“Ona görə məğlub olduq ki,...” Armen Qriqoryan

Azərbaycan hərbi büdcəsini daim artırdığı halda, Ermənistan bu istiqamətdə heç bir addım atmayıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün jurnalistlərə verdiyi açıqlamasında deyib.
“Tezliklə hökumətimizin 2018-2020-ci illərdə etdiklərini dərc edəcəyik. 2016-2018 illə müqayisədə demək olar ki, bütün sahələrdə silahlanmanı guya artırdıq. Son 10-20 il ərzində iş görülmədiyinə görə uduzduq”, deyə Armen Qriqoryan bildirib.
Qriqoryan qeyd edib ki, Serj Sarkisyanın hakimiyyəti dövründə hər növ silahdan 50 ədəd miqdarında satın alındığı halda, son iki ildə bundan 300 ədəddən çoxu alınıb.
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın, bu hakimiyyət orqanlarının pilotsuz təyyarə almadıqları barədə dediklərinə də Armen Qriqoryan fikir bildirib.
“Serj Sarkisyan yalan danışır. Əgər 2016-2018-ci illərdə Serj Sarkisyan şərti olaraq "X" sayda PUA əldə etmişdisə, daha sonra, 2018-2020-ci illərdə bundan 7 dəfə çox satın alınıb”, deyə Armen Qriqoryan əlavə edib.
Xatırladaq ki, Ermənistan tərəfinin təxribatları nəticəsində ötən ilin sentyabr ayının sonunda başlayan və 44 gün davam edən müharibə Ermənistanın məğlubiyyəti ilə başa çatdı və ermənilər hələ də bu məğlubiyyətə görə günahkar axtarışındadırlar. Müxalifət qruplaşmaları mütəmadi olaraq etiraz aksiyaları keçirir, baş nazir Nikol Paşinyanın, onun hakimiyyət komandasının istefasını tələb edir.
Görünür, erməni cəmiyyəti indi də günahı illərlə heç bir iş görülməməkdə görür. Əslində isə, etiraf olunur ki, təkcə son iki ildə deyil, son on illər boyunca Ermənistan inkişaf etməyib, zəif olub və müharibədə məğlubiyyəti də məntiqi nəticədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə