Azərbaycan diasporu müharibə və post-müharibə dövründə - TƏHLİL

Azərbaycan diasporu müharibə və post-müharibə dövründə - TƏHLİL

2020-ci ilin Azərbaycan tarixində çox fərqli yeri olacağı danılmaz faktdır. Vətən Müharibəsində qazanılmış möhtəşəm qələbə hər bir azərbaycanlının yaddaşına ömürlük həkk olunub. Qürurlandıq, üzüldük, fəxarətlə dolu anlar yaşadıq. Bütün bunların fonunda Azərbaycan diasporunun həm müharibə, həm də post-müharibə dövründə gördüyü işlərə nəzər saldıqda görürük ki, yumruq tək birşləşmiş azərbaycanlılar nəinki Azərbaycanda, hətta vətəndən kənarda bir çox işlərə imza atdılar.

SİA xəbər verir ki, 30 illik münaqişə dövründə Azərbaycan diasporunun ölkə hüdudlarından kənarda gördüyü işlərlə ən çox parladığı dövrlərdən biri, məhz Vətən müharibəsi dövrüdür desək, yanılmarıq. Hazırda müharibə bitsə belə, münaqişə tərəfləri arasındakı anlaşılmazlıqlar, erməni tərəfinin durmadan təxribatçı addımlar atması, erməni diasporunun həmişəki ampluasından çıxış etməklə, öz yalanlarını dünyaya sırımağa çalışması bizim fikrimizi bir an belə bu məsələdən yayındırmamağa kökləyir. Təbii ki, bu məsələdə diasporun da üzərinə böyük yük düşür. Lakin biz hər zaman müdafiə mövqeyində dayanmamalı, dayanmadan dünyaya öz haqq səsimizi, Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Çünki dünya ictimaiyyətinin düzgün məlumatlandırılması sayəsində Vətən Müharibəsində bizə təzyiqlər olduğu qədər dəstəklər də oldu. Diasporumuzu indiki fəaliyyətinə nəzər saldıqda, istər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, istər azərbaycanlıların uğurları, həmçinin, görkəmli xadimlərimizin dünyada tanınması kimi bir çox məsələləri görə bilərik. Kanadada Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilməsi, azərbaycanlı alimin kitabının 13 ölkədə çap edilməsi, soydaşımızın cüdo üzrə Amerika çempionu olması, Kanada mətbuatında Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki biznes imkanlarından bəhs edilməsi, piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilməsi və s. bu kimi görülən bir sıra işlər Azərbaycan reallıqlarının, regionda ölkəmizin nüfuzunun, həmçinin investisiyaların cəlb olunması üçün münbit şəraitin olması və bir sıra məsələlərin təbliği hərtərəfli inkişafımız üçün zəmin yaradır.

Bundan sonra da diasporumuz öz yorulmaz fəaliyyətini davam etdirməli, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda öz töhfəsini verməlidir. Çünki yaşadığımız region və bədnam qonşularımızın şər-böhtan üzərində qurulmuş daxili və xarici siyasəti bizi daim ayıq-sayıq olmağa məcbur edir. Bu vacib məsələdə isə təbii ki, əsas öhdəlik Azərbaycan diasporunun üzərinə düşür. Görülən işlərin düzgün təbliği, dünyada ölkəmizin imicinin hər zaman yüksəklərə qaldırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması post-müharibə dövründə ölkəmizin inkişaf dinamikasını şərtləndirən amillərdən olacaq.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə