asta ölüm mərhələsindəyik. Bu əclaflar illərdir deyirdilər ki, sakit yaşamaq üçün Qarabağı Azərbaycana vermək lazımdır, mütləq bu yükdən azad olmalıyıq. Onlar üçün Qarabağ boynumuzdan asılan ağır daş idi”.
Hazırda özünü Ermənistanın baş naziri kimi təqdim edən Nikol Paşinyan isə siyasi opponentlərinin əksinə olaraq ölkədə vəziyyətin bundan sonra daha yaxşı olacağını deyir. O, seçiciləri inandırmağa çalışır ki, 2018-ci ildə baş vermiş məxməri inqilabdan bu günə qədər baş verənlər yalnız erməni xalqının xeyrinədir. Azərbaycanla müharibədə Ermənistanın məğlubiyyəti qaçılmaz idi: “Tanrı bizdən üz çevirmişdi”.
Paşinyan rəqiblərinə xitabən bildirib ki, bəli, hər partiya və blok 20 iyun tarixini sanki haqq-hesab günü kimi təsəvvür edir: “Siz həm mənim, həm də Petrosyanın, Koçaryanın və Sarkisyanın etdiklərinə baxın və müqayisə edin. Biz özümüzə inanırıq, bilirik ki, seçkilərdə ən azı 60 faiz səs toplaya biləcəyik. Seçim xalqındır və biz bu seçimə hörmətlə yanaşacağıq”.
Baş nazir vəzifəsini icra edən Paşinyan xəbərdarlıq etməyi də unutmayıb: “Məxməri”yə nöqtə qoyulacaq. 2018-ci ildən fərqli olaraq “məxməri mandat”ı “polad mandat”la əvəz edəcəyik. Təbii ki, xalqın dəstəyi ilə. Xalq kim olduğunu çoxdan unudub. Biz isə onların vətəndaşlıq hisslərini özlərinə qaytaracağıq”.
Nikol xüsusi olaraq vurğulayıb ki, biz əvvəlki hakimiyyət təmsilçilərindən fərqli olaraq büdcədən oğurluq etmirik.
“İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan isə bildirib ki, Ermənistanda problemləri həll etmək üçün milli barışıq lazımdır: “Amma bu ölkəmizdə yoxdur. Birlik əldə etmək problemimiz qaldıqca düşmən (Azərbaycan) növbəti qələbələr qazanır”.
Bəli bu gün Ermənistanın acınacaqlı vəziyyəti barədə yerli kütləvi informasiya vasitələri həyəcan təbili çalır. Bəzi media orqanları hətta Ermənistanı sahibsiz, başsız ölkə kimi təqdim edirlər. Məsələn, Ermənistanın "Zhoxovurd" qəzetində bu gün dərc edilən bir məqalədə qeyd edilib ki, Ermənistandakı seçkilər birinci turda bitməsə və bu vəziyyət bir ay davam edəcəksə, iyunun 20-dən əvvəl və ya sonra gözlənilənləri təsəvvür etmək qorxuncdur: "Ermənistan bu gün sahibsiz bir vəziyyətdədir və mövcud hökumət bu şərtlərdə hər hansı bir addım atmaq əvəzinə təşviqat aparır".
Qəzet vurğulayır ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, bütün qubernatorlar məzuniyyətdədir və başqa heç bir məsələ ilə məşğul olmurlar. "Ümumiyyətlə Xarici İşlər Nazirliyimiz yoxdur, nazir və bütün müavinləri istefa etdi və yeni şöbə müdiri hələ təyin edilməyib" - deyə, qəzet yazır.
"News.am" portalında dərc olunan başqa bir məqalədə isə ölkənin uçuruma getdiyi vurğulanır. Sayt “Mənim Qürurum var” blokunun lideri Arthur Vanetsyanın fikirlərinə yer verərək bildirir ki, ölkə rəhbərliyi daim yalan danışır, yalan onların kredosudur. Daha sonra qeyd edilir ki, inqilabçı proseslər yolu ilə hakimiyyətə gələn Nikol Paşinyanın davranışının çox böyük bir hissəsində populizm var.
Beləliklə, bu gün Ermənistan təxminən eyni ab-hava hökm sürür. Dövlətin düşdüyü bu xaotik vəziyyətdən çıxış yolu tapmaq əvəzinə, əli və ünü yetən hər kəs müxtəlif media orqanları vasitəsilə bir-birini ittiham edir, günahlandırır və ya təhqir etdirir. Erməni cəmiyyəti isə həmişəki kimi böyük bir çaşqınlıq içərisindədir.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB