"Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı unudulmayacaq tariximizdir” - Həmid Pənahov
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Çünki Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bu tarixi günlə bağlı YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov SİA-ya açıqlamasında iyun hadisələrinin dövlətçilik tariximizdə hansı dönüş nöqtəsinə səbəb olması ilə bağlı fikirlərini bildirib.
- Həmid müəllim, bu günlər Azərbaycan xalqı 15 İyun Milli Qurtuluş Gününü növbəti dəfə böyük təntənə ilə qeyd etmək ərəfəsindədir. Sizcə, məlum iyun hadisələri dövlətçilik tariximizdə hansı dönüş nöqtəsinə səbəb oldu?
- İlk növbədə, belə bir şərəfli tarixi gün münasibəti ilə hər bir azərbaycanlını təbrik edirəm. Söz yox ki, Ümummilli Liderimiz Heydər Əliyev məhz 28 il əvvəl iyunun 15-də yenidən siyasi rəhbərliyə qayıdışı ilə uçuruma yuvarlanmaqda olan ölkəmizi bir çox bəlalardan xilas etdi. Çünki Ulu Öndərin qayıdışı ərəfəsində ölkə idarəolunmaz bir həddə çatmışdı. O vaxt respublikanın bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etdi. Bu müraciət və Ulu Öndər Heydər Əliyevin cavabı "SƏS" qəzetində dərc olundu. Müraciətdə yeni partiyanın yaradılması və partiyaya Heydər Əliyevin sədrlik etməsi arzuları ifadə olunurdu. Ulu Öndər Heydər Əliyev insanların çoxsaylı xahişlərini müsbət cavablandırdı. Nəhayət, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
- 1993-cü ilin iyun hadisələrinin hansı siyasi-ictimai səbəblərdən baş verdiyini deyə bilərsiniz?
- Ümummilli Liderin siyasi rəhbərliyə ikinci qayıdışı bizim yaxın və unudulmayacaq keçmişimizdir və hamımız o günlərin şahidiyik. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Çünki Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışı ərəfəsində ölkənin bütün sütunları laxlamışdı. Vəziyyət çətin olsa da, ondan çıxış yolu da vardı. Bu da Böyük Öndər Heydər Əliyevin siyasi iradəsi, çoxillik səriştəsi, idarəetmə bacarığı idi. Xalq da bunu bildiyindən bu sonuncu ümiddən möhkəm yapışdı, təkidlə Onun siyasi hakimiyyətə qayıdışını istədi. Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtmaqla, əslində, ölkəmizi sürükləndiyi uçurumdan xilas etdi. Heydər Əliyevin qayıdışı ilə ölkənin həyatında yeni bir ab-hava yarandı. Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ölkəmiz bu illər ərzində bir çox daxili və xarici siyasət sahəsində uğurlar əldə edir. Onun alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli qürurumuzu özünə qaytaran, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsinin Zəfərlə nəticələnməsi, məhz Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin etməsidir.
Bu gün qazaxlıların bir sevinci də artıq gündəlik eşitdikləri atəş səslərini unutmalarıdır. Artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsi tarixə qovuşub. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu Ermənistana elə bir dərs verib ki, tarix boyu onu unutmayacaq. İllərdir yaratdıqları «məğrur erməni ordusu» mifi tamamilə darmadağın edildi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri daim irəli getdi, cəbhədən davamlı qələbə xəbərləri gəldi. Ordumuzun gücü, qüdrəti qarşısında Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı.
- Ərazi bütövlüyümüzün bərpası ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin həyatında yeni dövr başladığını demək olarmı?
- Bəli, artıq ölkəmizin həyatında yeni dövr başlayıb - quruculuq, bərpa dövrü. Bu günümüzün mənzərəsi budur ki, Azərbaycan yeni reallıqlar yaradıb, bölgədə yeni əməkdaşlıq formatlarının təməli qoyulur. İşğaldan azad edilmiş torpaqlarımızın, dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşamızın cənnət məkana çevrilməsi əsas prioritetlərdəndir. Bunun üçün həmin ərazilərdə yeni idarəçilik sistemini yaradılması istiqamətində addımlar atılır. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş rayonlarda Prezidentin xüsusi nümayəndələri institutu formalaşır. İlk addım Qarabağın ürəyi olan Şuşamızda atıldı. Dövlət başçımızın dediyi kimi, bütün işlər planlı şəkildə həyata keçirilir.
Məhz bu baxımdan, Ulu Öndər Heydər Əliyevin şah əsəri adlandırdığımız müasir Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş tərəqqi dövrünü bu gün də yaşayır, yaşadır, inkişaf etdirir. Dünya şöhrətli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına çıxıb. Artıq Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyi məsələlərində mühüm rol oynayır. Əlbəttə ki, bütün bunların əsasında Ulu Öndərin hakimiyyətə qayıdışı ilə başlayan Milli Qurtuluş dayanır. Bütün münalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycanın tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçe-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB