Ərazilərin bərpası və inkişafı ümummilli məsələdir və bu planlı şəkildə aparılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 aprel 2021-ci il tarixdə Hacqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı bir neçə mühüm mesajlar verib. Bu mesajlardan biri işğaldan azad olunmuş ərazilərdə aparılan işlərlə əlaqədardır. Bildirilmişdir ki, ərazilərin bərpası və inkişafı ümummilli məsələdir və bu planlı şəkildə aparılır. Qeyd olunmuşdur ki, hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi gedir və bunun üçün bütün potensiallar səfərbər olunub. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi mina xəritələrini vermir, bundan imtina edir. Halbuki onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minatəmizləmə işləri sürətlə aparılması məqsədi ilə bütün zəruri tədbirlər həyata keşirilir.

Minalardan təmizlənmə prosesi ilə yanaşı əsas infrastruktur layihələrinin yerinə yetirilməsinə start veriib. Azad edilmiş ərazinin elektrik təchizatının bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. İnfrastrukturun əsas istiqamətlərindən biri olan yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu inşa edilir. Eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir.

Cənab Prezident qeyd etmişdir ki, bu işlərlə paralel olaraq, düşmən tərəfindən vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir. Bu işə xarici mütəxəssislər cəlb edilib. Bildirilmişdir ki, tələb olunan hüquqi sənədlər hazırlandıqdan sonar Ermənistanı beynəlxalq məhkəmələrə veriləcəkdir. Azərbaycanın təbii sərvətlərindən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmələr qarşısında cavab verəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Yaşayış məntəqələrinin bərpası ilə əlaqədar görülən işlərlə əlaqədar cənab Prezident bildirmişdir: “Bildiyiniz kimi, birinci pilot layihə Zəngilan rayonunda icra ediləcək - “Ağıllı kənd” layihəsi. Bu layihə üç kəndi – 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək və yəqin ki, yaxın gələcəkdə bu layihənin təməli də qoyulacaq. Zəngilanda olarkən mənə bu layihə ilə bağlı məruzə edildi və indi təməlqoyma mərasimi üçün hazırlıq işləri aparılır. Ümid edirəm ki, gələn il artıq bu ilk pilot layihə icra ediləcək və beləliklə, əvvəlcə keçmiş köçkünlərin birinci qrupu öz doğma torpaqlarına qayıdacaqlar”.

Kəndlərin bərpası ilə əlaqədar bildirilmişdir ki, bu işləri mərhələlərə bölünməlidir. İlk növbədə, mövcud infrastruktura yaxın olan kəndlərin bərpa olunması nəzərdə tutulmuşdur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib. Azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılması üçün bütün zəruri tədbirlər görüləcəkdir.

Hava limanlarının tikintisi ilə əlaqədar qeyd olunmuşdur ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək.

Qeyd olunanlar göstərir ki, işğaldan azad olunan ərazilərdə bərpa işlərinə bütün istiqamətlərdə başlanmış və işlər sürətlə davam edir. Müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verilmişdir. Çox böyük həcmli işlərin həyata keçerilməsi nəzərdə tutulur. İşğaldan azad olmuş ərazilərdə başlanmış bərpa işlərinin miqyası və sürəti göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işləri müasir tələblər səviyyəsində , mərhələli şəkildə həyata keçiriləcək və azad edilmiş rayonların sakinləri tezliklə öz doğma yurdlarına qayıda biləcəklər.

Rauf Əliyev,

Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə