Ulu Öndərin xalq qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür - ŞƏRH
Tarix boyu dövlətlərin və xalqların əldə etdikləri nailiyyətlərdə siyasi liderlərin əvəzolunmaz xidmətləri olmuşdur. Yalnız hər kəs tərəfindən qəbul edilən və sevilən güclü siyasi lideri olan xalqlar öz gələcək talelərini doğru-düzgün müəyyən etmiş, dövlətçiliklərini yaşada bilmişlər. Müasir Azərbycan dövlətinin qurucusu olan Heydər Əliyev XX əsrdə xalqımızın taleyində müstəsna rolu olan belə tarixi şəxsiyyətdir. Heydər Əliyevin ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir. Rəhbərlikdə olduğu 34 il müddətində Ulu Öndər daim öz xalqının və dövlətinin mənafeyi uğrunda əzmlə mübarizə aparmışdır.

Azərbaycan xalqı şəxsiyyət böyüklüyünün qüdrətini də, liderliyin əzəmətini də bu nurlu dühüda gördü, qüdrətli və müstəqil bir dövlətin vətəndaşı olmaq xoşbəxtliyini yaşadı, xalqının gələcəyi üçün çalışmağın aliliyini,vətəni canından çox sevməyi ondan öyrəndi. Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. “Bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib” – deyən ümummilli liderimizin ən başlıca keyfiyyəti xalqımıza ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməsi idi.
Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

1969-cu il - Azərbaycanın müasir tarixində dönüş mərhələsi
Ümummilli Liderimiz Heydər Əliyev 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.
Bəli, 1969-cu il iyul ayının 14-dən başlayan və Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən geniş anlamda dirçəliş, tərəqqi və milli inkişaf epoxası, sözün əsl mənasında, Heydər Əliyev epoxası adlanır. 1969-cu ilin iyulunda Azərbaycanın siyasi rəhbərliyinə seçilən Heydər Əliyev çox gözəl başa düşürdü ki, respublikanın gələcək inkişafında əsas strateji amil ölkənin iqtisadiyyatının tezliklə dirçəldilməsidir. Görülən məqsədyönlü tədbirlər nəticəsində çox qısa bir zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. Belə ki, 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci ilə nisbətən 2,9 dəfəyə qədər artdı. Maşınqayırma sənayesində istehsalın həcmi 5,3 dəfə, kimya və neft-kimya sənayesində 3 dəfədən çox, yeyinti sənayesində isə 4 dəfədən çox artmışdı. Sənayenin struktur quruluşunda maşınqayırma kompleksinin xüsusi çəkisi 1960-cı ildə 5,1 faizdən 1982-ci ildə 16,4 faizə, kimya və neft-kimya, meşə sənayesi kompleksi müvafiq olaraq 4,1 faizdən 8,7 faizə, tikinti materialları sənaye kompleksi 2,7 faizdən 3,2 faizə, yeyinti sənayesi kompleksi 2 dəfədən çox artdı.
.jpg)
O dövrdə Azərbaycanda müasir texnologiyaya əsaslanan neft sənayesi və neft emalı üzrə yeni-yeni müəssisə və zavodların yaradılması ölkəmizdə bu strateji məhsulun istehsalını və emalını nəzərəçarpacaq dərəcədə artırdı. Məhz o illərdə Xəzər dənizi hesabına Azərbaycanda neft sənayesinin gələcək inkişafını nəzərə alaraq Bakıda unikal bir zavod - dərin dəniz özülləri zavodu tikildi. Ümumiyyətlə, 1969-1982-ci illərdə respublikada müxtəlif təyinatlı 320-yə yaxın sənaye müəssisəsi tikilib istifadəyə verildi.
Bundan əlavə, ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə milli kadrların yetişməsi, onların Rusiyanın və digər müttəfiq respublikaların ali məktəblərinə oxumağa göndərilməsi istiqamətində çox böyük işlər aparılırdı. O illərdə SSRİ-nin nüfuzlu ali məktəblərində on beş mindən yuxarı azərbaycanlı gənc təhsil almağa göndərilmişdi. Bu, ölkənin milli kadrlarının yetişdirilməsi sahəsində irəliyə doğru atılmış ən mühüm addımlardan idi.
Bütün bunlar Azərbaycanın Heydər Əliyevin rəhbərliyi dövründə sürətli iqtisadi inkişafa nail olmasının əyani sübutudur. Heydər Əliyevin hazırladığı milli inkişaf strategiyası əsasında Azərbaycan sürətli inkişaf yoluna çıxarıldı. Bu inkişaf həyatın bütün sahələrini əhatə edirdi.

Prezident İlham Əliyev: "Əldə edilən hər bir uğurumuz Heydər Əliyevin xidmətləridir"
Ölkəmizə 34 ildən çox rəhbərlik etmiş Azərbaycan Ulu Öndəri Heydər Əliyev nəinki ictimai, siyasi, sosial, eləcə də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atmışdır. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir. Tarixi təcrübələrdən, dünya tarixinin nəticələrindən də qənaətə gəlmək mümkündür ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Belə ki, düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu daha da çətin idi. Məsələ ondadır ki, ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Belə olan halda xalqın, dövlətin müqəddəratının həll olunması üçün qətiyyətli, xarizmatik və əzmkar liderə ehtiyac var idi. Çünki müstəqillik əldə edildikdən sonra fəaliyyət göstərən naşı hakimiyyətlər Azərbaycanı demək olar ki, xarici qüvvələrin ixtiyarına buraxmışdılar. Bu isə ölkəmizin dünya xəritəsindən silinməsi təhlükəsini belə ortaya qoymuşdu.
Azərbaycan xalqını və ölkəni isə belə ağır vəziyyətdən yalnız Heydər Əliyev fenomeni çıxarardı və 1993-cü ildə Onun hakimiyyətə qayıdışı xilasın ilkin mərhələsi kimi qiymətləndirilməyə başlanıldı. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".
(1).jpg)
İlham Əliyev və siyasi varisliyin təntənəsi
Bəli, xalqın irəlidə – Ulu Öndərdən sonra taleyini etibar etmək istədiyi lider yalnız İlham Əliyev idi. Prezident İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələrilə müşayiət olunan proseslərdə, tez-tez dəyişən olayların çevrəsində dünya şöhrətli atasının bütün fərdi və ideoloji qənaətlərini onunla birgə yaşayırdı. Ümummilli liderin ən layiqli varisi İlham Əliyev ona görə güclü idi ki, müstəqil Azərbaycan dövlətinə rəhbərlik estafetini qəbul edərək böyük siyasətə gəlişi Üummilli Lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmışdı. Belə bir tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyev 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: "Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Bəli, 18 il prezidentlik fəaliyyəti müddətində Prezident İlham Əliyev ölkə daxilində və xarici aləmdə məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edilir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu
Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.
Ən əsası isə sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.
Prezident İlham Əliyev 18 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi. "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".
Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. "Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir",-deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur.

Bəli, bu gün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpasına nail oldu. Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının dediyi kimi: "İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!".
Bəli, Ruhun şad olsun Ulu Öndər, Qarabağ Azərbayücandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəstndə "Dağlıq Qarabağ" problemi yoxdur!. Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: "Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".
Ona görə də Ulu Öndərin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək yeganə Lider Prezident İlham Əliyev cənablarıdır. Bütün bunlar isə Heydər Əliyev uzaqgörənliyinin, Heydər Əliyev zəkasının və Heydər Əliyev nurunun bizə tərəf saçılan əbədi şölələridir!
İllər ötəcək, dünyaya yeni nəsillər gələcək, zəmanəmizin dahisi Heydər Əliyev ideyalarının sönməz şəfəqlərindən hər nəslə pay düşəcək. Nə qədər ki, Azərbaycan var, Azərbaycanın dahi oğlunun əməlləri, müqəddəs ideyaları və arzuları xalqımızın qəlbində əbədiyyən yaşayacaq, yaşadılacaqdır!
MUXTAR NAĞIYEV,
YAP Səbail rayon təşkilatının sədrinin müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB