ABŞ və Rusiya prezidentlərinin görüşü nə vəd edir? - POLİTOLOQ ŞƏRH ETDİ
"ABŞ-ın "Politico" nəşri Baydenin Putinə danışıqlar təklifindən sonra ikitərəfli görüş üçün potensial ölkələrin siyahısını açıqlayıb. Əvvəla belə bir görüşün keçirilməsi regionda və dünyada sülhə tövhə vermək baxımından olduqca əhəmiyyətlidir. Aprel ayında Putinlə telefon danışığı zamanı Bayden həmkarına "bitərəf ərazidə" görüş təklif etdi. Ağ Ev görüşün yayda ola biləcəyini etiraf edir. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da siyasi liderlərin iyun ayında görüşə biləcəyini bildirdi. ABŞ prezidenti Baydenin Rusiya prezidentinə görüşmək təklifi 1986-cı ildə Reykyavikdə SSRİ və ABŞ prezidentləri Mixail Qorbaçov və Ronald Reyqan arasında görüşün keçirildiyini xatırladır. O görüş "ilk soyuq müharibədə gərginliyin artmasından gərginliyin azalması" üçün vasitəyə çevrildi. O baxımdan bu, Putinə və Baydenə Qorbaçovla Reyqanın əldə etdiyi anlaşmanı təkrarlamağa imkan verəcək". Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva deyib.
Ekspertin sözlərinə görə, ABŞ prezidenti Baydenlə Rusiya prezidenti Putinin görüşü üçün nəzərdən keçirilən şəhərlər:
1. İslandiyanın paytaxtı Reykyavik,
2. Çexiyanın paytaxtı Praqa,
3. Sloveniyanın paytaxtı Lyublyana,
4. Azərbaycanın paytaxtı Bakı
"Əvvəla, bu dövlətlərdən ilk üçü NATO üzvüdü. Bu cür görüşlərin keçirilməsi üçün adətən neytral mövqedə olan, yəni heç bir hərbi blokun üzvü olmayan ölkələrin ərazisi seçilir. Bu baxımdan yanaşsaq, görüşün keçiriləcəyi mümkün şəhər Bakı ola bilər.
Neytrallıq amilini nəzərə almazsaq, adıçəkilən dövlətlərin bu məsələyə hansı mövqedən yanaşdıqlarına baxmaq lazımdır. İslandiya hökuməti Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızının Britaniyada, Solsberidə zəhərlənməsi ilə əlaqədar Rusiya ilə bütün əlaqələri müvəqqəti dayandırmağı qərara alıb. Siyahıdakı növbəti ölkə olan Çexiyanın baş naziri Andrey Babiş iddia edib ki, Rusiya kəşfiyyatçıları 2014-cü ildə döyüş sursatı anbarında baş vermiş partlayışla əlaqəli ola bilərlər. Bu səbəbdən Çexiya Rusiya Federasiyası səfirliyinin həmin ölkənin kəşfiyyat zabiti olan 18 əməkdaşını ərazisindən çıxarma qərarına gəlib. Sloveniya hökumətinin Rusiya ilə məlum film qalmaqalını da xatırlasaq, görünür bu dövlətlərin siyahıya salınması müvafiq qarşıdurmalardan öncə baş verib və ya siyahı yalnız Bayden admisitrasiyasının istəyi ilə hazırlanıb. Bu çərçivədə də görüşün Bakıda keçirilmə ehtimalı daha yüksəkdir".
Politoloq qeyd edib ki, Baydenin prezident seçildikdən sonra onun siyasi ritorikasının Türkiyə və Azərbaycana qarşı yönəlməsi ab-havası mövcud olsa da, son günlərdə Vaşinqton rəsmisinin "Azadlığa dəstək aktı"na 907-cü düzəlişin dayandırılması müddətini uzatması, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən telefonla məlumat verməsi Amerika tərəfinin Bakı ilə münasibətlər qurmaq niyyətindən xəbər verir: "Mövcud regional reallıqlar kontekstində Azərbaycanın potensial orta xətt dəhlizinin, Şərqlə Qərbi, Yaxın Şərqlə Şimali Afrikanı birləşdirən kommunikasiya xəttlərinin ən strateji nöqtəsində yerləşməsi ölkəmizi bu görüşün keçirilməsi üçün cazibədar etməkdədir. Xatırladım ki, bundan öncə 3 dəfə Bakıda Rusiya Federasiyası ilə NATO arasında hərbi komandanlıq səviyyəsində görüşlər keçirilməsi də hər iki tərəf üçün Azərbaycanın etibarlı tərəfdaş olduğunun göstəricisidir".
Z.Qarayeva vurğulayıb ki, dövlət Departamentinin sözçüsü, Baydenin "dürüst və səmimi olmağın vacib" olduğuna inandığını və bunun ən yaxşı yollarından birinin şəxsən görüşmək olduğunu söyləyib: "Daha əvvəl Blinken, Putin və Bayden arasındakı mümkün görüşdə siyasətçilərin iki ölkə arasındakı münasibətləri sabitləşdirməyi müzakirə edə biləcəyini söyləmişdi. Dövlət katibi, Moskvanın da bununla maraqlandığı təqdirdə Vaşinqtonun Rusiya ilə daha sabit münasibətlər qurmağa çalışdığını bildirir. "Düşünürəm ki, Prezident Baden prezident Putinlə görüşəndə birbaşa bu barədə danışmaq fürsəti əldə edəcək" -- deyə Blinken söyləyir. Baydenin milli təhlükəsizlik müşaviri Jake Sullivan da danışıqların bir mövzusunun Ukraynadakı vəziyyət, xüsusən Donbassdakı silahlı qarşıdurmanın kəskinləşməsi olacağını söyləyib. İstənilən halda, zənnimcə beynəlxalq və regional problemlərdən öncə, Rusiya-ABŞ münasibətlərindəki Tramp dönəmində daha da gərginləşən maraqlar toqquşmaları görüşün əsas mövzusu olacaq".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB