"Paşinyan davam edərsə, rəqəmləri açıqlayacağam" SARKİSYAN PAŞİNAYNI HƏDƏLƏDİ
Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, rəhbərliyi dövründə silah alışı həcmi ilə bağlı açıqca yalan danışır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan seçicilərlə görüşündə söyləyib.
O, deyib ki, mövcud hakimiyyət təyyarələrin qarşısında şəkil çəkdirmək üçün Su-30 almışdı, lakin heç kim eks-prezidenti, məsələn, İskəndərin yanında görməmişdi.
"Biri mənim İskəndərlə şəkil çəkdirməyimi görübmü?", deyə eks-prezident sual edib və ardınca da Paşinyanı və onun komandasını hər zaman yalan danışmaqda günahlandırıb.
Xatırladaq ki, bir qədər əvvəl, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan eks-prezident Serj Sarkisyana cavab olaraq 2018-ci ildən bəri ölkənin hərbi büdcəsinin 48% artırıldığını söyləmişdi. Onun söylədiklərinə görə, guya Ermənistan 2019-cu ildə, dəyəri 248 milyon dollar olmaqla son on ildə satın alınan bütün silahların 62 faizini əldə edib.
Sarkisyana görə isə, Paşinyan yalan danışır və üçüncü prezidentdən daha çox silah aldığını iddia edir. Onun sözlərinə əsasən, demək olar ki, bütün silahlar daha əvvəl imzalanan müqavilələrə əsasən Ermənistana gəlib, üstəlik, mövcud hökumət əvvəlki rəhbərliyin nəzərdə tutduğu satınalma planını ləğv edib.
“Tərəfimizdən saxlanılan pulla, sursatsız olmaqla, 4 təyyarə aldılar ki, qarşısında fotoşəkil çəkdirsinlər. İskəndərlə şəkil çəkdirdiyimi kimsə görübmu?”, deyə Sarkisyan bildirib.
O, təyyarələrin 2015-ci ildən bəri daha yaxşı şərtlərdə təklif olunduğunu, ancaq nədənsə alınmadığını da qeyd edib.
Sarkisyan Paşinyanı hərbi-texniki yardım kimi onun dövründə nə qədər patron aldığını göstərməyə çağırıb.
“Onlar nə gətirdilər? Əgər bu mövzunu sona qədər davam etdirsə, mən rəqəmləri yayacağam. Ancaq hələlik özümü saxlayıram, çünki dövlətçiliyin və ordunun nə olduğunu başa düşürəm. Üstəlik, bu rəqəmlərin dərc edilməsi nəyə gətirib çıxaracağını da anlayıram”, deyə Sarkisyan vurğulayıb.
O, həmçinin qeyd edib ki, Paşinyan ordudan qorxduğu üçün ordunu məhv etmək və zəiflətmək məqsədini qarşısına qoyub.
Diqqətə çatdıraq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçki kampaniyası isə rəsmi olaraq 7 iyunda başlayıb. Görünür, seçki günü yaxınlaşdıqca, tərəflər bir-birini ittiham etməyə, günahlandırmağa, bununla da bir-birini xalqın, seçicinin gözündən salmağa çalışır. Bəlli olur ki, bundan sonra məhz bu istiqamətdə mübarizə daha da şiddətlənəcək və heç şübhəsiz ki, tərəflər bir-birilərini daha çox ifşa edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB