Şəmkir rayonunda Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı, Şəmkir rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin birgə təşkilatçılığı ilə faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə evlərində görüş keçirilmişdir.

Görüşlərdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev veteranları təbrik etmiş, tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının və qəhrəman həmvətənlərimizin böyük xidmətləri olduğunu bildirmişdir. O demişdir ki, həmvətənlərimiz istər ön cəbhədə, istərsə də arxada misilsiz döyüş və əmək rəşadətləri göstərmişlər. Rayon təşkilatının sədri, həmçinin Azərbaycanda yaradılmış milli diviziyaların şərəfli döyüş yolu keçməsindən, bir çox həmvətənlərimizin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsindən danışmışdır.

Sonra F.Vəliyev veteranlara dövlət qayğısından söhbət açaraq demişdir ki, bu işdə ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri vardır. Həmçinin, 9 May Qələbə Gününün müstəqil Azərbaycanda dövlət bayramı kimi qeyd olunmasını məhz ulu öndərin qəbul etdiyi müdrik qərarın nəticəsi kimi dəyərləndirilmişdir. Rayon təşkilatının sədri çıxışlarında 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmasının tarixi hadis ə olduğunu bildirib. O, qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, sözün əsl mənasında, tarix yazdı. “Dəmir yumruq” əməliyyatı nəticəsində əzəli torpaqlarımızın düşməndən azad edilməsi tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində əsgər və zabitlərimiz əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Böyük Vətən müharibəsinin iştirakçıları o illərin hər birimiz üçün əziz olduğunu bildirdilər.

Dövlət başçımızın həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiələri getdikcə möhkəmləndirilir, yaşayış tərzləri daha da yaxşılaşdırılır. Veteranlarla vaxtaşırı görüşlər keçirilir və onlar yetişən gənc nəslə əsl qəhrəmanlıq təcəssümü kimi təqdim olunurlar. Veteranlar onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına, həmçinin Qələbənin 76-cı ildönümü ərəfəsində onlarla belə görüşləri təşkil edənlərə, minnətdarlıqlarını bildirdilər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə