""Hay"lardan ancaq alət kimi faydalanırlar" Deputat maraqlı məqamlara toxundu
“Bu məsələdə, baxıram ki, erməni lobbisinin olduğu vurğulanır. Hətta, rast gəldiyim bəzi şərhlərdə deyilir ki, guya bu, seçkiqabağı bir addımdır və bununla Amerika istəyir ki, Ermənistanda rusiyapərəstlər yox, qərbpərəstlər hakimiyyətdə olsunlar. Mən açığını deyim ki, bu versiyaların heç biri ilə razılaşmıram. Ona görə razılaşmıram ki, əgər nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatlarında uydurma hay soyqırımı məsələsi nə vaxt qabardılıb, onda görəcəyik ki, burada haylardan ancaq və ancaq alət kimi faydalanırlar". Bu sözləri SİA-ya verdiyi açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Deputatın sözlərinə görə, baxmayaraq ki, ilk baxışda elə məhz bütün bunlar onların maraqlarına uyğun atılmış addımlar kimi görünür, burada onların, ermənilərin maraqları ikinci plandadır.
“Xatırladıram ki, bu uydurma “soyqırımı” məsələsi ilk dəfə prezident Karterin dövründə qaldırılıbdır və söhbət o vaxtdan gedir ki, onda bilirsiz ki, Türkiyə Şimali Kiprə qoşun yeritmişdi və məhz o zaman Türkiyəni cazalandırmaq məqsədi ilə bu, Amerika Birləşmiş Ştatlarının gündəminə çıxarıldı. Bəli, 1982-ci ildə Reyqan da soyqırımı ifadəsini işlədib, bu faktdır, amma məsələ burasındadır ki, 1982-ci ildə, yəni, o zaman Amerika Birləşmiş Ştatlarının Konqresi hələ bu uydurma soyqırımı tanımamışdı. İndi isə, həm Konqres tanıyıb, həm də artıq Amerika Birləşmiş Ştatları prezidenti bu ifadəni dilə gətirir. Yəni, burada da məqsəd, təbii ki, müstəqil siyasət yeridən, özünün maraqları baxımından çıxış edən və öz ambisiyalarını açıq şəkildə ortaya qoyan Türkiyəni yerində oturtmaq, cəzalandırmaq, əlini, qolunu bağlamaqdır. Amma, fikirləşmirəm ki, artıq bu cür addımlarla onlar öz məqsədlərinə nail ola bilsinlər. Əksinə, bu addımdan Amerikanın maraqlarına daha çox zərər dəyəcək nəinki Türkiyənin.
Bilirsiniz ki, artıq Cənab Prezident Türkiyə dövlətinin başçısı Cənab Ərdoğanla telefon əlaqəsi saxlayıb, Azərbaycanın bu məsələdə sonadək Türkiyənin yanında olacağını bildirib və bu isə o deməkdir ki, bunun arxasınca hər iki dövlətin birgə, qarşılıqlı addımları da olacaq. Hər halda atılan bu addımlar Amerika dövlətinin maraqlarına cavab verən addımlar olmayacaq və üstəlik də, bu, Amerikaya heç də müsbət imic gətirmir. Çünki, bu, tarixi baxımdan da ədalətsizlikdir. Gözlərinin önündə baş verən Xocalı soyqırımını görməyib də, uydurma bir məsələni qabartmaq baxımından da bu, mənəviyyatsızlıqdır və regionda, Cənab Prezidentin də vurğuladığı kimi, əməkdaşlıq meyilləri yaranan bir zamanda Ermənistandakı revanşist qüvvələri təzədən qarşıdurmaya həvəsləndirməklə, Amerika Birləşmiş Ştatları qlobal təfriqəçi rolunun olduğunu göstərir. Yəni, burada heç bir, nə humanizm var, nə beynəlxalq hüquqa hörmət var, nə də ki, tarixin dəyərləndirilməsi var”, deyə Sahib Alıyev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB