“Azərbaycan Prezidentinin BBC-yə müsahibəsi bütün dünyada böyük maraq doğurub” Səməd Seyidov

“Azərbaycan Prezidenti İlham Əliyevin hər bir müsahibəsi Azərbaycan, regionda gedən proseslər baxımından tarixi əhəmiyyət kəsb edir. Xüsusən Vətən müharibəsi dövründə dövlət başçısı müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Azərbaycanın maraqlarını müdafiə etdi”. Bunu apa-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

S.Seyidov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçən il noyabrın 6-da “BBC News”a müsahibəsi də bütün dünyada böyük maraq doğurub: “Təsadüfi deyil ki, artıq “Twitter”də Azərbaycan Prezidentinin “BBC News”a müsahibəsinə baxış 3 milyonu keçib. Prezident İlham Əliyev qərəzli suallara belə təmkinlə, arqumentlərlə cavab verərək, Ermənistanın işğalçılıq siyasətini, yalanlarını ifşa edərək, böyük dövlət xadimi, peşəkar diplomat, Azərbaycanın haqq işinin layiqli müdafiəçisi olduğunu bir daha dünyaya nümayiş etdirdi. İndiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib. Bu müsahibə ilə bağlı Azərbaycanın haqq işinə dəstək ifadə edən şərhlər də çoxdur. Bunun özü də dövlət başçısının informasiya müharibəsində Azərbaycanın maraqlarını uğurla müdafiə etdiyinin göstəricilərindən biridir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin müsahibələrinə milyonlarla baxış var. Tək Azərbaycan xalqı deyil, bütün region xalqları, dünyadakı siyasi qüvvələr Azərbaycan Prezidentinin müsahibələrinə xüsusi diqqətlə yanaşırlar. Müsahibə ilə bağlı çoxsaylı şəhrlər də bunu göstərir”.

Parlamentin komitə sədri qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra BMT, Avropa Şurası, bütün beynəlxalq təşkilatlar faktiki olaraq ədalətin qorunması naminə yaradılmışdı: “Çünki ədalət pozulmuşdu. Faşist Almaniyasının məğlubiyyəti, Nürnberq prosesində ədalətin təntənəsi hər şeyi öz yerinə qoydu. Amma İkinci Dünya müharibəsindən sonra proseslər elə cərəyan etməyə başladı ki, artıq faşizm - erməni faşizmi baş qaldırdı, ədalət yenidən pozuldu. Təəssüf ki, həmin beynəlxalq təşkilatlar görmək, məhkəmə qurmaq, sanksiyalar tətbiq etmək, təsir göstərmək niyyətində olmadı. Ona görə də dövlət başçısının hər bir müsahibəsində ədalətə ədalətsiz yanaşma, ikili standartlar, Azərbaycanın məhz ədalətin bərpa olunması istiqamətində atdığı addımların məntiqi əsası gündəmə gətirilirdi. Paradoksal və dəhşətli məqam da vardı. Azərbaycan beynəlxalq təşkilatların qəbul etdiyi, amma həmin beynəlxalq təşkilatların həyata keçirə bilmədiyi qətnamələri, qərarları yerinə yetirəndən sonra beynəlxalq təşkilatlar öz qətnamələrini, qərarlarını müdafiə etmək, qətnamələrinin, qərarlarının həyata keçirilməsi ilə bağlı Azərbaycana dəstək vermək əvəzinə, Azərbaycana təzyiq göstərməyə, ölkəmizə xüsusi emissarlar göndərməyə, qərarlar qəbul etməyə başladılar. Bu, Prezident İlham Əliyevin zamanında ikili standartlar, öz daxillərində olan problemləri görməyib, başqa ölkələrin daxilində problem axtaranlar barədə danışanda nə qədər haqlı olduğunun daha bir göstəricisi idi. Ona görə də Azərbaycan Prezidentinin keçən il noyabrın 6-da “BBC News”a müsahibəsi və digər müsahibələri xüsusi təhlil olunmalıdır. Çünki bu müsahibələrdə bügünkü dünyanı narahat edən problemlərin həll yolları göstərilir. Bu həll yollarından birini Azərbaycan 44 günlük Vətən müharibəsində dünyaya nümayiş etdirdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...