"Erməni faşizminin mina terroru cavabsız qalmayacaq" - DEPUTAT REAKSİYA VERDİ

"Erməni faşizminin mina terroru cavabsız qalmayacaq" - DEPUTAT REAKSİYA VERDİ

“2020-ci il 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalanması ilə döyüş əməliyyatlarının dayandırılması və bir neçə rayonumuzun hərbi münaqişə baş vermədən düşmən işğalından azad olunması Azərbaycanın güclü və qüdrətli dövlət olmasının bariz nümunəsi idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, hərbi əməliyyatlar dayandırılsa da, indiyə qədər həm hərbçilərimiz, həm də mülki insanlarımız mina partlayışları nəticəsində həlak olub, ağır yaralanıblar: “Ermənilər öz çirkin xislətlərinə sadiq qalaraq hərbi təyinatı olmayan əraziləri də minalayıblar. Mənfur düşmən bunu məqsədli şəkildə həyata keçirib və məqsəd də, təbii ki, daha çox soydaşımızın həlak olmasıdır”.

İ.Məmmədov vurğulayıb ki, Azərbaycan Respublikası Bəyanata əsasən bütün işlərin həyata keçirilməsinə şərait yaradaraq bir çox məsələlərdə humanistlik göstərsə də, Ermənistan tərəfi bugün də bunun əksini nümayiş etdirir: “Ümumilikdə Ermənistanın bütün çirkin əməlləri onların faşist ideologiyasına xidmət etməsinin sübutudur. Düşünürəm ki, həm beynəlxalq təşkilatlar, həm dünya ictimaiyyəti minalanmış ərazilərin xəritələrinin dərhal Azərbaycana qaytarılması üçün Ermənistana təzyiq göstərməli və bunun insanlıq əleyhinə ağır cinayət olmasını anlayaraq, ermənilərin terror siyasəti qarşısında susmamalıdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə