Əli Kərimli dövlətə necə xidmət edir?

Əli Kərimli dövlətə necə xidmət edir?

Boş-boş danışmağınımı, bloqqerliyinimi, mənasız statuslarınımı?

Mövcud reallıqlar təsdiq edir ki, siyasi arenada yalnız adlarından və sosial şəbəkələrdə mənasız statusları ilə tanınan dağıdıcı müxalifət başbilənləri siyasi proseslərdən təcrid vəziyyətinə düşüblər. Bu kimi amillər səbəbindən, müxalifət düşərgəsində yer almış qüvvələrin birlik modellərinin həyata vəsiqə ala bilməməsi, yanlış siyasi taktika və strategiya əsasında baş verib. Azərbaycan müxalifətinin uğur qazanmamasının səbəbləri kimi, həmçinin, onun xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq, xarici siyasi-maddi köməkliyə arxalanmasını da göstərmək olar. Çox maraqlıdır ki, çirkab içərisində olan müxalifət liderləri təsir dairələrində olan mətbu orqanların yazarlarını da güdaza verirlər. Düşünmək olar ki, anormal mövqe tutmaqdan müxalifət partiyaları və onların qəzet yazarları zaman keçdikcə imtina edəcəklər. Lakin Ə.Kərimlinin təsiri altında olan saytlar və trolları öz bəd əməllərini davam etdirməklə çox ciddi təpki altında olduqlarını nümayiş etdirirlər. Fikir versəniz görmək olar ki, xaricdə oturub, sosial şəbəkələrdə söyüş söyən, insanları təhqir edən şəxslərin böyük əksəriyyəti vaxtı ilə Azərbaycanda cinayət törədərək ölkədən qaçanlardır. Misal kimi qondarma vəkil Qurban Məmmədovu, rəsmən dəli olduğu təsdiqlənən Vidadi İsgəndərlini, “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu”nun rəhbəri Emin Hüseynovu, Məhəmməd Mirzəlini, Orduxan Teymurxanı, Arif Məmmədovu və digərlərini göstərmək olar.

Əli Kərimlinin ABŞ-da biznesi

Təbii ki, xaricə oturub, ölkəmiz haqqında qarayaxma kampaniyası aparanlar heç də öz ağılları və düşüncələrinə uyğun addımlar atmırlar. Onların fəaliyyətlərini koordinasiya edən, müəyyən göstərişlər verənlər var. Göstəriş verənlər heç də, hamısı xarici fondların rəhbərləri və ya qaranlıq dairələrin təlimatçıları deyillər. Azərbaycanda müxalifətin əsas simalarından hesab olunan AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı və mənsublarda qul təfəkkürlü xarici “söyüş müxalifət” toplumuna sifarişlər və göstərişlər verirlər. Ə.Kərimli pozucu təlimatların verilməsində xüsusilə seçilir. Bu baxımdan o, xaricdəki, təxribatçı şəbəkənin liderlərindən hesab olunur. Qəribədir ki, pozucu xisləti üstündə olduğu halda bəzən sosial şəbəkələrdə xalq, dövlətə xidmət etdiyini iddia edir və bu istiqamətdə pafoslu fikirlər uydurur. Sual olunur, AXCP sədri Əli Kərimli "biz nə ediriksə, hamısı dövlətə, millətə xidmətdir" deyərkən, nəyi nəzərdə tutur? Oğlunun Britaniyanın ən bahalı universitetində təhsil alıb, ABŞ-da biznes qurmağınamı? Yoxsa qızının, kiçik oğlunun Britaniyada məskunlaşmasına, oliqarx həyatı sürməyinəmi? Ə.Kərimlinin hansı əməlini dövlətə xidmət hesab etmək olar? Boş-boş danışmağınımı, bloqqerliyinimi, mənasız statuslarınımı? Satqın və xəyanət olduğu dəfələrlə sübuta yetirilən Ə.Kərimlinin dövlətə və xalqa xidmət etdiyi gülüş doğurur. Ə.Kərimlinin yaxın ətrafından olmuş, keçmiş AXCP üzvü Hürrü Əliyev AXCP sədri Ə.Kərimlinin sözü ilə əməllərinin üst-üstə düşmədiyini bildirib: “Artıq neçə ildir ki, bütün xalq sizlərin əsl simanızı görür. Nə özlərinin, nə də sözlərinin dəyəri, hörməti qalmayıb.

Sən deyildin xarici havadarlarından qrant almaq üçün dağıdıcı siyasət nəticəsində partiyanı bölüb parçalayan?! İllər boyu yerində sayan müxalifətə elə sizin kimi də lider lazımdır. Siz müxalifətçiliyi həyat tərzi seçmisiniz və hər seçki qabağı bir iki pafoslu çıxışla camaatın, xalqın etimadını qazanmaq fikrindəsiniz. Artıq xalq ayılıb, ölkədə gedən bütün irəliləyişləri görür və başa düşür ki, siz artıq uduzmusunuz”.

Əli Kərimli ordu sıralarında olarkən şəxsi heyətdən komandirə məlumat çatdıran olub

Hürrü Əliyev Əli Kərimlinin gənclərə arxa durmaq gərək olduğu bəyanatını da yersiz sayır: “Siz bunu gəncləri sanksiyasız mitinqlərə və nümayişlərə çağırdığınız zaman düşünməli idiniz. Deputat seçkilərində əlinizi “Quran”a basıb and içdiniz ki, heç kəs bu seçkiləri tanımayacaq və qəbul etməyəcək. Amma həmişəki kimi andınıza sadiq qala bilmədiniz. Bölgələrdə iğtişaş törədib sadə camaatı pafoslu nitqlərinlə qızışdırıb küçələrə salmaq sənin ləyaqətinə yaraşır! Bu hakimiyyət büdcədən milyonlar ayırır ki, ölkə gəncləri xaricdə öz təhsilini davam etdirə bilsin. Hakimiyyət gənclərin idmana həvəsini artırmaq üçün müxtəlif tədbirlər görür, idman yarışları keçirir. Bir sözlə, hakimiyyət gənclərə arxalanır. Sadəcə, çaxnaşma, mitinq və nümayişlərə çağırışları öz iş rejimi seçən müxalifətə bu gün də mesajımız keçən seçki illərindəkindən fərqlənmir”. Hürrü Əliyev ümummilli məsələləri arxa planda saxlayan bir “liderin” AXCP kimi milli ideologiyaya və bütöv Azərbaycana yüksək dəyər verən bir təşkilata rəhbərlik etməsi absurddur: “Biz AXCP-də təmsil olunan vətənpərvər, millətçi, mübariz və əqidəli insanlara, gənclərə üz tutub deyirik ki, nə qədər gec deyil, ayılın! Sizlərin rəhbəriniz tərəfindən aldandığınızı və çirkin oyunlara sövq edildiyinizi bilirik və görürük. Sizin kimi mübariz insanları da bu barədə məlumatlandırmağı özümüzə borc bilirik. Zaman hər şeyi ortaya qoyacaq”.

Bir sözlə, Ə.Kərimli “vətən, xalq” deməyə haqqı olmayan insandır. Çünki qeyd edildiyi kimi, o, siyasi fəaliyyəti dönəmində ancaq şəxsi maraqlarını və xarici dairələrin mənafeyini düşünüb. Ümumiyyətlə, o gəncliyindən ləkəli bir həyat yaşamağı seçib. Yəni hələ ordu sıralarında olarkən şəxsi heyətdən komandirə məlumat çatdıran olub. Amma bu günlər mətbuata açıqlama verərək, bildirir ki, “o, hətta əsgəri xidmətdə belə etirazlar edib”. Bu yalanlarla ancaq cəbhəçiləri aldada bilərsən, Ə.Kərimli. Ancaq görünən odur ki, artıq cəbhəçilər də, onun yalan-palanlarına aldanmırlar. Yeri gəldikcə, etirazlarını və tənqidlərini onun üzünə deyir və bəzən də partiya sıralarını tərk edirlər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə