"Paşinyan bu istiqamətdə qəti addımlar atmaq istəmir" EKSPERT AÇIQLADI

“10 noyabr sazişindən irəli gələrək və daha sonra Moskvada üçtərəfli görüşdə kommunikasiyaların açılması və iqtisadi qaydaların bərpa olunması ilə bağlı tərəflər razılığa gəlmişdilər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə bu istiqamətdə demək olar ki, ən fəal iş aparan bölgədə Azərbaycandır: “Təsadüfi deyil ki, ölkə başçısının da Qarabağa son səfərində bu kommunikasiyaların açılması məsələsindən irəli gələrək Zəngəzur dəhlizinin açılması məsələsi üzərində də öz fikirlərini bildirmişdir və bu məsələnin baş tutacağını qətiyyətlə söyləmişdir. Hiss olunur ki, həm Rusiya, həm də Ermənistan tərəfində bu məsələlərin müəyyən qədər ləngidilməsində mövqe nümayiş etdirirlər. Nəzərə almaq lazımdır ki, Ermənistanda indi hal-hazırda seçki hazırlığı gedir və ola bilsin ki, yenidən seçilməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan bu istiqamətdə bir o qədər də qəti addımlar atmaq istəmir. Çünki Ermənistan yeni müharibədən çıxıb, Ermənistan cəmiyyətində bu məsələyə qarşı əks mövqe daha güclüdür. Əlbəttə ki, Rusiyanın da bu istiqamətdə də öz maraqları var".

Ekspert həmçinin qeyd edib ki, Rusiya çalışır ki, Qarabağda olan erməniləri öz nəzarəti altında saxlasın: "Bundan irəli gələrək Rusiyaya maraqlı deyil ki, qısa müddət ərzində həm Qarabağdaki ermənilər, həm də Ermənistanın Azərbaycanla və Türkiyə ilə kommunikasiya əlaqələri bərpa olunsun, gediş-gəliş yaransın. Çünki bunların reallaşacağı təqdirdə Rusiya həm sülhməramlı missiyanı yerinə yetirən bir ölkə kimi müəyyən qədər proseslərdən kənarda qala bilər, rolu zəifliyə bilər. Paşinyanın yenidən seçilmə şansı daha çoxdur. Zəngəzur dəhlizin açılmasında Azərbaycanın mövqeyi qətiyyətlidir. Rusiya bu məsələdə bir o qədər maraqlı deyil ki, Azərbaycan Türkiyə və Ermənistan arasında ümumiyyətlə kommunikasiyaların açılsın və əlaqələr genişləndirilsin. Dediyim kimi bu Rusiyanın Ermənistanda Qarabağda bir vasitəçi rolunu azaldılmasına xidmət edir. Düşünürəm ki, iqtisadi inkişaf baxımından, kommunikasiya nəqliyyat qovşağının yaradılması baxımından bütün tərəflər üçün xeyirli olduğuna görə, bu məsələdə ortaq məxrəcə gələcəklər".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə