Jurnalist millət vəkilinin fikirlərini tənqid atəşinə tutdu - “İtirən Etibar bəy olacaq”

“Çox təəssüf ki, bəzi deputatlarımız ictimaiyyətin problemlərini həll etmək əvəzinə, cəmiyyətin ziyalı təbəqəsinə layiq addımlar atmaq yerinə sosial şəbəkələrdə öz təkəbbürlərini göstərməklə məşğuldurlar”. Bu fikirləri SİA-ya jurnalist, sosial ekspert Rövşən Rəsulov millət vəkili Etibar Əliyevin Facebook vasitəsi ilə yazdığı rəylərini bəyənməyən şəxsləri dostluq siyahısından çıxaracağı ilə bağlı münasibətini açıqlayarkən deyib.

“Etibar bəyin bu cür fikirlər səsləndirməsi, əslində, həm bir jurnalist, həm də sosial-ictimai fəal kimi məni təəccübləndirir”, deyən Rövşən Rəsulov əlavə edib ki, əgər, onun yazılarını, statuslarını sosial şəbəkələrdə kimlərsə bəyənmirsə, problemi cəmiyyətdə yox, özündə axtarmalıdır: “Fərdin dilə gətirdiyi fikirləri cəmiyyət tərəfdən bəyənilməsini məcbur etmək olmaz. Hesab edirəm ki, Etibar bəyin bu cür status yazması onun şəxsi təkəbbüründən irəli gəlir. Deputat adını daşıdığına görə hər kəs onun sosial şəbəkədəki rəylərini bəyənməyə borclu deyil. Hər kəsin öz fikri, öz düşüncəsi var”.

Rövşən Rəsulov onu da bildirib ki, Etibar Əliyev sosial şəbəkədəki dostlarını siyahıdan çıxara bilər, amma bu, heç də onun deputatlıq reputasiyasına üstünlük verə bilməz: “Düşünmürəm ki, Etibar bəy onun rəylərini bəyənməyən sosial şəbəkədəki dostlarını silərsə, hər hansı bir üstünlük qazanacaq, əksinə, itirən də özü olacaq. Çünki böyük ehtimal ki, o insanlar arasında Etibar bəyə səs verib ona mandat qazandıran insanlar da var və onun bu cür addım atması elə seçicilərindən imtina kimi də dəyərləndirilə bilər”.

“Arzu edirəm ki, deputatlarımız bu kimi məsələdə həssas olsunlar və cəmiyyətdə nüfuzlarını qorumaq üçün daha önəmli işlərlə məşğul olsunlar. Sosial şəbəkələrdə ictimai reklam xətrinə bu cür şou xarakterli çıxışlar etməsinlər”, sonda jurnalist bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə