Bayden “Herostrat şöhrəti”ni necə özünküləşdirdi? ANALİTİK+AKTUAL
Yaxud, Amerikasayağı “dəyərlər” rəzaləti!
Qədim dövrlərdə (B.e.ə. 356-cı ildə ) Efes şəhərində Herostratus (qədim yunancada Ἡρόστρατος) adlı bir zırlama Artemida məbədini yandırır və sonra etiraf edir ki, məbədi ona görə yandırıb ki, gələcək nəsillər onu heç olmasa bu hərəkətinə görə xatırlasın. Və məhz bundan sonra gündəmə "Herostrat şöhrəti" ifadəsi daxil olur- yəni özünün şöhrəti naminə utancverici bir əməl ataraq tarixə düşmək.
Görünür ABŞ-ın yeni prezidenti, ya yaşı ilə bağlı, ya da sağlamlığından narahat olaraq, ya da sadəcə eyforiyasına qapılaraq fikirləşib ki, hakimiyyətdə çox qala bilməyəcək və o səbəbdən də ona əsl “Herostrat şöhrəti” gətirəcək bir biabırçı addım atmaq gərəkdir. Bu baxımdan da, heç vaxt baş verməyən, heç bir tarixi və ya hüquqi əsası olmayan hadisəni rəsmən bəyan etdi. Əlbəttə ki, bu rəzalətə dair hələ çox fikirlər deyiləcəkdir və çox rəylər yazılacaqdır, amma bu gündən sonra Bayden hətta qərarını geri belə götürərsə, o sözügedən əməlinə görə hətta Herostratı belə kölgədə qoydu. Hətta belə desək, çox yəqin ki, artıq bu gündən etibarən tarixçilər bu məşhur ifadəni dəyişib edəcəklər “Bayden şöhrəti”. Yazıq Herostrat isə artıq gorunda çevrilir...
Beləliklə, saxta, heç bir halda qəbul oluna bilməyəcək hadisəyə “soyqırımı” adını verən Co Bayden həm də onu isbatladı ki, rəhbərlik etdiyi ölkəsi – ABŞ heç də humanizm və demokratik Amerika dəyərlərinə sadiq deyil, əksinə, dünyanı qütblərə ayıraraq, yalnız çoxstandartlı, ədalətsiz dəyərsizliklərə xidmət edir.
Əgər belə olmasa idi...
Əgər belə olmasa idi Bayden daha ağıllı qərar verməklə və gerçək ədalətə söykənərək, ta ötən əsrin əvvəllərindən erməni ultra-millətçilərinin – daşnak və hnçakçılarının Türk dünyasına qarşı başlatdıqları soyqırımı faktlarını genosid olaraq qiymətləndirə, bununla da ABŞ-ın həqiqətən də insani dəyərlərə üstünlük verdiyini sərgiləyə bilərdi. Amma etmədi! Çünki bunu etmək üçün sözün əsl mənasında ləyaqətə, mənəviyyata sahib olmaq lazımdır, yoxdursa, demək ki, bu qərar da özündə heç bir üstün dəyərləri əks etdirmir.
Əskinə, Bayden saxta “soyqırımını” tanımaqla bundan sonrakı Amerikasının etimadını bir qara quruşluq etdi, necə ki, ona qədər bir sıra ölkələrin saxta “soyqırımını” tanıdıqları kimi. Lakin bununla Türkiyəyə heç nə olmayacaq, olan məhz Amerikaya olacaq və bu birmənalıdır!
Türkiyə qırmızıdərili hinduların soyqırımını tanıyacaq!
Yeri gəlmişkən, vaxtilə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan xatırlatmışdı ki, bu gün Baydenin rəhbərlik etdiyi ölkə - Amerika kolonizasiyaya çevrilərkən qırmızıdərili hindulara qarşı amansız soyqırımı aktları həyata keirmişdi. Ərdoğan vurğulamışdı: “Qırmızıdərililərin tarixi Amerika tarixi üçün rəzalətdir. Bu məsələdə susmaq olmaz, bu barədə danışmaq lazımdır. Biz Qərbin irqçi və koloniyaçılıq tarixini aşaraq sübut edəcəyik”.
Türkiyənin Erməni ittifaqı fondları bu qərara qarşıdır!
O da əbəs deyil ki, hətta ermənilərin içində elə sağlam düşüncəyə malik insanlar var ki, onlar bu böyük yalana qarşı susmurlar, Türkiyəyə və Türk dünyasına qarşı sürülən saxta ittihamlara qarşı sözlərini deyirlər. Onlardan biri də Türkiyənin Erməni ittifaqı fondlarının sədri Bedros Şirinoğludur. O da zamanında – 2015-ci ildə ABŞ-ı və Avropa İttifaqını, həmçinin bir sıra ölkələri 1915-ci il hadisələrinə siyasi motivizə xarakterində yanaşdıqlarını bildirib.
Onun sözlərinə görə, Türkiyənin erməni icması bu kimi məsələləri dəstəkləmir və 100 il əvvəl iki xalq arasında olanları “soyqırımı” kimi təqdim edən ölkələrin bu məsələyə öz siyasi məqsədləri üçün müdaxilə etdikərini deyib.
Baydenin açıqlamasından sonra Bedros Şirinoğlu və sədri olduğu fond bu dəfə də həmin məsələyə qarşı etirazm etdikərini bəyan ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Baydenin açıqlamasını tarixi səhv adlandırıb
Baydenin əsassız iddianı dəstəkləməsi eyni zamanda regiondakı vəziyyətin gərniləşməsinə xidmət edir. Artıq bu məsələ ilə bağlı həm Türkiyənin, həm də Azərbaycanın rəsmi bəyanatları səslənib. Azərbaycan Prezidenti İlham Əliyev Baydenin açıqlamasını tarixi səhv adlandırıb və ölkəsinin daim, hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb. Habelə, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya Co Baydenin çıxışını pisləyən bəyanat yayıb.
Xarici İşlər Naziri Ceyhun Bayramov isə həmkarı Mövlud Çavuşoğlu ilə telefon bağlantısı qurub. XİN rəhbərimiz bəzi ölkə rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərinin qəbuledilməz olduğunu bildirib və ABŞ prezidentinin erməni anım günü ilə bağlı bəyanatının tarixi həqiqətin təhrifi olduğunu vurğulayıb.
Daha bir məsələ budur ki, bütün dünyada Xocalıya ədalət kampaniyaları keçirilir, 1992-ci ildə baş verən qanlı qətliamın soyqırımı kimi tanınması tələb olunur və həqiqəti dərk edən bir sıra ölkələr bu olayı soyqırımı olaraq tanıyıblar. Həmçinin, birinci Qarabağ müharibəsində erməni terrorçuları tərəfindən törədilən digər soyqırımı faktları da bütün sübut və dəlilləri ilə ortadaykən, nəyə görə Bayden bu həqiqətləri görməzdən gəlir? Bəllidir, çünki o yalan danışmağı, yalanları, uydurmaları “gerçək” kimi göstərməklə prezidentlik müddətini uzatmağı düşünür, amma unudur ki, o böyül səhvə yol verib və həmin səhvlərin nəticələrini bütün çılpaqlığı ilə dəyərsiz amerikasayağı demokratiyasının qarşısına qoya bilərik.
Bayden "genosid" sözünü işlətdi, amma...
O, bu vasitə ilə ermənilərə sözün əsl mənasında kələk gəldi. Yəni "vədimin üstündə dayandım" dedi. Amerika, yaxud digər ölkə prezidentlərinin şəxs olaraq bu ifadəni işlətmələri heç bir hüquqi şərt daşımır. Ancaq Bayden bu ifadəni işlətməklə Türkiyə kimi müttəfiqinin etimadını itirmiş oldu. Türkiyənin NATO çərçivəsində Amerikaya verdiyi dəstəyi əsaslı şəkildə azalacaq, hətta Ankara bu qurumu tərk edərək, Turan Birliyinin təsisi ideyasını sürətləndirəcək və nəticədə ABŞ-ın Yaxın Şərq siyasəti kökündən axsayacaq.
Digər tərəfdən, Türkiyə uzun illər ABŞ-ın strateji müttəfiqi olduğuna görə münasibətlərini pozduğu region ölkələri ilə siyasətinə yenidən baxacaq, düzəlişlər edəcək. Ankara regionda daha müstəqil hərbi-iqtisadi və diplomatik siyasət həyata keçirəcək. İncirlik, Kürəcik kimi hərbi bazalarının fəaliyyətinə əsaslı məhdudiyyətlər qoyulacaq - ta ki, bağlanması tələbinə qədər, özü də oradakı hərbi silah-sursatların, texnikaların, avadanlıqların saxlanılması şərti ilə!
Saxta soyqırımı iddialarının ifşa olunması məsələsində Ankaranın arxiv sənədlərini açmasına hüquqi şərait yaranacaq. Çünki günahsızlıq prezumpsiyasını tətbiq etmək ixtiyarına sahibdir. Bunun üçün isə beynəlxalq məhkəmənin (Haaqa) qərar verməsi mümkünlüyü görünür. Saxta soyqırımı iddiaları hüquq çərçivəsində saxtakarlı qismində sübuta yetirildikdə və beynəlxalq məhkəmə bununla bağlı qərar verərsə, "erməni genosidini" tanıyan ölkələr və parlamentlər Türkiyəyə mənəvi təzminat ödəməli olacaqlar.
Və ən əsası, Ermənistan bununla özünü əbədi olaraq regional təcridə saldı və bundan sonra ərazi iddialarını ortaya atanda daha sərt cavablar altında əziləcək. Yəni Ermənistan bu məsələdə uduzdu və zatən heç nə əldə edə bilmədi. Üstəlik, özü ilə bərabər, ona qahmar çıxan tərəfləri də çətin duruma doğru sürükləmiş oldu.
Ancaq xatırlatmaq yerinə düşərdi ki, bütün baş verənlərə rəğmən, Türkiyə prezidenti Ərdoğan regionda sülhün-sabitliyin qorunması, iqtisadi inkişafın əldə olunması naminə bir daha Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarı olduğunu bəyan etdi – baxın, Baydenin dəyərsiz bir açıqlamasından sonra! Budur gerçək humanizm və insanpərvərlik dəyərlərinə xidmət etmək. Yaxşı olardı ki, Co Bayden “Herostrat şöhrəti”ni özünküləşdirərək, bu dəfə Herostratdan da betər “şöhrətə” sahib olmaq iddiası yerinə, Ərdoğanın siyasətindən və bəşəri baxışından yararlanaraq əsl prezident kimi davrabardı. Amma davranmadı və bundan sonrakı uğursuzluqlarını da yalnız öz ayağına yazmalı olacaq...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB