"Prezidentin açıq dəstəyi qardaşlığımızın tarixinə qızıl hərflərlə yazılacaqdır"
"ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı tarixi yanlışlıqlarla zəngin açıqlamasından sonra hər kəsi bir sual maraqlandırır. "Bundan sonra nə olacaq?" Cavab çox sadədir. Heç nə! Heç nə olmayacaq və bu gün dünya siyasətində ABŞ-ın mövqeyini və məsələlərə təsir imkanlarını dəyərləndirdikdə deyə bilərəm ki, Co Baydenin cari açıqlaması dünya siyasət tarixinə siyasi cəhətdən məsuliyyətsiz açıqlama kimi düşəcəkdir. Onu da qeyd edim ki, ABŞ-ın 49 ştatı bu qondarma soyqırım aktını tanımış və belə bir açıqlama ABŞ prezidentləri tərəfindən ilk dəfə səslənmir. Buna bənzər bir açıqlama 1983-cü ildə Reyqan tərəfində də dilə gətirilmişdir. Bu, hələ o zaman dünya siyasəti şərtləri çərçivəsində Türkiyəyə ciddi bir təsir göstərməmişdir". Bu fikirləri "Səs" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev bildirib.
Qeyd edib ki, qondarma erməni soyqırımı bir başa tarixçilərin araşdırmalı və mübahisəli məqamların çox olduğu bir məsələdir: "Belə ki, erməni tarixçiləri hər il dırnaqarası qurbanlarının sayını artırır. 1.5 milyon dırnaqarası qurbanın olması faktı özü belə "soyqırım" məsələsinin həqiqəti əks etdirmədiyinin sübutudur. Belə ki, Birinci Dünya müharibəsində cəmi 10 milyon adam ölüb. Osmanlı imperiyasında isə ölənlərin sayı 2 milyon nəfərdir. Belə çıxır ki, üç qitədə höküm sürən Osmanlı imperiyasında ermənilərdən başqa ölən olmayıb? Əgər sürgün və müharibə ərəfəsində o ərazilərdə ölənlərin məzarları açılsa, araşdırmalar aparılsa, məlum olacaq ki, orada basdırılmış insanların böyük əksəriyyəti müsəlmanlardır hansı ki, vaxtı ilə Şərqi Anadoluda yaşamışlar. Məhz bu həqiqətlərin ortaya çıxmasından qorxan ermənilər bugünə qədər arxivlərin açılmasına müsbət yanaşmırlar".
Belə bir iddianın hansısa bir şəxs tərəfindən "soyqırımı" kimi səslənməsi hələ məsələnin sübut olunduğu anlamına gəlməz, deyən Ə.Haqverdiyev bildirib ki, əslində bu, türk hüquqşünasları və türk diplomatları üçün ciddi bir əsas təşkil etməlidir: "Onlar Co Baydenə qarşı ittham irəli sürərək öz iddiasının sübut olunmasını tələb edə bilərlər. Əlbəttə, sübut olunacaq bir həqiqət olmadığı üçün ABŞ kimi nəhəng bir dövlətin prezidenti qeyri-ciddi və məsuliyyətsiz davranışına görə üzr istəmək məcburiyyətində qala bilər. Bu məsələ əlbəttə, yalnız tarixi məsələ deyil. Heç tarixdə belə bir məsələ də olmamışdır. Məsələ siyasidir və "SOROSçuların" Ermənistanın yerlə bir olan nüfuzunu qaldırmağa hesablanıb. Diqqət etsəniz, bu açıqlamanın səhəri Nikol Paşinyan istefa verərək yenidən seçkilərə getmişdir. Bəli, biz istefanı gözləsək də onun zamanı seçilmiş və hesablanmışdır. Co Baydenin bu açıqlaması Ermənistanın müharibədən sonra yalnız nüfuzunu deyil, məhv olmuş ordusunu və dövlətçiliyini də xilas etməyə yönəlmiş addımdır".
Ə.Haqverdiyev xalqımızın dövlətçiliyimiz qədər qədim və müdrik olduğunu bildirdi: "Xalqımızın gözəl el misalları, atalar sözləri vardır. Deyərlər ki, dost, qardaş dar gündə bilinər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu açıqlamadan dərhal sonra qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla əlaqə saxlaması və açıq dəstəyini ifadə etməsi qardaşlığımızın tarixinə qızıl hərflərlə yazılacaqdır. Biz hər zaman bir millət, iki dövlət məhfumuna sadiq qalmışıq və bundan sonra da qalacağıq. Cənab Prezidentin bu qərarı tarixi səhv adlandırması həm Cənab Prezidentin qardaşlığımıza verdiyi dəyərin ifadəsi, həm də bir Şəxsiyyət kimi cəsarətinin təzahürüdür".
Bəs niyə əksər ABŞ prezidentləri bu addımı atmazkən Bayden belə bir addım atmağın dırnaqarası zərurətini hiss etmişdir? Bu suala cavab tapmaq üçün Türkiyənin yaxın tarixinə baxmaq kifayət edəcəkdir, deyən Ə.Haqverdiyev 15 iyul 2016-cı ildə Türkiyədə həyata keçirilməyə cəhd edilən çevirilişin arxasında "FETÖ" terror təşkilatının və ABŞ-ın dayanmasının sübuta yetirilməsi Türkiyə-ABŞ münasibətlərini gərkinləşdirdi: "Dünyanı idarə edən güclərin iradəsindən kənara çıxan Türkiyənin azad, müstəqil xarici siyasət yeritməsi qərb dövlətlərini, xüsusən də ABŞ-ı uzun zamandır narahat etməkdədir. Türkiyə NATO-nun ABŞ-dan sonra ən qüdrətli ordusuna malik dövlətdir və regionda onun iştirakı olmadan heç bir yenidənqurma və sülhü bərpa etmə prosesi həyata keçirilə bilməz. Amerika Birləşmiş Ştatları son beş ildir ki, dünyanın 1945-ci il qaydaları ilə idarə oluna bilməyəcəyini anlasa da hələ də buna israr etməkdədir. Türkiyə isə açıqca iştirak etdiyi bütün platformalarda dünyanın BMT-nin beş daimi üzvünün ağzından çıxan sözlərlə idarə oluna bilməyəcəyini dəfələrlə ifadə etmişdir. Türkiyənin "dünya beşdən böyükdür" tezisi əksər dünya dövlətləri tərəfindən də müdafiə olunmuşdur. Bu cəhdlərin hər biri ABŞ-ı narahat edən və Türkiyəyə qarşı daha da aqressivləşdirən hərəkətlər toplusudur. ABŞ-ın məşhur iqtisadi sankiyaları, hesablanmamış anti-terror əməliyyatları və yalançı demokratik təsisatların qurulması istiqamətində addımlar dünyada yalnız faciələrə, fəlakətlərə, aclığa və qeyri sabitliyə səbəb olmuşdur. Uzun illər ərzində ABŞ-a qarşı hər hansı bir gücün formalaşmadığı bir dünyada qüvvələr balansının təmin olunmaması nəticədə İraq, Suriya, Əfqanıstan kimi tarixi fəlakətlərin meydana çıxmasına səbəb olmuşdur".
Son illər Türkiyə və Rusiya arasında məhsuldar əməkdaşlığın meydana gəlməsi ABŞ-ın öncə Rusiyaya qarşı ağılasığmaz sanksiyaları, daha sonra da Türkiyəyə qarşı “soyqırım” iddialarını dilə gətirməyinə səbəb oldu, deyən Ə.Haqverdiyev bildirib ki, ABŞ bu sülh prosesində yaxından iştirak edə bilər və dünyanın inkişafında rol ala bilərdi: "Görünür, regionun 6 dövləti ilə birgə əməkdaşlıq münasibətlərinin qurulması geniş mənada qərbin maraqlarına uyğun gəlmir və yaxud bu ölkələrin öz talelərini özlərinin həll etməsi, müstəqil xarici siyasət yürütməsi bəzi qüvvələrin xoşuna gəlmir. Bu, isə artıq onların öz problemləridir. Vitse-prezidentliyi dövründə Co Bayden 4 dəfə Türkiyədə olmuşdur. Erməni lobbisinin dəstəyi ilə prezident seçilən Co Bayden dəfələrlə Türkiyə Prezidentinə qarşı əsassız və qərəzli iddialar irəli sürmüş, bir dəfə isə üzr istəmək məcburiyyətində qalaraq telefonla Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı arayıb üzr istəmişdir. Yuxarıda sadalanan, bildiyimiz və bilmədiyimiz onlarla faktlar əsas verir deyək ki, ABŞ-ın, xüsusən də Co Baydenin dünya siyasətində "mən də varam və mən də burdayam" demək naminə atdığı bu addım, səsləndirdiyi bu açıqlama qətiyyən ədalətli deyil və qərəzlidir. Strateji ortaq və NATO-da dünyanın təhlükəsizliyinə cababdeh olan bu iki nəhəng dövlətin ABŞ sayəsində irrasional xəttlə inkişaf edən münasibətlərinin perspektivlərinin gələcək taleyini zaman göstərəcəkdir. Lakin qərb, xüsusi ilə ABŞ rəsmiləri unutmamalıdırlar ki, Türkiyə regionda və dünyada sülhün və əməkdaşlığın qarantıdır. Ona qarşı atılmış hansısa bir addım isə sülhə və ədalətə xəyanətdir".
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB