"Sizin daxili işlərimizə qarışmağa heç bir haqqınız yoxdur" DEPUTAT SƏRT REAKSİYA VERDİ

"Sizin daxili işlərimizə qarışmağa heç bir haqqınız yoxdur" DEPUTAT SƏRT REAKSİYA VERDİ

"Çox təəssüf ki, Fransa prezidenti Makron öz erməni sevgisindən əl çəkmir. Mən bir şeyi başa düşmürəm. Makronun öz ölkəsində işləri qalmayıbmı ki, hər şeyi kənara qoyub Azərbaycanın daxili işlərinə qarışır, bəyanat verir ki: Azərbaycan öz ordusunu Ermənistanın ərazisindən çıxartmalıdır, Fransa Ermənistan xalqını dəstəkləyib və bundan sonra da dəstəkləyəcəkdir. Bu Makrona deyən lazımdır ki, birtərəfli Ermənistanı dəstəkləyirsənsə sənin ATƏT-in Minsk Qrupunun həmsədriliyində nə işin var? Deyəsən Makron yaddan çıxardıb ki, Fransa rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu gün Azərbaycanın Sərhəd Xidməti elə sənin Fransanın tanıdığı sərhədlərini bərpa edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ordusu Ermənistanın ərazisində deyil və qarşı tərəfdən fərqli olaraq ölkəmizin heç də başqa ölkəsinin torpaqlarında gözü yoxdur: "Həm də ölkəmiz ərazimizin bir qarşını da ermənilərə güzəştə getmək fikrində deyil. Azərbaycan Sünik vilayəti ilə sərhəddə demarkasiya işlərini aparıb sərhəd postlarının qurulmasını Ermənistan siyasiləşdirirsə, bu onların özlərinin daxili işidir. Biz isə öz sərhədlərimizi möhkəmləndiririk. Hətta cənab Makrona xatırlatmaq istətyirəm ki, Dağlıq Qarabağ adında bir inzibati ərazi də yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü 44 günlük müharibədə, döyüş meydanında təmin etmişdir. Sizin Azərbaycanın daxili işlərinə qarışmağına heç bir haqqınız yoxdur. Əgər sizi ermənilərin taleyi düşünürsə bir məsləhət verim. Fransada ermənilərin kompakt yaşadığı Marsel şəhəri var. Bu gün Qarabağda sizin statistikanıza görə cəmi 40-50 min erməni məskunlaşıb. Bu, Fransa üçün heç də böyük say deyil.

Marsel şəhərini ermənilərin dövləti elan edin və Qarabağda yaşayan erməniləri də ora aparın. Qoy onlar da bir gün görsünlər, Fransanın dəstəyindən yararlansınlar. Deyirsiniz ki, Fransa inkişaf etmiş ölkədir. Əgər belədirsə Qarabağda məskunlaşmış bir ovuc erməninin sizin inkişaf etmiş ölkənizdə yaşamasına niyə imkan yaratmırsınız. Əgər siz cənab Makron, Qarabağda yaşayan erməniləri Fransaya aparsanız regionda tam sakitlik yaranar və gələcəkdə artıq söz-söhbət üçün mövzu qalmaz. Əgər siz belə addım atmasanız biləcəyik ki, sizin ermənilərə sevginiz yoxdur, sadəcə regionda yenidən müharibənin alovlanmasına və erməniləri Azərbaycanın müzəffər ordusuna yenidən məhv etdirməkdə maraqlısınız. Biz bilirik ki, siz Fransada ermənilərə nə torpaq verən deyilsiniz, nə də erməniləri yeri gələndə dəstəkləyən deyilsiniz. Sadəcə susun ki, Cənubi Qafqazda uzun müddətli sülh yaransın, ölkələr bir-birilərin dövlət sərhədlərini tanıyaraq qonşuluq münasibətlərini inkişaf etdirsinlər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə