“2011-ci ilin “Turizm ili” elan edilməsi turizm sektorunun inkişafında böyük uğura gətirib çıxaracaq”- DEBAT (SəsTV)

“2011-ci ilin “Turizm ili” elan edilməsi turizm sektorunun inkişafında böyük uğura gətirib çıxaracaq”- DEBAT (SəsTV)

Turizmə Dəstək Gənclər Koalisiyasının baş koordinatoru Ramiz Alıyev və Koalisiyanın üzvü Anar Sarıyevin SİA-ya müsahibəsi.


- 2011-ci ilin "Turizm ili" elan olunması Azərbaycanın turizm potensialının inkişaf etdirilməsi baxımından önəmi nədən ibarət ola bilər?

Ramiz Alıyev: - Ölkə başçısının 2011-ci ili "Turizm ili" elan etməsi ölkəmizin turizm sektorunun inkişafında böyük uğura gətirib çıxaracaq. Bu istər Azərbaycanın tanınması, istər inkişafı, istərsə də ölkə gənclərinin işlə təmin olunmasında mühüm rol oynayacaq. Ölkə başçısı İlham Əliyev çıxışında bildirmişdir ki, bir il ərzində ölkədə 5 ədəd 5 ulduzlu otel tikiləcək. Həmin otellər vasitəsilə xaricdən ölkəmizə turist şəklində gələnlər hərtərəfli rahatlıqla təmin olunacaqlar. Belə olan halda ölkəmizə gələn turistlər öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycanla bağlı müsbət fikirlər irəli sürəcəklər ki, bu da ölkəmizə turist axınını artırar, ölkəmizin turizm sektorunun inkişafında əhəmiyyətli rola oynaya bilər. Bundan əlavə burada əsas məsələlərdən biri yeni tikiləcək otellərdə ölkə gənclərimiz işlə təmin olunmasıdır ki, burada turizmlə yanaşı işsiz qalan gənclərin də işlə bağlı problemləri həll olunacaq.

Bundan əlavə ölkəmizə turist axını çoxlarsa, o zaman dövlət büdcəsinin gəlirləri artacaq, eyni zamanda turistlər Azərbaycanın tarixi mədəni abidələrini ziyarət etməklə ölkəmizlə yaxından tanış olmaqla Azərbaycanla bağlı yüksək fikirlərə yiyələnəcəklər. Bundan həvəslənən gənclər təşkilatları Turizmə Dəstək Gənclər Koalisiyasını yaratdılar. Koalisiya yarandıqda qarşımıza qoyduğumuz məqsədlərin bəzilərini yerinə yetirsək də hələ görmədiyimiz işlər də var. Onları bu il çərçivəsində həyata keçirmək üzrə iş aparırıq.

- Turizmə Dəstək Gənclər Koalisiyasının əsas məqsəd və fəaliyyəti nədən ibarətdir?

Anar Sarıyev: - Bizim koalisiya "Turizm ili" çərçivəsində yaranıb, daxili turizmimizin təbliğinə yönəlib. Təşkilatın qarşıda duran məqsədlərindən biri bütün gəncləri fəal əməkdaşlığa çağırmaq, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə daxili turizmimizi təbliğ etməkdir. Biz "Turizm ili" ilə bağlı bir sıra layihələr həyata keçirməyi nəzərdə tutmuşduq ki, onlardan bəziləri artıq həyata keçib.

Qarşıda duran layihələrdə biz jurnalistlərin iştirakı ilə turizm potensialı yüksək olan bölgələrimizə info-turlar təşkil edəcəyik. Bu turlar vasitəsilə daxili turizmimiz potensialı haqqında məlumatlar bir daha ictimaiyyətə çatdırılacaq. Bəzən ictimayətdə ölkəmizdə turizm potensialının zəif olması ilə bağlı fikirlər səslənir. Bu səbəbdən də biz daxili turizmin imkanlarını bir daha ictimaiyyətə çatdırmaq üçün layihələr həyata keçirmək niyyətindəyik. Bununla yanaşı biz gənclərimizin turizm sahəsində biliklərinin artırılması üçün konfranslar, treninqlər təşkil edirik.Bundan əlavə onların öyrəndiklərini tətbiq etmək üçün layihələr həyata keçirəcəyik ki, onlar turizm sahəsi ilə bağlı öyrəndiklərini həmin layihələr vasitəsilə tətbiq edə biləcəklər.

- Digər ölkələrin turizm sektoru ilə müqayisədə Azərbaycanda istirahət mərkəzlərində qiymətlər bir qədər bahadır. Bu problemin qarşısının alınması üçün Koalisiya tərəfindən hər hansı bir təkliflər varmı?

Ramiz Alıyev: - Bu kimi problemlərin aradan qaldırılması, ümumiyyətlə bu problemlərin nədən yaranması ilə bağlı cəmiyyətin məlumatlı olması üçün KİV nümayəndələrinin iştirakı ilə 3-5 iyun tarixlərində səfər təşkil edəcək bu problemlər yerindəcə maraqlanıb, turizm mərkəzlərinin qarşılaşdığı problemləri ictimaiyyətə çatdıracağıq. Bu problemləri aradan qaldırmaq üçün turizm məkanlarının sahibləri ilə bu mövzuda geniş söhbətlər aparacaq, onların həlli yollarını araşdırmağa çalışacağıq. Bu məqsədlə biz bir deyil bir necə turizm mərkəzlərinə səfər edəcəyik. Bundan əlavə biz konfrans təşkil etməyi planlaşdırırıq ki, həmin konfrans turizmdə problemlər və perspektivlər mövzusunu əhatə edəcək. İyul ayında baş tutacaq tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, turizm sahəsində çalışanlar və digərləri iştirak edəcəklər. Konfransda turizmlə bağlı bütün problemlər geniş şəkildə müzakirə olunacaq, hər kəs bununla bağlı öz fikir və təkliflərini bildirəcəklər.

Bizə bununla bağlı təkliflər daxil olmaqdadır. Bəzi turizm şirkətləri bizə göndərdikləri təkliflərdə təyyarə biletlərinin qiymətlərinin baha olduğu, gömrükdə malların keçirilməsi üçün əlavə xərclərin tələb olunduğu bildirilir. Biz də öz növbəmizdə bizə daxil olan təklifləri hazırlayıb məktub şəklində Nazirlər Kabinetinə, Milli Məclisə və müvafiq qurumlara göndərəcəyik.

- Azərbaycanın turizm potensialının xaricdə təbliğ olunması istiqamətində Koalisiya tərəfindən hansı işlər görülür?

Anar Sarıyev: - Bizim Koalisiyanın yaradılmasının əsas məqsədlərindən biri daxili turizmin təbliği olduğuna görə, biz də bu istiqamətdə işlərimizi davam edirik. Ümumiyyətlə, turizm ən gözəl təbliğat vasitəsidir. Turistlər ölkəmizə gəlməklə ölkə həqiqətləri haqqında məlumat əldə edir, ölkəmizlə yaxın tanış olur hərtərəfli məlumata malik olurlar. Biz də bu istiqamətdə Rusiya, Ukrayna, Türkiyə, Şimali Kipr də yaşayan, bu işlə məşğul olan gənclər və gənclər təşkilatları ilə həm təcrübə mübadiləsi aparır, həm də ki əməkdaşlıq edirik. Mən inanıram ki, ölkə gənclərimizin hər biri bu yolda fəaldırlar və biz ümid edirik ki, istər turizm sahəsində təhsil alan istərsə də digər sahələrdə təhsil alan gənclərimiz bu işdə bizə dəstək olacaq, bu il çərçivəsində Azərbaycanın dilbər guşələrinin təbliğ olunmasında bizə yaxından kömək edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə