"Azərbaycan-Türkiyə bariz dostluq nümunəsi və iki qardaş ölkənin vahid mövqeyi" MƏQALƏ

"Azərbaycan-Türkiyə bariz dostluq nümunəsi və iki qardaş ölkənin vahid mövqeyi" MƏQALƏ

İki qardaş dövlətin başçıları bütün məsələlərdə olduğu kimi, bu dəfə də ABŞ Prezidentinin məlum bəyanatına qarşı eyni mövqedən çıxış ediblər. Aprelin 24-də Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında telefon danışığı olub. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar bəyanatını qınayıblar;

Azərbaycan və Türkiyə münasibətləri haqqında danışarkən yalnız bu gündən söhbət açmaq düzgün olmazdı. Çünki bu iki dövləti bir-birinə bağlayan köklər minilliklərə dayanır. Əlbəttə ki, bütün tarixi analiz etmək fikrim yoxdur. Dədə Qorquddan Koroğluya qədər, Mövlanədən Nəsimiyə qədər, Nuru paşadan, Çanaqqala savaşından, Əhməd Cavadın az qala hər kəsin əzbər bildiyi “Çırpınırdı Qara dəniz”inə qədər həddindən artıq ortaq dəyərlərə sahibik. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan və bir-birinə bağlı olan ikinci belə bir nümunə tanımıram. Genetik bağlılıqları olan xalqlar, ortaq tarixi olan dövlətlər yetərincədir, ancaq Azərbaycan və Türkiyə qədər bağlı dövlətlər yoxdur. Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türk şəhidlərimiz uyuyur. Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir” söylərkən, bu ifadədə qardaş bağlılığını hiss edə bilərik. Eynilə də Türkiyənin sevinci və kədəri Azərbaycanın öz hissləridir. Bəli, məhz bunun nəticəsidir ki, Çanaqqala zəfərinin (1915-1916) qazanılmasında minlərlə soydaşımızın da payı var və həmin döyüşlərdə qəhrəmancasına döyüşmüş şəhidlərimiz Çanaqqaladakı qardaşlıq məzarlarında uyumaqdadırlar.

Eləcə də, Azərbaycanın 1918-ci ildə üzləşdiyi siyasi böhran zamanı xalqımızın soyqırımına və ərazilərinin işğal təhlükəsi ilə qarşı-qarşıya qaldığı vaxtlarda Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını həyata keçirməsini, azərbaycanlı qardaş və bacılarını düşmən caynağından qurtarmasını xatırlatmaqla həmin tarixi həqiqətləri qürurla ana bilərik. Bu gün Azərbaycan torpağında minlərlə türk qardaşlarımız şəhidlik şərbəti içərək uyumaqdadırlar. Azərbaycan-Türkiyə əlaqələri Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.

Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.

Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.

Bu gün Azərbaycan-Türkiyə münasibətləri həqiqətən dünyada bənzəri olmayan münasibətlərdir. Və bu günkü nəslin borcu ata-babalardan gələn bu birliyi, qardaşlığı olduğu kimi, hətta daha möhkəm formada gələcək nəsillərə ötürməkdir. Azərbaycanla Türkiyənin taleyi birgə yazılıb və bu daim belə də olmalıdır.

Eminova Xəyalə Zəfər qızı

124 saylı tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini

Bütün xəbərlər Facebook səhifəmizdə