"Azərbaycan AB ilə normal münasibətlərdə olmaq marağındadır" - POLİTOLOQ ŞƏRH ETDİ
“Avropa İttifaqı ilə münasibətlər əlbəttə ki, Azərbaycan dövlətinin geosiyasi maraqları kontekstində tənzimlənir. Azərbaycan inkişaf etmiş Avropa Birliyi iqtisadi-siyasi məkanı ilə hər zaman normal münasibətlərdə olmaq marağındadır. Çünki, bildiyiniz kimi Avropa Birliyi qlobal səviyyədə demək olar ki, xüsusilə də, texnoloji cəhətdən ən inkişaf etmiş siyasi-iqtisadi məkandır. Həmçinin, Avropa Birliyi həm də Azərbaycan üçün böyük bir bazardır. Bildiyiniz kimi Azərbaycan öz enerji daşıyıcılarının böyük əksəriyyətini məhz Avropa Birliyinə və oraya daxil olan ölkələrə ixrac edir. Düşünürəm ki, bu gələcək perspektivdə də artan xətlə davam edəcək. Yəni, Azərbaycan və Avropa Birliyi münasibətlərini tənzimləyən əməkdaşlıq hələlik bu konteksdədir. Ancaq bu münasibətlərdə problemlər də yox deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Avropa Birliyi sturukturları içərisində Azərbaycana ədalətsiz yanaşma tərzini hər zaman müşahidə etmişik: “Bugünün özündə də fikir verirsinizsə Avropa Parlamenti mahiyyətinə varmadan belə bir bəyanat qəbul etdi ki, Azərbaycan dərhal qeyd-şərtsiz Ermənistan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. Hansı ki, Avropa Parlamenti kimi ciddi bir siyasi qurumun ən azından məsələnin mahiyyətinə varmadan, coğrafi xəritələrə müraciət etmədən, baş verən hadisələri doğru-dürüst araşdırmadan bu cür siyasi bəyanatlar verməsi, Azərbaycana hansısa yöndə təzyiqlər etməyə çalışması Avropa Birliyi ilə Azərbaycan arasında münasiətlərə müsbət mənada töhfə vermir. Bu da əslində həmin qurumlarda xristian təəssübkeşliyi, eyni zamanda Azərbaycan düşmənçiliyi və təbii ki, erməni diasporunun müəyyən mənada təsirini göstərir. Bu cür təsirlər iki siyasi məkan arasında zaman-zaman müəyyən problemlər yaradır. Doğrudur, bu cür bəyanatlar Azərbaycana müəyyən hüquqi öhtəliklər və məcburiyyətlər yaratmır. Çünki, bunlar tövsiyyə xarakterlidir. Həmçinin, də ədalətsizdir və Azərbaycana yönəlik davranışda ikili standart nümayiş olunur. Ancaq hər bir halda Azərbaycan bərabərhüquqlu əməkdaşlıqdan yanadır və tərəzidə hər zaman ədalətin gözlənilməsini istəyir. Ancaq, bəzən zaman-zaman Azərbaycana yönəlik adekvat reaksiyanı biz Avropa Birliyi sturukturlarından görmürük”.
Politoloq sözlərinə belə davam edib: “Məsələn, bu yaxınlarda Avropa Şurası Prezidenti Azərbaycan Prezidentinə zəng etdi. Fikir verirsinizsə, Avropa Parlamenti, Avropa Şurası və bəzi Avropa Birliyi sturukturlarından fərqli olaraq, sözün əsl mənasında Avropa sturukturlarına rəhbərlik edən insanlar Azərbaycanın regiondakı geosiyasi əhəmiyyətini daha doğru-dürüst anlayırlar. Məhz bu konteksdə və xüsusda Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Düşünürəm ki, əslində, siyasi əməkdaşlıqda da ən doğru olan budur. Çünki, Cənubi Qafqazın ən strateji və əhəmiyyətli bölgəsi Azərbaycandır. Avropa Birliyi rəhbərləri də bunu anlayırlar ki, bu gün Cənubi Qafqaza, bütövlükdə bu regionda geosiyasi planın həyata keçirilməsi Azərbaycansız mümkün deyil. Azərbaycanı gözardı edərək bu gün hansısa regionda geosiyasi nailiyyətlər və planlar həyata keçirməyi kimlərsə düşünürsə, bunu yerinə yetirmək mümkün olmayacaq. Çünki, Azərbaycan regionda öz ağırlığı və təsir imkanı olan bir ölkəyə çevrilib”.
“Həmçinin, Azərbaycan 44 günlük Vətən Müharibəsində qalib olan bir ölkədir. Düşünürəm ki, bundan sonra da regionda əsasən hərəkətverici qüvvələrdən biri də məhz Azərbaycan olacaq. Bu gün Azərbaycan həm regiona, həm də qlobal səviyyədə bütün dünyaya yeni əməkdaşlıq platforması təqdim edir. Yəni, 44 günlük müharibədən sonra, yeni əməkdaşlıq formatı əslində regiona iqtisadi yüksəlişlə bərabər həm də, sülh və təhlükəsizliyi gətirəcək. Bu siyasətin nəticəsi bütün region ölkələri üçün bütün anlamda bir qazanc xarakteri daşıyır. Belə olduğu təqdirdə yəni, “qazan” siyasətinə üstünlük verməyən, bunun əleyhinə gedən ölkələr varsa, düşünürəm ki, həmin ölkələr getdikcə regionda həm də qlobal səviyyədə öz geosiyasi əhəmiyyətini itirməyə davam edəcəklər. Ona görə də yeni komunikasiya sistemlərinin açılması onların tam gücü ilə işləməsinə və bu komunikasiyaların birləşməsinə gətirib çıxardacaq. Burada da təkcə Azərbaycan deyil, bütün region ölkələri və dünya qazanacaq. Belə bir təşəbbüskar ölkə məhz Azərbaycandır. Ona görə də, Avropa Birliyi indiki vəziyyətdə əlbəttə ki, regionun ən strateji, ən əhəmiyyətli və həlledici ölkəsi olan Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir. Düşünürəm ki, gələcək perspektiv də bunu vəd edir. Çünki, Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyi sistemində bilavasitə iştirak etməklə yanaşı, eyni zamanda Avropa Birliyinin regiondakı maraqlarını təmin edəcək, həm də ciddi strateji coğrafi, hərbi mövqelərə malik güclü bir ölkədir. Ona görə düşünürəm ki, Avropa birliyinin regionda geosiyasi maraqları varsa, əlbəttə Azərbaycanla bundan sonrakı münasibətlərə strateji xarakter verməlidir. Hansı ki, Azərbaycan da məhz bunda maraqlıdır”.
“Bu konteksdə Avropa Birliyinin müəyyən tələbləri var ki, bu tələblər içərisində Azərbaycan cəmiyyətinin, seçki və məhkəmə institutunun müstəqil bir səviyyədə olması və tədricən demokratikləşməsi, hakimiyyətin qollarının müstəqil olması islahatlarının keçirilməsi tələbi var ki, düşünürəm bunlar da Azərbaycan dövətinin marağı çərçivəsindədir. Bu xüsusda qarşılıqlı maraqlar çərçivəsində münasibətləri ən yüksək zirvəyə daşımaq mümkündür və bu hər iki tərəfin marağında olan məsələdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB