"Daha sağlam gələcək" adı altında vaksinasiya aksiyası həyata keçirilib YENİLƏNİB-VİDEO-FOTOLAR

"Daha sağlam gələcək" adı altında vaksinasiya aksiyası həyata keçirilib YENİLƏNİB-VİDEO-FOTOLAR

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin vaksinasiya olunması uğurla davam edir. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə 20 may 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq “Daha Sağlam Gələcək” adı altında partiyanın gənc üzvlərinin peyvəndlənməsi həyata keçirilib.

Nəzərə çatdıraq ki, TƏBİB-in səyyar briqadası tərəfindən ilkin olaraq 150-dək gəncin peyvənd olunması nəzərdə tutulub.

Qeyd edək ki, tədbirin məqsədi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən partiya gənclərinin virusa qarşı immun sisteminin gücəndirilməsi və eyni zamanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində gənclərin rolunun artırılmasından ibarətdir.

Tədbirdə Səs İnternet Televiziyasına müsahibə verən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov vurğulayıb ki, bu vaksinasiya prosesinin keçirilməsində məqsəd, ölkəmizdə aparılan könüllülük əsasında vaksinasiya prosesinə gənclərin tovhə verməsinə şərait yaratmaqdır.

“Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və TƏBİB-in ortaq təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının fəal gənclərinin COVİD-19 virusu əleyhinə vaksinasiyası həyata keçirilir. Ümumilikdə, vaksinasiya hal-hazırda Azərbaycanda COVİD-19 virusu əleyhinə qəbul olunmuş vaksinasiya strategiyasına uyğun şəkildə keçirilir və bu gün Yeni Azərbaycan Partiyasının 150 nəfərədək fəal gənci könüllülük əsasında ilkin vaksinasiyadan keçirlər və onlara COVİD-19 virusu əleyhinə vaksin vurulacaq.

Yeni Azərbaycan Partiyasının fəal gənclərinin iştirakçısı olduğu müxtəlif ictimai proseslərdə, müxtəlif tədbirlərdə onların bu virus əleyhinə qorunmasını təmin etmək, eyni zamanda ölkəmizdə aparılan könüllülük əsasında vaksinasiya prosesinə gənclərin tovhə verməsinə şərait yaratmaq tədbirin əsas məqsədidir. Gənclərimiz bu gün vaksinasiya prosesindən keçdikdən sonra onlara 28 gündən sonra ikinci dozalar yenidən TƏBİB tərəfindən vurulacaq və bundan sonra onlar artıq müxtəlif ictimai tədbirlərdə, proseslərdə daha rahat, daha sağlam şəkildə iştirak edə biləcəklər”, deyə birliyin sədri Bəxtiyar İslamov bildirib.

Həmçinin YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev gəncləri vaksinasiya prosesinə maraq göstərməyə çağırıb.

“Bildiyiniz kimi bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının inzibati binasında vaksinasiya, peyvəndlənmə prosesi həyata keçirilir və partiyamızın fəal gəncləri hal-hazırda gördüyünüz kimi, bu prosesdə yaxından iştirak edirlər. Mən özüm də bu gün bu vaksinasiya prosesindən çox uğurla keçdim və özümü də çox yaxşı hiss edirəm.

Fürsətdən istifadə edərək bütün gənclərimizi vaksinasiya prosesinə maraq göstərməyə çağırıram və cəmiyyətimizə onu demək istəyirəm ki, gəlin fəal şəkldə bu prosesdə iştirak edək və COVİD-19 bəlasını ölkəmizdən kənarda tutaq”, deyə sədr müavini fikrini tamamlayıb.

Tədbirə qatılan TƏBİB-in departament rəhbəri Aygün Əliyeva isə ümumilikdə vaksinasi prosesinin gedişi barədə danışıb, səyyar briqadalar təşkil olunmasının əhəmiyyətini vurğulayıb.

“Bildiyimiz kimi, yanvar ayının 18-dən başlayaraq ölkəmizdə vaksinasiya prosesinə start verilib. Strategiyaya uyğun olaraq, ilk ölaraq tibb işçiləri fevral ayının 8-dən başlayaraq, 65 yaşdan yuxarı insanlar, fevral ayının 17-dən başlayaraq, 50 yaşdan yuxarı insanlar, martın 22-dən 40 yaşdan yuxarı insanlar, mayın 10-dan isə 18 yaşdan yuxarı vətəndaşlarımız məhz bu prosesə cəlb olunub. Artıq son statistikaya görə, 1 milyon 800 mindən artıq vaksin tətbiq olunub, 1 milyondan artıq vətəndaşımız birinci doza vaksini, 800 mindən artıq vətəndaşımız isə ikinci doza vaksini qəbul edib.

Aprelin 2-dən başlayaraq isə, tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədi ilə TƏBİB tərəfindən səyyar briqadalar təşkil olunub. Bu günə qədər 100-dən artıq dövlət, özəl sektor, universitetlər və müxtəlif qurumlardan gələn təkliflər nəzərə alınıb və son statistikaya görə, 25 mindən artıq müxtəlif dövlət və özəl sektor işçiləri birinci dozanı, 5 mindən artıq işçilər iə ikinci dozanı məhz səyyar briqadalar nəticəsində əldə ediblər və vaksinasiyaya cəlb olunublar.

Bu gün isə biz ölkənin siyasi flaqmanı olan hakim partiyanın təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasındayıq. Günün sonuna qədər Yeni Azərbaycan Partiyasının könüllülərinin müraciətləri nəzərə alınacaq. Təxminən 100-dən artıq könüllü, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvlərinin vaksinasiyaya cəlb olunması nəzərdə tutulub”, deyə TƏBİB-in departament rəhbəri diqqətə çatdırıb.

Xatırladaq ki, bu ilin yanvar ayının 18-dən etibarən həyata keçirilən aksiyada əhalinin demək olar ki, xeyli hissəsi artıq vaksinin ikinci dozasını qəbul edib. Onu da diqqətə çatdıraq ki, ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə