"Qarşıda hələ bir çox işlər görüləcək" - BAŞ REDAKTOR MÖVQE BİLDİRDİ

“Hazırda media öz formasını dəyişməkdədir. Yeni yaradılan Medianın İnkişafı Agentliyinin də qarşısına qoyulan əsas tələblərdən biri günün informasiya texnologiyalarının inkişafına uyğun olaraq medianın tənzimlənməsi və qanunun ona uyğunlaşdırılması məsələsidir. Bildiyim qədəri ilə son aylarda qanun üzərində gərgin iş gedir. Yəqin ki, sözügedən qanun Milli Məclisdə müzakirəyə çıxarılacaq və eyni zamanda ictimaiyyətin də müzakirəsinə veriləcək”. Bu fikirləri SİA-ya açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib.

Onun sözlərinə görə, qanun qəbul olunduqdan sonra Medianın İnkişafı Agentliyi ehtimal olunur ki, daha geniş spektrlı medialarla işləyəcək: “Biz nə qədər istəməsək də, bizim üçün nə qədər çətin olsa da ənənəvi media olan qəzetlərin kağız variantı zamanla sıradan çıxmaqdadır. Buna görə də yeni format axtarışı var. Son zamanlar bir çox yeni saytlar yaranıb, sosial şəbəkələr artıq bir sıra hallarda media funksiyasını yerinə yetirir və müxtəlif "Youtube" kanalları ilə audiovizual xəbərlərin çatdırılması kimi məsələlər qarışıq vəziyyət yaradıb. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, həqiqətən də Medianın İnkişafı Agentliyinin işi olduqca çətindir”.

R.Məcid vurğulayıb ki, Agentlikdə çox gərgin iş gedir: “Amma eyni zamanda da dövr elədir ki, kimlərin mediaya aid olduğunu ayırd etmək çətin məsələdir. Qarşıda hələ bir çox işlər görüləcək. Redaktorlarla qanun layihəsinin ilkin müzakirəsi zamanı hər kəsin bu vəziyyətdən çıxış yolu tapmaq istədiyini gördüm. Ümid edirik ki, qanun layihəsi də media sektorunu qane etsin. Media sektoru bu gün onsuz da çox çevik, kreativ rəqabət şəraitində işləyir. İnanıram ki, Azərbaycanda ciddi media ənənələrini yaşadan, qoruyan, obyektiv xəbərçiliyə xidmət edən mediaya daha çox üstünlük veriləcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...