Azərbaycana qarşı bu haqsızlıqlara göz yumulurdu İCRAÇI DİREKTOR

Azərbaycana qarşı bu haqsızlıqlara göz yumulurdu İCRAÇI DİREKTOR

"Çox təəssüf doğurur ki, bu gün də vəhşiliklərə, bu dağıntılara göz yumulur. Dünyanın bəzi qabaqcıl ölkələri çox təəssüf ki, uzun illər idi ki, yaxın tarixdə baş vermiş Azərbaycana qarşı bu haqsızlıqlara göz yumurdu, ədalətsiz yanaşırdı. Bizim dağıdılmış dəyərlərimizə, mənəvi, maddi irsimizə göz yumurdu. Amma əvəzində bu gün başqa-başqa siyasi məqsədlər üçün tarixdə heç bir həqiqəti əks etdirməyən, isbat olunmayan məsələlər çox təəssüf ki, qabardılır". Bu sözləri SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

Onun sözlərinə görə, həqiqətən də bizim düşməndən azad etdiyimiz torpaqlarda çox böyük infrastruktura zərbə vurulub. Bizim tarixi, mədəni, mənəvi irsimizə çox böyük zərbə vurulub, dağıdılıb. Bunlara biz torpaqları azad etdikdən sonra cənab Prezidentin rəhbərliyi altında bütün dünya ictimaiyyətinə çatdırdıq. Amma buna lazımi reaksiya verilməyib. Bu çox təəssüf doğuran məqamdır. Axı bu ölkələr müasir dəyərlərin carçısı kimi özlərini tanıdırlar. Bu dəyərləri başqa-başqa mədəniyyətlərə, başqa-başqa ölkələrə transferini söyləyirlər. Axı onlar nə üçün bu dəyərləri ikili standartla ələ alırlar? Bunlar təbii ki, hər birisi çox təəssüf doğuran məqamlardır. Amma bütün bunlara rəğmən mən düşünürəm ki, Azərbaycan xalqı ümumilikdə türk dünyası bu məsələlərdə mətanət nümayiş etdirir.

Mehman İsmayılov həmçinin qeyd edib ki, “bizim dövlətlərimiz, bizim xalqlarımızın tarixi çox şanlı səhifələrlə doludur. Mən inanıram ki, biz bütün bu tarixi mirasımıza söykənərək, xalqımızın irsini, mədəniyyətini dəyərini daha da möhkəmləndirəcik, daha da inkişaf etdirəcəyik və dünyada çox qısa zamanda duyurmağa nail olacayıq”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə