“Müasir gənclik Cümhuriyyətin arzularını gerçəkləşdirir” - MƏQALƏ

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisidir. Müasir dövlətimiz öz müstəqilliyini yenidən qazandıqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin yarımçıq qalan bütün arzularını həyata keçirməyə, reallaşdırmağa müvəffəq olmuşdur. Ulu babalarımız tarixin ən sərt və çətin dönəmlərində verdikləri əhəmiyyətli qərarlarla müdrik xalqımıza Müsəlman Şərqində ilk demokratik, liberal, hüquqi və tolerant dövlətçilik ənənələri ərmağan etməyi bacarmışlar. 20-ci əsrin əvvəllərində qoyulmuş bünövrə 20-ci əsrin sonlarında xalqımızın azadlıq arzuları ilə qurduğu sarsılmaz dövlətin də əsası olmuşdur.

Birinci Dünya Müharibəsindən sonra Rusiya İmperiyası daxilində olan digər xalqlardan fərqli olaraq Cənubi Qafqazda Azərbaycan xalqının yandırdığı azadlıq məşəli digər qonşu xalqların da tarixinə qızıl hərflərlə yazılacaq məqamlarla yadda qalmışdır. Təəssüflər olsun ki, bir əsr bundan əvvəl Rusiyada bolşevik hərəkatının baş qaldırması, Paris sülh konfransında iştirak edən dövlətlərin ikiüzlü siyasətləri və mənfur qonşularımızın əsassız torpaq iddiaları, terror meyilləri yenicə ayaq açan dövlətimizin 20 aydan artıq yaşamasına izn vermədi.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi töhfələri ilə yanaşı təəssüf hissi ilə deməliyəm ki, tarixi yanlışları da olmuşdur. Biz əzəli Azərbaycan torpağı olan İrəvanın heç bir şərt, qarşılıq olmadan Ermənistana verilməsinin əziyyətini sonrakı illərdə çəkdik və hələ də çəkirik. Azərbaycan SSR tərəfindən Göyçə və Zəngəzurun Ermənistana güzəştə gedilməsi artıq həllini tapmış olan keçmiş Qarabağ münaqişəsinin əsasını qoydu.

Halbuki, Zəngəzur dəhlizi bu gün də aktualdır və bizim gələcək milli maraqlarımıza tam cavab verir.
Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü il dönümündə Azərbaycanın Müzəffər Ali Baş Komandanı və rəşadətli ordusu tarixdə ilk dəfə Azərbaycanın itirilmiş torpaqlarını geriyə qaytara bilmişdir. Biz bu il bütün bayram və əlamətdar günlər kimi 28 may-Respublika gününü də qalib xalq kimi qeyd edirik. Xalqımız, cənab Prezidentin də vurğuladığı kimi, bütün itirilmiş torpaqlarına geriyə qayıdacaqdır. Biz bir əsrlik tarixi səhvləri aradan qaldıraraq, erməni faşizminin başını əzərək öz ərazi bütövlüyümüzü təmin etmişik.

Bilirsiniz ki, Azərbaycan xalqının dahi oğlu Ümummilli Lider Heydər Əliyev və cənab Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik və 100 illik yubileylərinin keçirilməsi və irsinin öyrənilməsi ilə əlaqədar müvafiq sərəncamlar imzalamışlar. Yeni Azərbaycan Partiyası da hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixinin, irsinin öyrənilməsinə və geniş kütlələr arasında təbliğ olunmasına xüsusi diqqət yetirmişdir. Bizlər, YAP gəncləri olaraq öz tariximizi, tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını və reallaşdıra bilmədiyi arzularını müasir dövrdə həyata keçiririk. Qarabağ zəfəri Cümhuriyyətin nəvələrinin öz babaları qarşısında milli-mənəvi borclarının ləyaqətlə yerinə yetirilməsinin sübutudur.

Müasir dövrdə Azərbaycan gəncliyi Cümhuruyyət ideyalarına sadiq qalaraq demokratik, liberal və tolerant yanaşmaları mənimsəmişdir. Biz Cümhuriyyət illərində bu yanaşmalara layiq olmayanlara qarşı çox tolerant davranmışıq. Bəzən milli maraqlar belə bu yolda qurban verilmişdir. Bu gün biz demokratik cəmiyyətdə yaşayırıq. Yaratdığımız yeni reallıqlar fövqündə əməkdaşlığa, mehriban qonşuluq münasibətlərinə dəyər veririk. Lakin heç bir amil milli maraqlarımızdan üstün deyildir. Əgər bu istiqamətdə dünya gəncləri biz Azərbaycan gəncləri ilə əməkdaşlıq etməyə hazırdırsa, bütün xalqların gəncləri ilə əməkdaşlıq etməyə hazırıq. Revanşist hissləri, əsassız torpaq iddialarını, silahlı terror hərəkətlərini kənara qoysalar, erməni gəncləri də bizlərlə birgə əməkdaşlıq edərək özlərini düşdükləri ağır vəziyyətdən çıxara bilərlər.

Fərəh Məcidzadə

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə