“Rusiyanın vasitəçiliyinə, səmərəliliyini artırmasına impuls vermək vaxtı gəlib” POLİTOLOQDAN MARAQLI ŞƏRH

“Rusiyanın vasitəçiliyinə, səmərəliliyini artırmasına impuls vermək vaxtı gəlib” POLİTOLOQDAN MARAQLI ŞƏRH

Əlbəttə, Ermənistanın da razılığı olacaq, çünki 10 noyabr bəyanatında qeyd olunur ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Respublikası arasında kommunikasiyalar açılır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Politoloq qeyd edib ki, indi Ermənistan bunu şimal istiqamətindən, Qazax tərəfdən eləmək istəyir, Azərbaycan tərəfi isə şimal tərəfdən imtina etmir, amma prioritet olaraq Zəngəzur dəhlizini nəzərdə tutur və buna görə də artıq həm dəmir yolunun tikintisi ilə bağlı, həm avtomobil yollarının salınması ilə bağlı müvafiq sərəncamlar da qəbul edilib.

"Burada Rusiyanın rolunu xüsusi olaraq qeyd etmək lazımdır, çünki Ermənistandan simvolik razılıq tələb olunur. Ona görə ki, birincisi Ermənistan dəmir yolları, milli dəmir yolları deyil, onlar Rusiyanın dəmir yollarının bir tərkib hissəsidir. İkinci məqam ondan ibarətdir ki, təhlükəsizliyi də Rusiya sərhədçiləri qoruyacaqdır. Yəni, həm təhlükəsizlik, həm də yolun tikintisi və idarə olunması Rusiya şirkəti və Rusiya hüquq-mühafizə orqanlarının ixtiyarında, səlahiyyətindədir. Amma Ermənistan bu simvolik razılığından da imtina edir və ona görə də Cənab Prezidentin məlum çıxışında deyildiyi kimi, "biz onları vadar edəcəyik" və vadar etmə mexanizmlərindən biri də məhz Rusiyanın ermənilərin qarşısına tələb qoymasıdır, bu birinci məsələdir. İkinci məsələ Lavrovun səfəri, əlbəttə bu, işgüzar səfərlərdir və işgüzar səfərlərin protokolu da nəzərdə tutmur ki, hər hansısa bir abidə ziyarət edilsin. Yəni, təklif oluna bilər, qarşı tərəf də imtina edə bilər. Çünki bu, işgüzar səfərdir, rəsmi səfər deyil və bunun protokolu fərqlidir.

O ki qaldı Lavrovun Bakıya səfəri ilə bağlı, həm Ermənistanın, həm Azərbaycanın 10 noyabr və 11 yanvar bəyanatından sonra yığılıb qalmış məsələlər var ki, onlar öz həllini tapmır. Əgər Ermənistan üçün prioritet Ermənistan hərbçilərinin azad olunmasıdırsa, hansı ki, azərbaycan onları terrorist hesab edir, bizim üçün də əsasən Laçın dəhlizinə nəzarətin gücləndirilməsi, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağdan, Azərbaycan ərazisindən çıxarılması və Zəngəzur dəhlizdir. Rusiya da bu istiqamətdə addımlar atmalıdır.
Görünən odur ki, vasitəçilik funksiyasının yerinə yetirilməsində, səmərəli yerinə yetirilməsində müəyyən problemlər var. Çünki 11 yanvar bəyanatında konkret vaxtlar müəyyənləşmişdi ki, o vaxta qədər hökumətlərarası komissiyalar və ekspert qruplar artıq lahiyələri ortaya qoymalı idi. Yəni, Moskva üzərinə qoymalı idi. Amma bu, baş verməyib bu günə qədər. Demək ki, Rusiyanın bu vasitəçiliyinə, səmərəliliyinin artırılmasına impuls vermək vaxtı gəlib.

Əlbəttə, indi Ermənistanda seçkiqabağı kampaniya dövründə dəhlizlərlə bağlı qərar qəbul ediləcəyinə inanmaq çətindir. Amma Rusiya yol xəritəsi işləyib hazırlaya bilər ki, yol xəritəsinə uyğun bütün bu məsələlər həll olunsun. Lakin burada maraqlı məqam ondan ibarətdir ki, Ermənistan Azərbaycandan tələb edir o diversantları, amma Azərbaycanın tələblərinin bir hissəsi Ermənistana aiddir, digər hissəsi Rusiyanın özünə aiddir. Burada da maraqlı məqam Azərbaycan-Rusiya anlaşmasından gedəcəkdir. Çünki həm Laçın dəhlizinə nəzarətin gücləndirilməsi, eyni zamanda Ermənistan silahlı qüvvələrinin həmin ərazini tərk etməsi məhz Rusiyanın sülhməramlı funksiyasından ibarətdir.

Simvolik məqam bu səfər öncəsi Xocavənddə nasist Njdeyə ucalan heykəl və onun aqibətidir. Yəni, bu gün və sabah olmaqla, cəmi iki gün qalıbdır ki, o abidə oradan götürülsün. Əgər 9 may tarixinə qədər o abidə oradan götürülməyəcəksə, onda əlbəttə Rusiyanın vasitəçiliyinə, onun səmərəliliyinə Azərbaycanda ictimaiyyət tərəfindən böyük şübhə ilə yanaşılacaq", deyə Fərhad Məmmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə