Eynulla Fətullayevin azadlığa buraxılmasında siyasi rəng yoxdur

Eynulla Fətullayevin azadlığa buraxılmasında siyasi rəng yoxdur

Bu gün səhərdən etibarən Azərbaycan Respublikası Prezidentinin mayın 26-da imzaladığı əfv sərəncamının icrasına başlanılıb. SİA-nın məlumatına görə, sərəncamda adı cəzasının çəkilməmiş hissəsindən azad edilmişlərin siyahısına düşən məhbuslar artıq cəzaçəkmə müəssisələrindən azad olunurlar.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında fərman imzalayıb. Fərmana əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 70 nəfər, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. 4 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Cərimə cəzasına məhkum edilmiş 6 nəfər isə cəzadan azad edilib.

Qeyd edək ki, əfv olunanlar arasında jurnalist Eynulla Fətullayev də var. Eynulla Fətullayev 2007-ci ilin aprelində həbs edilib. O, 2005-ci ildə qələmə aldığı "Qarabağ gündəliyi" adlı yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. 2009-cu ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəində saxlanılan Fətullayevin üzərində 223 qram heroin aşkarlanıb. Bununla əlaqədar onun barəsində çıxarılan həbs müddəti 8 il 6 ay olub. O, bu ilin mart ayında əfv olunması üçün prezident İlham Əliyevə müraciət etmişdi. Eynulla Fətullayev artıq cəzaçəkmə müəssisəsindən buraxılıb.

Əfv olunan digər məhbuslar arasında Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Allahverdiyevin müavini Eldəniz Lahıcov və sabiq polis rəisi Müşfiq Mədətov da var.

Daha sonra jurnalistlərə açıqlama verən Penitensiar Xidmətin rəisi Mədət Quliyev Eynulla Fətullayev azadlığa buraxlıması məsələsinə münasibət bildirib. "Eynulla Fətullayevin azadlığa buraxılmasında siyasi rəng yoxdur. Onu siyasi məhbus hesab etmirəm. Eynulla Fətullayev jurnalist fəaliyyətinə görə deyil, cinayət törətdiyinə görə həbs olunmuşdu. Əfv olunması ilə də bağlı da prezidentə müraciət etmişdi. Özü də etiraf edib ki, cinayət törədib, ona görə də əfv olunub".

Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov Azərbaycanda qadın məhkumların cəza çəkdiyi 4 saylı müəssisədə məhkumların məhkəmənin hökmü ilə şərti azadlığa buraxılması prosesində neqativ halların qeydə alındığını deyib. O, bildirib ki, bir qədər əvvəl 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 20 məhkum məhkəmənin hökmü ilə şərti azadlığa buraxılıb. H. Əlixanov deyib ki, bu prosesin həyata keçirilməsində bəzi sui-istifadə və rüşvət alma halları da aşkarlanıb: "Bununla bağlı ciddi araşdırma aparılır və heç kimə güzəşt olunmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə