"Bu faktlardan tam gücü ilə istifadə edə bilərik" DEPUTAT AÇIQLADI

“2007-ci ildə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən aparılmış araşdırma zamanı Birinci Qarabağ müharibəsində 4400-ə yaxın itkin düşmüş və girov götürülmüş vətəndaşımız olduğu müəyyən edilib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, BMT-nin insan haqları üzrə şurasının 7-ci sessiyasında silahlı münaqişələr zamanı itkin düşmüş azərbaycanlıların problemi ilə bağlı qətnamə layihəsi yekdil rəylə qəbul edilib: “Yəni Ermənistanın bu qeyri-humanist, müharibə adət və qanunlarına, eləcə də humanitar hüquqa zidd davranışı artıq beynəlxalq səviyyədə təsbit olunub və bu faktlardan tam gücü ilə istifadə edə bilərik. Bilirsiniz ki, cənab Prezidentin tapşırığına əsasən, Ermənistanın sülh və insanlıq əleyhinə, habelə, müharibə cinayətləri ilə bağlı törətdiyi əməllərə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi, cinayətkarların cəzalandırılması istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Yəni bu əməllər hamısı hüquqi qiymətini alacaq, çünki, biz beynəlxalq hüquq müdafiə təşkilatlarını, o cümlədən məhkəmələri fakt qarşısında qoya biləcək qədər çoxsaylı mötəbər dəlil və sübutlara malikik. Bu istiqamətdə proseslər doğru formada gedir, dövlətin üzərinə düşəni uğurla başa çatdıracağına şübhə yoxdur. Lakin ictimaiyyət, media və vətəndaş cəmiyyəti institutları da fəal olmalı, bizim Birinci Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla əlaqədar faktlardan informasiya müharibəsində mümkün qədər çox istifadə etməli, bütün platformalarda bu məsələ qabartmalıdır”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...