Azərbaycan - Dünya İqtisadi Forumu: Azərbaycanın beynəlxalq aləmdə səmərəli əməkdaşlığı

Azərbaycan - Dünya İqtisadi Forumu: Azərbaycanın beynəlxalq aləmdə səmərəli əməkdaşlığı

Prezident İlham Əliyev: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma prosesi gedir, qarşıda nəhəng iş durur və böyük bir ərazi tamamilə yenidən qurulacaq”

Aprelin 28-də Dünya İqtisadi Forumunun prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü olub. Görüşdə ölkəmizlə Dünya İqtisadi Forumu arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirildi, bu əməkdaşlıq çərçivəsində Azərbaycanın Dünya İqtisadi Forumunun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan ilə Dünya İqtisadi Forumu ölkəmizdə qeyri-neft sektorunun inkişafı sahəsində də uğurla əməkdaşlıq edir.

Prezident İlham Əliyev Borge Brendeyə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verib. Dövlətimizin başçısı bildirib ki, həmin ərazilərdə yenidənqurma prosesi gedir, qarşıda nəhəng iş durur və böyük bir ərazi tamamilə yenidən qurulacaq. Bildirilib ki, indi səylərin əsas istiqaməti ərazilərin yenidən qurulması olacaq və bu, həmçinin ölkə iqtisadiyyatının qeyri-enerji sektoruna, xüsusilə tikinti sahəsinə təkan verəcək. İki gün əvvəl “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq kəndlərin təməlinin qoyulduğunu vurğulayan dövlətimizin başçısı işğaldan azad edilmiş əraziləri “yaşıl zona” elan etdiyini, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasından istifadə olunacağını, şəhərlər üçün baş planların hazırlandığını, enerji istehsalı, elektrik enerjisi, avtomagistrallar, dəmir yolları, hava limanları ilə bağlı infrastruktur layihələrinin həyata keçirildiyini deyib.

Dünya İqtisadi Forumu ilə əməkdaşlığın perspektivləri

Söhbət zamanı Azərbaycanda pandemiya ilə mübarizə sahəsində görülən tədbirlər də qeyd edildi, son günlərdə ölkədə sağalanların sayının artması müsbət amil kimi qiymətləndirilib. Azərbaycanda vaksinasiyaya başlanıldığı, əhalimizin 14 faizinin artıq peyvənd olunduğu bildirilib, pandemiya ilə bağlı ölkəmizin təşəbbüsü ilə çox vacib və qlobal tədbirlərin keçirildiyi vurğulanıb, Azərbaycanın 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərdiyi qeyd edildi, ölkəmizin milli səviyyədə və Qoşulmama Hərəkatının sədri kimi qaldırdığı məsələlərdən birinin də dünyada vaksinlərin ədalətli bölgüsü ilə bağlı olduğu diqqətə çatdırılıb.

Görüşdə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin fəaliyyəti vurğulanıb. Dövlətimizin başçısı MDB regionunda ilk bu cür mərkəzin məhz Bakıda yaradılmasına görə minnətdarlığını bildirib, iqtisadiyyatı şaxələndirmək və islahatları davam etdirmək üçün, eləcə də investisiyaları cəlb etmək baxımından mərkəzin rolunu qeyd edilib. Bildirilib ki, bu Mərkəzin əsası 2020-ci ildə Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin niyyət məktubunu imzalaması ilə qoyulub. Mərkəzin fəaliyyətinin təşkili üçün Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq artıq təmin olunub. İlkin mərhələdə süni intellekt və rəqəmsal iqtisadiyyatla bağlı təhlillər aparılır.

Haşiyə: Bu yerdə nüfuzlu beynəlxalq mütəxəssislər də Dünya İqtisadi Forumunun Azərbaycan afilə edilmiş mərkəzinin açılmasını yüksək qiymətləndirməsi ilə bağlı fikirləri də vurğulamaq yerinə düşər. ABŞ politoloqu Qreyq Vaynerin sözlərinə görə, Azərbaycan regionun ən sabit və siyasi baxımdan proqnozlaşdırıla bilən dövlətlərindən biridir və Azərbaycanda Dünya İqtisadi Forumunun Regional Mərkəzinin açılması ölkənin liderliyini möhkəmləndirəcək. Cənab Vayner düşünür ki, belə mərkəzin fəaliyyətə başlaması Azərbaycana investisiyaların cəlb edilməsi prosesinə əlavə təkan verəcək. Bu cür sənədlərin imzalanması Azərbaycana olan etimadın yüksək səviyyəsini nümayiş etdirir və şübhəsiz ki, beynəlxalq investorların Azərbaycana qarşı daha xeyirxah münasibət bəsləməsinə və böyük etimad hissi ilə ölkəyə pul qoymasına kömək edəcək. Amerikalı mütəxəssis bunu Azərbaycan üçün beynəlxalq iqtisadi sistemə inteqrasiya sahəsində çox böyük irəliləyiş kimi də dəyərləndirmişdir. Bundan başqa, amerikalı ekspertin fikrincə, Azərbaycan regionda lider olaraq digər ölkələrin inkişafına yardım etmək üçün məsuliyyəti öz üzərinə götürə bilər. Qreq Vayner, həmçinin hesab edir ki, Azərbaycanda belə mərkəzin açılması qeyri-neft sektorunun inkişafına da ciddi təkan verəcək.

Göründüyü kimi, Azərbaycan regionda lider olaraq digər ölkələrin inkişafına yardım etmək üçün məsuliyyəti öz üzərinə götürməyə qadir ölkədir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Borge Brendeni Azərbaycana səfərə və mərkəzin fəaliyyəti ilə tanış olmağa dəvət edib.

Həmçinin, Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun gənc nəslin təliminə çox böyük diqqət yetirildiyinə, son illərdə bilikli insanların yeni nəslinin təşəbbüs və proqramlarında iştirakına imkan yaradıldığına görə Borge Brendeyə təşəkkürünü bildirib.

Güclü əlaqələrin yaranması Prezident İlham Əliyevin yürütdüyü genişmiqyaslı siyasətin təzahürüdür

Göründüyü kimi, bu gün Azərbaycan dünyanın ən böyük forumu olan Davos İqtisadi Forumunun arzu olunan və çox nüfuzlu üzvlərindən birinə çevrilib. Azərbaycan hər il bu forumda təmsil olunur və ölkəmizin dünyada nüfuzu daha da artır. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan 1995-ci ildən başlayaraq Davos İqtisadi Forumunda iştirak edən ölkəmizin məqsədi dünyada gedən prosesləri izləmək, o cümlədən Azərbaycandakı prosesləri bölgədə marağı olan iştirakçılara çatdırmaqdan ibarətdir. Qeyd edək ki, ötən 26 il ərzində Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf etmişdir. Belə güclü əlaqələrin yaranmasında, sözsüz ki, Prezident İlham Əliyevin yürütdüyü genişmiqyaslı siyasət böyük rol oynamışdır. Ötən illərdə olduğu kimi, bu dəfə də ölkə başçısı Davos forumunda Azərbaycan həqiqətlərinin bir daha səsləndirilməsinə nail oldu, bir sıra ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, eyni zamanda, gələcək əməkdaşlıq münasibətlərinin perspektivlərini müzakirə etdi. Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsində forum belə qiymətləndirilmişdir: “Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir”.

Həqiqətən də, dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayan forumda irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan forum, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. Bu baxımdan Prezident İlham Əliyevin forumun işində yaxından iştirak etməsi Azərbaycan reallıqlarının təbliği baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan regionda mühüm iqtisadi tərəfdaş imicini layiqli şəkildə qoruyur

Həmçinin, bu gün Azərbaycan dünyada böyük neft-qaz ölkəsi kimi qəbul olunur. Digər tərəfdən bir sıra xarici şirkətlər Azərbaycanın qeyri-neft sektoruna da investisiya yatırmağa maraq göstərir. Azərbaycan regionda mühüm iqtisadi tərəfdaş imicini layiqli şəkildə qoruyur. Bu platformadan müsbət istiqamətdə yararlanaraq, Azərbaycana gələcəkdə mühüm iqtisadi və siyasi dividentlər qazandıra bilər.

Bir sözlə, Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı və forum çərçivəsində keçirdiyi görüşlərdə səsləndirdiyi fikirlər sayəsində beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, Azərbaycan mürəkkəb olduğu qədər də ən narahat regiona yaxın coğrafiyada yerləşməsinə baxmayaraq, sürətli templə irəliləyir və həyata keçirilən genişmiqyaslı islahatlar dinamik inkişafı təmin edir. Belə bir inkişaf Azərbaycanı regionun liderinə çevirməklə yanaşı, beynəlxalq ictimaiyyətin dəyərli və məsuliyyətli üzvlərindən biri olması əminliyini daha da gücləndirir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə