Kiçik Qafqazda, Azərbaycanın qərbində yerləşən Laçın rayonu 1992-ci il 18 may tarixindən etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalıb və dekabrın 1-də, düz 28 ildən sonra Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uğurlu siyasəyi, qətiyyəti, rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində Azərbaycana qaytarılıb. Narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və başqa bu kimi kimi faydalı qazıntılarla zəngin olan və 28 il Ermənistan tərəfindən istismar edilən rayon ərazisi geri qaytarılaraq tarixi ədalət bərpa edilib.
Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın rayonu Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Bu rayonda, Mirik kəndi ərazisində "Qaranlıq kaha", "Bayqara" mağaraları, Hoçaz kəndində mağara məbədi yerləşir, ərazidə IX- XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları var ki, bu tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub, amma 1930-cu ildən müstəqil inzibati rayon olaraq yaradılıb. Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. İyirminci əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib və Laçın sözü "məğrurluq" mənasındadır.
Qeyd edək ki, 1 şəhər, 1 qəsəbə, 125 kəndidən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir. Rayonun əhalisi, əsasən, heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq və bostançılıqla məşğul olub. Bir çox mənbələrə görə, 1980-ci illərin sonunda rayonda cəmi üç erməni yaşadığı, başqa mənbələrdə isə 1970-ci illərdə bu say 34 nəfər olduğu göstərilir. Ermənistan Silahlı Qüvvələrinin işğalından sonra 58 736 nəfər laçınlı Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Laçın rayon icra hakimiyyətinin saytında qeyd olunur ki, 2020-cu il yanvarın 1-də laçınlıların sayı 78 565 nəfər olub ki, onlardan 66 671 nəfərini azərbaycanlılar, 1 914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edib.
Laçın rəsmilərinin bildirdiyinə əsasən, 28 il əvvəl rayonun işğalı zamanı 13 745 yaşayış evi qarət edilərək yandırılıb, ümumilikdə, Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib. İşğal nəticəsində bu rayon 267 nəfər şəhid verib, 66 laçınlı girov götürülüb. Ermənistan Silahlı Qüvvələrinin rayonu işğal etdiyi tarixə qədər orada 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib ki, bütün bunlar da qanunsuz istismar edilərək talan olunub.
İşğal dövründə Laçın rayonuna Ermənistan vətəndaşları və hətta son vaxtlar Livandan ermənilər də köçürülüb ki, bütün bunlar Ermənistan tərəfinin növbəti çirkin siyasətinin növbəti təzahürüdür. Belə bir köçürmə əlbəttə ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması faktıdır. Azərbaycan tərəfi də bu köçürmələri beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Təbii ki, erməni əsilliləri əraziyə köçürməklə Ermənistan yenə də növbəti saxtalaşdırmaya cəhd edib, amma faktlar təsdiq edir ki, bu inzibati rayonun əhalisinin böyük əksəriyyəti məhz azərbaycanlılar olub, ermənilər isə azlıq təşkil ediblər.
Ərazi iddiaları ilə tarixi saxtalaşdırmaq, müxtəlif çirkin əməllər törədərək başqalarına məxsus əraziləri zəbt etmək ermənilərin bu ərazilərə köçürülməsindən bu günə qədər əsas strategiyası hesab olunub. Rayonların, kəndlərin adlarını əsassız şəkildə dəyişdirməklə kifayətlənməyən ermənilər, tarixi, mədəni, dini abidələrin də adını, quruluşunu, hətta arnamentini belə dəyişdirib saxtalaşdırma siyasəti yürüdüb, həmin ərazilərin onlara məxsus olduğunu sübut etməyə çalışıblar və hələ də bu çirkin istiqamətdə çalışmaqdadırlar. Zaman-zaman cürük erməni ideologiyası ilə, qondarma “Böyük Ermənistan” xülyası ilə dəridən-qabıqdan çıxan bu toplum, qırğınlara, kütləvi insan tələfatına, terrorçuluğa rəvac verib və buna səbəb olub. Hələ də ermənilər təkcə Azərbaycanın yox, digər qonşu dövlətlərin də ərazilərinə göz dikdiklərini gizlətmirlər, bunu açıq-aşkar bəyan edirlər və hələ utanmazcasına saxta arqumentlər, saxta faktlar belə uyduraraq iddialar irəli sürürlər.
Doğrudur, ermənilərin ərazi iddiaları, işğalçılıq meyilləri, terrorçuluqları, separatçılıq və təxribatçılıq əməlləri nəticə etibarı ilə müxtəlif ərazilərin işğalı, insan tələfatı ilə nəticələnib. Amma, ermənilərin işğal faktlarının, onların çirkin əməllərinin reallaşmasına imkan verən məqamlar da danılmazdır. Xəyanət, satqınlıq, hakimiyyət uğrunda mübarizə, ambisiyalar və digər şəxsi maraqlar məhz belə məqamlardandır.
Maraqlı məqam odur ki, Birinci Qarabağ Müharibəsi zamanı Laçın uğrunda döyüşlərdə Azərbaycan ordusu ümumilikdə, 31 nəfər itki verib, 43 nəfər isə yaralanıb. Bu, demək olar ki, rayonun döyüşmədən təslim edilməsi deməkdir. Hətta, Ermənistan tərəfinin səlahiyyətliləri də bu fikirdədir və Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın Laçında döyüşən Azərbaycan ordusu barədə dedikləri də bunu təsdiqləyir. “Məndə elə bir fikir yarandı ki, onlar yalnız əhalinin şəhərdən çıxmasını təmin etmək üçün bizim qarşımızı kəsmişdilər”, deyən Ohanyan əslində etiraf edir ki, onlar özləri Laçını demək olar ki, döyüşmədən ələ keçiriblər. Laçının ələ keçirilməsi istiqamətində aparılan əməliyyatlar zamanı Ermənistan tərəfinin cəmi 25 nəfər itki verməsi özü də deyilənləri isbatlayır.
Döyüşmədən rayon niyə təslim edildi və buna səbəb nə oldu, deyə düşünməkdə, hətta ittiham etməkdə hər bir azərbaycanlı haqlıdır. Doğrudur, həmin illərdə Azərbaycan indiki kimi qüdrətli deyildi, amma bu, heç də döyüşmədən şəhəri təslim etməyə əsas sayılmaz və ən azından mübarizə aparıla bilərdi, hansıki bu müşahidə edilmədi. Məsələ burasındadır ki, həmin dövrdə hadisələr heç də xalqın istədiyi, arzuladığı kimi cərəyan etmirdi və ölkə vətəndaş müharibəsi astanasında idi, hakimiyyət davası, çəkişmələr hökm sürürdü. Bundan da hiyləgər erməni tərəfi məharətlə istifadə etdi, əraziləri işğal etdi, kütləvi qətllər, qırğınlar, soqırımları törətdilər, sonradan ən ağır işgəncələrə məruz qoyacaqları saysız-hesabsız əsir götürdülər və bir milyondan çox insan bu işğal nəticəsində yurd-yuvasından didərgin salındı.
Tarixi faktlar, araşdırmalar təsdiq edir ki, Laçının işğal edilməsində əsas faktor AXC və Mütəllibov arasındakı hakimiyyət davası oldu. Ayaz Mütəllibov hakimiyyətə gələcəyi, daha doğrusu yenidən öz prezidentlik postunu geri qaytaracağı təqdirdə Şuşanı yenidən Azərbaycana qaytaracağına söz vermişdi. AXC isə nəyin bahasına olursa olsun, bunun qarşısını almağa çalışırdı və o zaman AXC torpaqlar deyil, hakimiyyət haqda düşünürdü və hətta müşahidəçilər belə bu qənaətdə idilər. Hollandiyalı jurnalist Tomas de Vaal da Laçının işğal edilməsində əsas səbəbkar kimi AXC-ni görürdü. “Bakıdakı siyasi dəyişikliklərdən sonra Azərbaycan Silahlı Qüvələri Qarabağı tərk etməyə başladılar. Xalq cəbhəsinin “Goranboy batalyonu” və digər kiçik silahlı bölmələr cəbhəni tərk edib, Mütəllibovun devrilməsində iştirak etmək üçün Bakıya tələsdilər. Ən əsası, Dağlıq Qarabağ və Ermənistan arasındakı dar dəhlizdə yerləşmiş Laçın heç kimi maraqlandırmırdı”, deyən Tomas de Vaal Laçının siyasi hərc-mərclik sayəsində itirildiyini qeyd edir.
Reallıq budur ki, 18 may 1992-ci il tarixində ermənilər Laçın şəhərini və Gorus-Laçın-Şuşa yoluna bitişik kəndləri də döyüşsüz ələ keçirdilər. Beləcə, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz ermənilər üçün açıldı. Erməni tərəfi də, xüsusın o zaman hakimiyyətdə olan səlahiyyətlilər də Laçını, demək olar ki, müqavimətsiz ələ keçirdiklərini etiraf edirlər. “Şuşanı aldıqdan sonra Laçın istiqamətində irəliləməyə davam etdik. Ermənistanla Qarabağı birləşdirən dəhlizin tutulması bizim üçün həyati əhəmiyyətli idi. Hər şey Şuşadakı ssenaridə olduğu kimi baş verdi. Laçının müdafiəçiləri hücum ərəfəsində oranı tərk etmişdilər və biz boş şəhərə girdik”, deyə Robert Koçaryan xatirələrində yazır.
Azərbaycan əsgərlərinin Laçından necə çıxdıqlarını jurnalist Çingiz Mustafayevin lentə alması və televiziyada göstərilən kadrlar da bir çox məqamlardan xəbər verir. Jurnalist tanklarda və piyadaların döyüş maşınlarında qaçan əsgərlərdən ərazini tərk etməmələrini xahiş edir, əraziyə bir dənə də mərmi düşmədiyini, bir güllə də atılmadığını, heç bir erməni əsgərinin görünmədiyini deyir, hətta qəzəblənərək fərariləri “qorxaq” adlandırırdı. Əslində, bütün bunlar təsadüfi baş vermirdi və səbəbsiz deyildi. Çünki, ölkədə hakimiyyət davası, qarışıqlıq, xaos hökm sürürdü və AXC hakimiyyəti idarəetməni itirdiyi halda, hakimiyyəti ələ keçirmək ümidlərini belə itirmək istəmirdi və buna görə, hər şeyin qurban verildiyinin heç fərqində də deyildi.
1992-ci il mayın 15-dən 16-a keçən gecə Rəhim Qazıyev Gəncəyə gəlir. Hava limanında ona AXC nümayəndələrinin Gorandakı təlim mərkəzinə gəldikləri və ordakı əsgərləri Bakıya apardıqları bildirilir. Rəhim Qazıyevə Azərbaycan qoşunlarının Laçından qaçdığı barədə də məlumat verilir. Dərhal Bakıya qayıdan Qazıyev Ali Sovetin qarşısında öz əsgərlərini görür. Həmin dövrün “ANS” telekanalının lentə aldığı videoda Ali Sovetin qarşısındakı meydanda Rəhim Qazıyevin bir əsgəri necə yumruqladığı və Bakıya hansı əsasla gəldiyini soruşduğu da göstərilir. Daha sonra kürsüyə qalxan Qazıyev çıxışında Xalq Cəbhəsi rəhbərliyini əsgərləri cəbhədən geri gətirərək Laçını təhlükədə qoymaqda günahlandırır. Çünki, o zamankı Müdafiə Naziri Rəhim Qazıyev onların öz içindən olsa da belə bunu başa düşür və etiraf edirdi. Ona görə ki, Rəhim Qazıyev Moskvada o zamankı Rusiya prezidenti Yelsinlə danışığının nəticələrini də, bu danışıqlardan sonra işğal olunmuş ərazilərin geri qaytarılmasında yardımçı olacaqlarına söz verən rus hərbçilərinin Rusiyaya qayıtdıqlarını da yaxşı bilirdi.
Təfərrüatlara nəzər saldıqda bir çox məqamlar ortaya çıxır. Beləki, 2 may 1992-ci il tarixində Şuşa rayon İcra hakimiyyətinin başçısı Nizami Bəhmənov o zaman hakimiyyət həvalə olunan spiker Yaqub Məmmədovla görüşür. Nizami Bəhmənov görüşlə bağlı dediklərindən bir çox həqiqətlər aydın olur. “Yaqub Məmmədovun kabinetinə girəndə orda keçmiş prezident Ayaz Mütəlibovu da gördüm. Mütəllibov mənimlə söhbətində bir həftə ərzində heç bir tədbir görülməməsini xahiş etdi. Mütəllibov mənə 15 mayda hər şeyin öz yerinə oturacağını, Şuşanın da geri alınacağını bildirdi”, deyə Şuşa rayon İcra kakimiyyətinin başçısı bildirir.
Xatırladığımız kimi, bunun ardınca Ali Sovet yenidən Ayaz Mütəllibovu prezident seçir və hansıki bu, Rəhim Qazıyevin də planlarına daxil deyildi. O, 1992-ci il mayın 15-də Gəncədən Bakıya, oradan da dərhal MDB dövlət başçılarının görüşünün keçirildiyi Daşkəndə gedir və Qazıyev orada Pavel Qraçovla, daha sonra Boris Yelsinlə görüşür. Rəhim Qazıyev özü etiraf edir ki, o əvvəlcə Qraçovla görüşüb və bu görüş əsnasında ilk öncə Qraçov Mütəllibovun yenidən qayıtdığını, hər şeyin yaxşı olacağını deyib. Rəhim Qazıyev həmçinin deyib ki, Yelsinə yaxınlaşa bilib və aralarında söhbət də olub. Qazıyevin sözlərinə görə, özünü Azərbaycanın Müdafiə Naziri kimi təqdim etdiyi zaman, eyni zamanda, QKÇP çevrilişi olanda onlara dəstək verdiklərini deyəndə, Yelsin ona, “Nə olsun”, deyə cavab verib. Rəhim Qazıyev, Rusiya prezidentinə, “Ayaz Mütəllibov QKÇP-ni dəstəkləyən adamdır və sizi də “Pravda” qəzetində şizofren adlandırmışdı”, dedikdən sonra Boris Yelsinin Qraçova tərəfə baxdığını və “lazım deyil” sözünü dediyini də qeyd edir. Qazıyev etiraf edir ki, həmin sözün o anda nə demək olduğunu anlamayıb, amma Gəncəyə qayıtdıqdan sonra Gəncə polis şöbəsinin rəisi Eldar Həsənov və 104-cü hava-desant diviziyasının komandiri Şerbakla görüşdüyü zaman hər şey ona bəlli olub. Beləki, o zamankı müdafiə naziri Şerbakın, “Gecə saat 3-də Mütəllibova dəstək olmaq üçün Bakıya girməli idim. Lakin sizin Yeltsinlə danışıqlarınızdan sonra bundan imtina edildiyi barədə əmr aldım”, sözləri müəmmaları aradan qaldırır və məsələnin nə yerdə olduğunu bəlli edir.
Məsələ bəlli olur ki, Ayaz Mütəllibovun “geri qaytarılması” üçün Rusiya tərəfi dəstək imiş və AXC bu hakimiyyəti bir də devirməyə qalxacağı təqdirdə, bunun qarşısını almaq, Mütəllibovu müdafiə etmək üçün Rusiyanın 104-cü hava-desant diviziyası Bakıda olacaqdı. Bir sözlə, “20 yanvar” kimi faciə 1992-ci ilin may ayında bir də törədiləcəkdi və sadəcə olaraq, Yelsinin “lazım deyil” sözü də buna ehyam imiş.
Təəssüf doğuran məqamlar çoxdur. Əvvəla, Ayaz Mütəllibov öz hakimiyyətini, öz mənafeyini qorumaq üçün Rusiyanın 104-cü hava-desant diviziyasının Bakıya daxil olmasına, çox güman ki, AXC ilə qarşıdurmalar zamanı qırğın, faciə törədilməsinə qarşı çıxmamışdı və belə çıxır ki, buna razılıq vermişdi. Digər tərəfdən, AXC üçün də bunun heç bir fərqi yox idi və real şəkildə işğal edilmə təhlükəsi altında qalan torpaqların müdafiəsini, mühafizəsini qoyub, gəlib paytaxtda hakimiyyət bölüşdürülməsini, öz əlinə hakimiyyəti almasını, öz mənafeyini vacib hesab etdi. Bütün bunlar xəyanət deyilmi? Məhz elə bu xəyanətlər sayəsində Ermənistan tərəfi Laçını işğal etdi, özü də heç bir müqavimət görmədən.
Bəli, Laçın rayonu noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə Bəyanat imzalandıqdan sonra geri qaytarıldı. Həmin Bəyanata əsasən Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək 5 kilometr enində dəhliz Laçın ərazisindən keçəcək. Bu dəhliz Şuşa şəhərinə toxunmayacaq və ona nəzarəti Rusiya sülhməramlı kontingenti edəcək. Bundan başqa, növbəti 3 il ərzində tərəflərin razılığı əsasında Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bundan asılı olaraq, həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi də nəzərdə tutulur.
Bu gün yenə də Laçın Azərbaycanın nəzarətindədir və tarixi ədalətin bərpasını müşahidə edirik. Bunu tək biz yox, bütün dünya da gördü. Gördü ki, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin uğurlu, düşünülmüş, uzaqgörən siyasəti, qətiyyəti və rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı geri qaytardı, işğaldan azad etdi və düşmənlərinə sübut etdi ki, heç bir ölkə Azərbaycan torpaqlarının bir qarışını da ala, ələ keçirə bilməz. Əbəs yerə deyildi ki, düşmənin illər boyunca ələ keçirdiyi torpaqların böyük bir hissəsi cəmi 44 gün ərzində döyüşlə geri alındı və əvvəllər təhdid dili, hədə qorxu ilə danışanlar diz çökərək kapitulyasiya, təslim sənədini imzalamaq məcburiyyətində qaldılar. Bir çox ərazilərin də boşaldılması, müqavimətsiz, döyüş olmadan geri qaytarılması da əbəs yerə, təsadüfi deyildi və bütün bunlar ondan xəbər verir ki, Azərbaycan öz ərazi bütövlüyünü, öz torpaqlarını mühafizə etmək, qorumaq əzmindədir və buna kimsənin şübhəsi yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB