YAP ilə Türkiyənin AK Partiyasının birgə videokonfransı keçirilib - FOTOLAR

Mayın 4-də Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) birgə videokonfransı təşkil edilib. SİA xəbər verir ki, tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə, bir millət, iki dövlət: Qarabağ Zəfəri sonrası reallıqlar və uydurma “erməni soyqırımı” açıqlamasının regionda sülhə və stabilliyə təsirləri” mövzusunda keçirilib.

Videokonfransda çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan–Türkiyə, bir millət, iki dövlət” kəlamının tarixiliyi özünün siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyətini ötən dövr ərzində sübuta yetirib. 44 günlük şanlı Vətən müharibəsi və xalqımızın böyük Zəfəri Ulu Öndərimizin bu sözlərinin təntənəsi idi. Son günlərdə qardaş Türkiyənin uydurma “soyqırımı” ittihamı ilə üzləşdiyi bir vaxtda xalqlarımızın nümayiş etdirdiyi vahid mövqe sarsılmaz birliyimizin bariz nümunəsi oldu.

Bildirilib ki, Azərbaycan 44 günlük müharibədə təcavüzkar Ermənistanı ağır məğlubiyyətə uğratdı, parlaq qələbə qazanaraq tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu şanlı Zəfər yürüşü edərək təcavüzkar erməni silahlı qüvvələrini əzəli torpaqlarımızdan qovdu. Beləliklə, 30 ilə yaxın müddət ərzində regionda sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradan, separatizmə rəvac verən işğal faktına son qoyuldu, Azərbaycan Qarabağ münaqişəsini hərbi-siyasi yolla həll etdi. Bununla Azərbaycan dövləti həm də Birləşmiş Millətlər Təşkilatının uzun müddət kağız üzərində qalmış 4 qətnaməsinin icrasına nail oldu.

Qeyd edilib ki, Azərbaycanın bu möhtəşəm tarixi Qələbəsi təkcə ölkəmizin ərazi bütövlüyünün təmin olunması deyil, eyni zamanda, regionda yeni geostrateji reallıqların yaradılması baxımından böyük əhəmiyyətə malikdir. Ölkəmiz yeni reallıqlar yaratmaqla bölgədə dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik, o cümlədən çoxşaxəli əməkdaşlıq mühiti formalaşdırdı. Regionda kommunikasiya xətlərinin bərpa olunması, o cümlədən Zəngəzur nəqliyyat dəhlizinin açılması təkcə bölgə xalqlarının və dövlətlərinin rifahına, inkişafına xidmət etməyəcək. Bu, eyni zamanda, regionda yeni, çoxtərəfli əməkdaşlıq platformasının yaranmasını şərtləndirəcək.

Diqqətə çatdırılıb ki, istər 30 ilə yaxın müddət ərzində davam edən münaqişə dövründə, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə mərhələsində qardaş Türkiyənin Azərbaycana qətiyyətli, birmənalı mənəvi-siyasi dəstək göstərməsi sevindirici və qürurvericidir. Xalqlarımız və dövlətlərimiz bir daha sübuta yetirdilər ki, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yeni dünya düzəni üçün parlaq nümunədir. Azərbaycan xalqı qardaş dəstəyini hər zaman çox yüksək qiymətləndirir, “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan münasibətlərin inkişafından böyük məmnunluq duyur.

Yeni mərhələdə də Azərbaycan ilə Türkiyənin birgə təşəbbüsləri bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsinə, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə töhfəsini verəcək. Hər iki ölkə bölgədə yaranan yeni əməkdaşlıq platforması çərçivəsində rifah və inkişafın tərəfdarıdır.

Vurğulanıb ki, bütün bunlara baxmayaraq, bəzi məsuliyyətsiz, qərəzli, qeyri-obyektiv və tarixi faktlardan, həqiqətlərdən uzaq addımların atılması yeni geosiyasi reallıqlarla uzlaşmır, regionda qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa ciddi mənfi təsir göstərir. Daha dəqiq desək, ABŞ Prezidenti Co Baydenin 1915-ci ildə baş vermiş hadisələrlə əlaqədar bəyanatında uydurma “soyqırımı” ifadəsindən istifadə etməsi tarixin təhrif olunması cəhdi kimi qiymətləndirilməlidir. Bu, eyni zamanda, qardaş Türkiyəyə qarşı uğursuz təzyiq cəhdi, həm də ABŞ ilə Türkiyə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd addım kimi qəbuledilməzdir. Bu, həm də ABŞ Prezidentinin beynəlxalq hüquq normalarına və ümumbəşəri dəyərlərə hörmətsizliyidir. Bu addım hər bir azərbaycanlının da hiddətinə səbəb olub. Çünki xalqımıza qarşı dəfələrlə soyqırımı aktları həyata keçirmiş, müharibə cinayətləri törətmiş ermənilərin “məzlum” obrazında göstərilməsi, eləcə də onların guya soyqırımına məruz qaldığının iddia olunması tarixin saxtalaşdırılması və reallıqların bilərəkdən təhrif olunması ilə yanaşı, Qarabağ zəfərindən sonra yaranmış geosiyasi mənzərəyə dolayı təsir cəhdləri kimi də qiymətləndirilməlidir.

“Yeri gəlmişkən, Azərbaycan cəmiyyəti və dövləti hər zaman olduğu kimi, bu məsələdə də qardaş Türkiyəyə birmənalı və qətiyyətli dəstəyini bəyan etdi. Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı dövlət başçıları ABŞ Prezidenti Co Baydenin uydurma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı qınadılar. Bu qərarın yanlış olduğunu qeyd edən partiyamızın Sədri onu tarixi səhv adlandırdı. Dövlətimizin başçısı Azərbaycan xalqı və dövləti adından bu bəyanatın qəbuledilməz olduğunu bir daha diqqətə çatdırdı. Prezident İlham Əliyev, eyni zamanda, sözügedən açıqlamanın regionda yeni yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bəyan etdi, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Entoni Blinken ilə telefon danışığı zamanı da ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd etdi ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu əməkdaşlıq postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb.

Beləliklə, ölkələrimiz tarixi sınaq qarşısında bir daha sarsılmaz həmrəylik nümayiş etdirdilər. “Bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə Qarabağ zəfəri sonrası da qətiyyətli mövqe sərgilədilər. Hesab edirəm ki, bugünkü konfrans da sözügedən məsələyə dair hər iki ölkənin hakim partiyasının vahid mövqeyi kimi Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının növbəti nümayişi olacaqdır”, - deyə Tahir Budaqov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə