“Xarıbülbül” festivalı Azərbaycan multikulturalizm ənənələrinin rəmzinə çevrildi - ŞƏRH

Gülşən Orucova

6 saylı məktəb-liseyin direktoru, YAP Səbail rayon təşkilatı Rayon Şurasının üzvü, Əməkdar müəllim

Şuşa Azərbaycanın mədəniyyət beşiyidir, Pənahəli xanın mirasıdır, Qarabağın baş tacıdır, Qafqazın sənət məbədidir, xalqın qürur yeridir, tariximizin rəngarəngliyinin sübutudur, dünya səviyyəli ziyalılarımızın həyata atdığı ilk addımların məskənidir. 8 Noyabr 2020-ci ildə Şuşanı işğaldan azad etməklə biz mədəniyyətimizi, mirasımızı, məbədimizi, tariximizi, ruhumuzu qaytardıq.

Şuşada keçirilən “Xarıbülbül” festivalı uzunmüddətli siyasi-ideoloji mübarizənin məntiqi yekunu olan böyük tarixi qələbənin təntənəsidir.

Ümumiyyətlə, festivallar böyük bir mədəni hadisə olub mədəniyyətin inkişafında mühüm rol oynayır. “Xarıbülbül” musiqi festivalı da öz tarixi və rəngarəngliyi olan, keçirildiyi dövrdə bir çox mədəniyyət adamlarının diqqətini cəlb edən bir mədəniyyət hadisəsi idi. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin mayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Xarıbülbül” musiqi festivalının şəhid qanı ilə müqəddəsləşmiş həmin məkanda keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Uzun illər boyunca Şuşa şəhəri xalqımızın qəlbində daim sızıldayan yara, unudulmayan, heç bir şeylə yeri doldurula bilməyən itki idi. Hər il mayın 8-də Şuşanın işğal tarixini dərin hüznlə yad edərkən hər dəfə qəlbimizdə eyni sızıltını hiss edir, eyni sarsıntını yaşayırdıq. Nəhayət, 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusu işğal altındakı torpaqları, o cümlədən Şuşanı düşməndən azad etdi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyi barədə Azərbaycan Prezidentinin verdiyi xəbər şanlı Zəfər tariximizin ən parlaq səhifəsi oldu. Bununla da Şuşada musiqi festivallarının bərpası üçün ilkin zəmin yarandı.

32 illik fasilədən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 12-13 may tarixlərində şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etməsi həm də dünya ictimaiyyətinə verilmiş bir mesaj idi. Mayın 12-də - “Xarıbülbül” musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı. Dünya ictimaiyyətinə göstərildi ki, milli mənsubiyyətimiz, dinimiz, dilimiz müxtəlif olsa da, bizi birləşdirən vətənpərvərlik, dostluq, qardaşlıq duyğuları ilə vahid Vətənimizi qorumağa hər an hazırıq. Vətən müharibəsi günlərində düşmənin təxribatlarına baxmayaraq, bu birliyimizi qoruduq və bütün dünyaya nümayiş etdirdik. Qazanılmış Zəfərdə Azərbaycanda yaşayan bütün icmaların payı var. Ermənistandan və onun himayədarlarından fərqli olaraq ölkəmizdə ksenofobiya yoxdur. Azərbaycan multikulturalizmi, tolerantlığı həyat tərzi olaraq seçmiş bir ölkədir və həyata keçirilən builki “Xarıbülbül” festivalı Azərbaycan multikulturalizm ənənələrinin rəmzinə çevrildi. Bu festival Azərbaycanda yaşayan xalqların həm siyasi, həm də mədəni birliyinin işarəsi idi.

Eyni zamanda, “Xarıbülbül” festivalı ilə xalqımız mədəni və mənəvi zənginliyini dünyaya növbəti dəfə sərgiləmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalı qazanılmış böyük Zəfərin region üçün əhəmiyyətini bir daha göstərdi, mövcud olan yeni reallığı nümayiş etdirdi, Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyini sübut etdi. Eləcə də Şuşada “Xarıbülbül” festivalının keçirilməsi həm Prezident İlham Əliyevin, həm də Heydər Əliyev Fondunun Azərbaycan xalqı qarşısındakı çoxsaylı tarixi xidmətlərindən biridir. Təxminən 30 illik fasilənin ardınca mədəniyyyət paytaxtımızda belə bir festivalın keçirilməsi xalqımız tərəfindən illər, əsrlər sonra da sevinc, qürur və minnətdarlıq hissi ilə yad ediləcək.

Xüsusilə qeyd etmək lazımdır ki, bu gün Ulu Öndərin layiqli siyasi varisi, doğma torpaqlarımızı işğaldan azad edərək əbədiyaşar liderin vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qarabağın incisi olan Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsini, şəhərin tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin qısa müddətdə aradan qaldırılması və tarixən mövcud olmuş mədəni ənənələrin bərpa edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini böyük qayıdışın rəmzləri kimi dəyərləndirmək olar. Erməni vandallarından fərqli olaraq Azərbaycanın mədəniyyətə, tarixə, dinə, milli-mənəvi dəyərlərə verdiyi qiyməti əyani nümayiş etdirdi. Şuşada yeni məscidin təməlinin qoyulması və Gövhərağa məscidinin bərpası Azərbaycanın daim sadiq qaldığı İslam irsinin təbliği kontekstində çox mühüm hadisədir. Şübhəsiz ki, Ramazan bayramına təsadüf edən bu festivalda Şuşada azanın verilməsi, bayram namazının qılınması, yeni məscidin təməlinin qoyulması, “Xan qızı Natəvan” bulağından suyun gəlməsi Şuşa şəhərinin ruhunun, tarixi kimliyinin bərpası idi. Prezident İlham Əliyevin bildirdiyi kimi: “İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”.

Bu ildən başlayaq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il şəhərin 270 illik yubileyi qeyd olunacaq. Bəli, Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, onun əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır.

Beləliklə, Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biri olmaqla yanaşı, böyük tarixi Qələbənin təntənəsi oldu. Şübhəsiz ki, bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...