Od-alov püskürən Böyük Vətən müharibəsinin dəhşətlərinin iştirakçısı Mürsəl Mürsəlov
9 may alman faşizmi üzərində qələbədən 76 il ötür. Bu tarixi qələbədə Azərbaycanın, onun övladlarının və neftinin əhəmiyyəti danılmazdır. Müharibə başlanandan keçən qısa müddətdə Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib, 700 mindən çox oğlan və qızları cəbhəyə yola salınmışdır. Göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci kimi milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək, qəhrəman övladlarımız Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsinin düşməndən azad edilməsi uğrunda rəşadətlə döyüşmüşlər. Milli atıcı diviziyaları sırasında 416-cı milli atıcı diviziyanın da xüsusi rolu və yeri müstəsnadır. Bu diviziyda vuruşan həmyerlilərimiz sırasında Mürsəlov Mürsəl Nurulla oğlunun da ismi var. Mərd, qorxmaz, igid oğullarımız kimi, Mürsəl də döyüşə gənc bir döyüşçü kimi yola düşüb. Müharibənin dəhşətini, ağrı-acısını yaşayan Mürsəl ən qaynar döyüş bölgələrində alman faşistləri ilə vuruşub. Od püskürən müharibənin dəhşətlərini, vahiməsini yaşayıb. Ölüm, itkin və əsir düşmək, sağlamlığını itirmək… Bu faciələri düşünərkən minlərlə insanın həyatını, arzularını yarımçıq qoyan müharibə törədənlərə nifrət daha artır.
Müharibənin başa çatmasından 76 il ötsə də, bu savaşın dəhşəti hələ də insanları tərk etməyib. Haqqında söz açdığımız Böyük Vətən müharibəsi döyüşçü M.Mürsəlovun qızı Ofeliya Mürsəlqızının atası ilə bağlı danışdığı xatirələri, keçdiyi döyüş yolunu əks etdirən dəlilləri diqqətə çəkərkən azərbaycanlı döyüşçünün portret cizgiləri göz önündə yaranır. Ofeliya xanım bunları həyəcansız danışa bilmir. Bir ata, döyüşçü. vətənpərvər insan haqqında danışarkən xatirəsində olanları çözələyir və uşaqlıq, gənclik yaddaşında daşlaşmış hər bir səhifəni vərəqləməyə çalışır. Çətin, şərəfli bir yoldan danışırdı. Mürsəl atanın həyat yoluna işıq salaraq onilliklərə səyahət edirdi.
HƏYAT SALNAMƏSİNƏ YAZILAN MÜHARİBƏNİN OD-ALOVU
Müharibə başlayanda o da bir çox vətən oğullarımız kimi, tələbə idi, deyir Ofeliya xanım. 1918-ci ildə Ağsu rayonunun Növcü kəndində dünyaya göz açan M.Mürsəlov orta məktəbi bitirdikdən sonra Şamaxıda Müəllimlər Texnikumunda müəllimlik fakültəsinə daxil olur. Buranı müvəffəqiyyətlə bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) daxil olur. Bu, o zaman idi ki, artıq Böyük Vətən müharibəsi başlamışdı. Burada təhsil aldığı zaman Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən çağrılır və cəbhəyə yola salınır. Vətən oğulları kimi, o da müsəlləh əsgər olaraq silaha sarılır. Gənc bir insan kimi həyatının salnaməsinin müəyyən hissəsi cəbhə bölgəsində yazılır. Faşizmə qarşı müharibədə qaynar nöqtələrdə vuruş meydanına atılır və döyüş yolu başlanır. 416-cı Taqanrov diviziyasında Ukraynanın alman faşizmindən azad olunması uğrunda döyüş meydanında əsl şücaət və əzmkarlıq göstərir. 1942-ci ilin payızında diviziya Şimali Qafqazda 44-cü ordu, az sonra 58-ci ordu tərkibində Mozdok istiqamətində döyüşlərə başlayır. Böyük Vətən müharibəsinin həlledici döyüşlərindən biri Mazdok döyüşündə azərbaycanlılardan ibarət diviziya böyük məharətlə vuruşur. Bu diviziya Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə, "Taqanroq diviziyası" adına layiq görülür.
Böyük Vətən müharibəsinin həlledici döyüşlərindən biri Mazdokda olub. Həmin döyüşdə azərbaycanlılardan ibarət diviziya alman döyüşçülərinə qarşı böyük məharətlə vuruşub. Ofeliya xanım söhbətində bildirir ki, atası müharibə dövrünün çox dəhşətli olmasına baxmayaraq, şərəfli olduğunu deyərmiş. Ofeliya xanım xatirələrini sanki bu gün baş verən hadisə kimi danışır. Deyir ki, atası qarlı-çovğunlu soyuq bir qış günündə döyüşlərin birində ağır yaralanır. Çox ağır bir vəziyyətdə hərbi hospitala yerləşdirilir. Ofeliya xanım deyir ki, müharibədən aldığı yara onu ömrünün son gününə qədər ağrıdırdı və elə bir ağrı yaranırdı ki, buna dözmək çətin idi. Müharibənin acılarını yaddan çıxara bilmirdi. Çox-çox illər sonra hətta yuxularında belə müharibənin dəhşətini yaşadığı hiss edilirdi.
BİR AİLƏDƏ İKİ MÜHARİBƏ İŞTİRAKÇISI
Qəribə tale yaşayıb M.Mürsəlov. Böyük bir döyüş yolu keçən bizim qəhrəmana müharibənin dəhşətini yaşamış bir xanımla ailə qurmaq nəsib olur. Bir ailədə iki müharibə iştirakçısı. Qəribə təsadüf olsa da, gerçəklik bu idi. İki döyüşçünü birləşdirən sevgi gözəl, nümunəvi bir ailənin təməlini qoyur. Həyatın qara zolaqları artıq arxada qalmışdı. Yeni, qaynar bir həyatın başlağıcında iki gənc böyük məsləklərə doğru yol açırdı. M.Mürsəlovun bəs özünə həyat yoldaşı seçdiyi şəxs kim idi? Təqdim edəcəyimiz şəxs də böyük ürəyə sahib olan, arzuları bitib-tükənməyən Lütfəliyeva Ceyranxanım idi. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirən Ceyranxanımın da bir gənc Azərbaycan qadını kimi həyat yolu müharibədən yan ötməmişdi. Ali təhsilini başa vuran Ceyranxanım Ağsu rayonuna 1940-cı ildə Bakıdan təyinatla işləməyə göndərilir. Sən demə, gənc həkimin də həyat yoluna Böyük Vətən müharibəsinin iştirakçısı olmaq yazılıbmış. Həkim kimi Kürdəmir rayon Hərbi Komissarlığından müharibəyə yola salınır. Yaralı insanlara şəfa vermək, onların sağlamlığının keşiyində durmaq kimi missiyanı od-alov içində yerinə yetirir.
Döyüşçülərin ən ağır zamanında yanında olan Ceyranxanım çox keçmir ki, düşmən gülləsinə tuş gəlir. Ofeliya xanım deyir ki, anası ağır yaralanır. Yüzlərlə döyüşçüyə şəfaverən həkim özü hərbi hospitala yerləşdirilir. Sağalandan sonra isə Ağsu rayonunun Ərəbmehdibəy kəndində xəstəxana müdiri çalışır və insanların sağlamlığı keşiyində durur.
Elə tale onları bu rayonda, Ağsuda birləşdirir. Müharibə bitdikdən az sonra 1948-ci ildə eyni kənddə işlədikləri zaman ailə həyatı qururlar. Belə ki, müharibədən qayıdandan sonra M.Mürsəlov Ağsu rayonunun Ərəbmehdibəy yeddi illik məktəbində müəllim təyin olunur. 1948-ci ilə qədər Hacıqədirli kənd ibtidai məktəbinə direktor təyin olunur. Bir il sonra Ağsu rayonun Çiyni kənd ibtidai məktəbinə direktor göndərilir. 1950-ci ildən 1952-ci ilə kimi Xaçmaz rayonunda müəllim işləyir. 1952-1955-ci illərdə Sumqayıt şəhər məktəbində müəllim, 1955-ci ildə Ağsu rayonunun Növcü kəndində yeddiillik məktəbdə müəllim kimi çalışır.
M.Mürsəlovun dünyaya 4 övladı, üç oğul və bir qızı gəlir. Vətənə layiq, ləyaqətli, vətənpərvər övladlar Mürsəlovlar ailəsində tərbiyə alıb. O, iş yerində olduğu kimi, ailədə də tələbkar, diqqətcil insan olub. Təvazökarlıq və sadəlik xarakterini səciyyələndirən ən mühüm keyfiyyətlər ona qarşı hörmət və məhəbbət hissi yaradıb. Oğlanların hər biri hərbi xidmət keçərək, ali savad alıblar. Böyük oğlu Mürsəlov Elman rəssam-heykəltaraşlıq sənətinə yiyələnib. Repin adına Leninqrad Rəssamlıq Akademiyasında təhsil alıb. 2013-cü ildə dünyasını dəyişib. Mürsəlov Elxan Azərbaycan Politexnik İnstitutunu bitirib, ölkədə neft sənayesində çalışıb. 2020-ci ildə dünyasını dəyişib. Kiçik oğlu Mürsəloav Fərhad isə Xalq Təsərrüfatı İnstitunun iqtisadiyyat fakültəsini bitirib. Öz ixtisası üzrə yüksək vəzifələrdə çalışıb və hazırda təqaüdçüdür. Qızı Ofeliya Mürsəlova Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə 1968-ci ildə daxil olub və bu ali təhsil ocağını 1973-cü ildə müvəffəqiyyətlə bitirib. 1971-ci il 13-cü çağırış Azərbaycan Respublikası Qurultayında Oktyabr rayon üzrə 65-ci seçki dairəsindən ilk tələbə deputat kimi namizədliyi irəli sürülüb. Universiteti bitirdikdən sonra Ağsu rayonu Növcü kənd orta məktəbinə dil–ədəbiyyat müəllimi təyin olunub. Bir müddət burada çalışdıqdan sonra Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoqika kafedrasına müəllim, daha sonra isə baş müəllim təyin olunub. 40 il bu ali təhsil müəssiəsində işləyib. 2012-ci ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illik yubileyi münasibəti ilə yüksək ixtisaslı kadrlar hazırladığına görə, Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.Orta məktəbdən başlayaraq bu günə qədər qəzet və jurnallarda şeirləri və elmi məqalələri dərc olunub. 5 kitab müəllifidir.
Ofeliya xanım atasının Böyük Vətən müharibəsində qələbənin qazanılmasında şücaət göstərdiyinə görə, orden və medallarla təltif olunduğunu birdirib. Belə ki, o, "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 5 illiyi", "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 10 illiyi", "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi", "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi", "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi", "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" və s orden və medallarla təltif olunub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 55 illiyi şərəfinə "1941-1945-ci illər müharibəsi Veteranı" nişanı ilə təltif olunmuşdur. Bir çox vətən oğulları kimi onun da bu təltiflərə layiq olması bizi qürurlandırır. Axı, Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycanın, M.Mürsəlov kimi igid oğulların payı müstəsnadır. Həmin illərdə baş verən hadisələrin, müharibənin şahidi və iştirakçısı olan insanların qələbə istəyi ilə Berlinə qədər getmələri, fədakarlıqları və ərənlikləri haqqında söz açır və onların şücaəti yaddaşlardan silinmir. Onlar gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsinə çevrilib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB