18 603 ədəd partlayıcı qurğular aşkar edib ANAMA

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılır. ANAMA-nın Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əməliyyatlar əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının və xüsusi təlim keçmiş itlərin dəstəyi ilə həyata keçirilir.

Azərbaycan Hökumətinin planına, tapşırıq və tövsiyələrinə əsasən qarşıya qoyulmuş prioritetlərə uyğun olaraq avtomobil və dəmiryolu, eləcə də yüksək gərginlikli elektrik xətlərinin keçəcəyi ərazinin, əkin sahələrinin mina və PHS-lərdən təmizlənməsi əməliyyatları həyata keçirilir.

ANAMA-nın Əməliyyat İdarəsinin tədqiqat və təmizləmə şöbəsinin müdiri İdris İsmayılov qeyd edib ki, 2020-ci il 10 noyabr tarixindən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 20,280,727 kv.m (2 028 ha) ərazi yoxlanılmış, 7 086 ədəd piyada əleyhinə və 3 574 ədəd tank əleyhinə mina, 7 943 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilmişdir.

Agentlik rəsmisi bir daha bildirdi ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir. Polis postlarından yayınaraq ərazilərə daxil olmaqla insanlar özlərini təhlükəyə məruz qoyurlar. Nəzərə alsınlar ki, vətəndaşların səbirsizliyi ağır fəsadlar doğurur. Unutmayın ki, mina insana rast gəlmir, insanlar minaya rast gəlir. Mina partlayışı nəticəsində çox vaxt insanlar ya həyatlarını itirirlər, ya da ciddi xəsarət alaraq əlil qalırlar. Xəsarət alaraq əl-ayağını, gözlərini itirən insanların normal həyat tərzi sürməsi mümkünsüz olur, eyni zamanda özü ilə birgə ailə üzvləri də psixoloji təsirə məruz qalır.

Qeyd olunanları nəzərə alaraq, vətəndaşlarımızdan şübhəli və təhlükəli ərazilərə daxil olmamalarını və tələb olunan qaydalara ciddi şəkildə riayət etmələrini xahiş edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə